Aqil ABBAS: Tərbiyəsizlik

Aqil ABBAS: Tərbiyəsizlik

İki gündür sosial  şəbəkələrdə  Xalq artisti Arif Quliyevin xəstəxanada çəkilmiş videosunu  paylaşıblar, sosial şəbəkələr partlayır.

Arif müəllim  işgəncə içində. Bir tibb bacısı dəsmalla yelləyir və deyir:

– Arif  müəllim, yenə yelləyim?

Ağıllı həkim də soruşur:

– Arif müəllim, özünü necə hiss edirsən?

Aktyor isə Əzrayılla  əlləşir.  Adama elə gəlir ki, tibb personalı Arif müəllimlə məzələnir.  Korsunuz, görmürsünüz ki, bu  işgəncə içindədi? Başqa bir tibb bacısı da bunu  videoya çəkir və sosial şəbəkədə paylaşır.

Özü də hadisə harda baş verir? Cəmi üç-dörd gün bundan  əvvəl baş həkimi  həbs olunmuş klinikada. Sonra da belə bir mənasız  açıqlama verirlər ki, videonu çəkən cəzalanıb. Bəs, kadrda  səsləri  eşidilən həkim  və tibb bacısı  haqqında nə tədbir görülüb? Onlara mükafat veriblər?

Nə isə…

Və sosial  şəbəkə  iştirakçıları da, müəyyən saytlar da reytinq xatirinə vurhavur bunu  paylaşırlar. Və fikirləşmirlər ki, söyüşü  söyənlə çatdıran yarı-yarıyadı.

Bu, birinci hal deyil. Başqa  klinikalarda da COVİD-19-dan yatan və Əzrayılla əlləşən xəstələrlə  bağlı da (xüsusilə məşhur insanlarla bağlı) belə   videolar və şəkillər paylaşılır. Məsələn, Bəhram Bağırzadə ilə bağlı da şəkillər   saytları  və sosial  şəbəkələri  bəzəyirdi. Çox şükür ki, Bəhram müəllim  qurtula bildi.

Hələ dostumuz Hacı Nuran klinikada yatanda  yanına bir eşşək də aparmışdılar. Videosunu, şəkillərini çəkib  vurhavur paylaşırdılar. Deyəsən, sonra eşşək də əsnəyib palatanı batırmışdı.

Eləcə  də Xalq artisti Rəmişin də ağır vəziyyətdə, can çəkdiyi bir zamanda şəkillərini, hətta  videosunu belə paylaşırdılar.

Belə misalları  çox çəkmək olar. Buna niyə  icazə verirlər? Karona  ilə mübarizə aparan klinikalara belə şəxslər  necə buraxılırlar?! Həkimlər öz həyatlarını  riskə qoyub bütün gücləri ilə COVİD-19-a tutulmuş xəstələri Əzrayılın  əlindən  almağa  çalışırlar və əksəriyyətində də həkimlər  qalib gəlir. Nə qədər həkim də bu xəstəliklə mübarizədə canından olub.  Amma yuxarıda qeyd olunan  həkim kimiləri bütün tibb personalının üzərinə   kölgə salır.

Sosial şəbəkələrdə bir bəla da var. Qəribə adamlar var ey, əzizləri  ölüb, Allah rəhmət eləsin, meyiti qucaqlayıb öpüb şəkil  çəkdirirlər. Xatirə  üçün çəkdir, ailən üçün çəkdir, nəslin üçün çəkdir, buna kim nə deyə bilər? Amma bunu əzizini urvatsız edərək sosial  şəbəkədə niyə adamların gözünə  soxursan?

Arif Quliyevlə  bağlı  videonu  çox ağrı-acı ilə izlədim, o işgəncəni  mən də yaşadım. Yəqin ki, kim  videonu  izləyibsə, o da mənim  keçirtdiyim  hissləri yaşayıb.

Onsuz da pandemiya hamını psixoz vəziyyətə  salıb. Bir tərəfdən də  belə videolar və belə  şəkillər insanlara çox ağır  təsir  göstərir. Gülməşəkərlər  deyə bilərlər ki, kimin xoşu  gəlmir, baxmasın. Elə deyil axı. Sən nəsə axtarırsan, bu şəkillər, bu videolar gözünə girir.

Əziz oxucular, bu yazının  davamı  olaraq bir məsələyə də toxunacam. Amma yaxın  nömrələrimizdə. Mən bir dəfə  93-cü ildə azıb gedib  çıxmışdım  ABŞ-a. Çox gözəl yol qeydlərim vardı. Fikirləşirdim ki, bir maraqlı  əsər yazacam, amma yaza bilmədim. Niyə?

Mirmehdi adlı bir əziz dostum  xərçəngdən Hyustonda yatırdı. Çox müsibətlə  axtarıb onu tapdım, hətta bu mənə bir az baha-başa gəldi, pul mənasında yox. Və elə ümumiyyətlə, baha-başa gəldi, mənəvi  cəhətcə.  Qayıdandan sonra bircə yazı yaza bildim: «Mirmehdi ilə Amerikada bir gün». Həmin yazını da  tapıb  çap edəcəm.  Və niyə yol qeydlərimi  yazmadım, bunu da  açıqlayacam.

Yeri gəlmişkən, çox çətinliklə Mirmehdini mənə tapan Az.TV-nin əməkdaşı  Sakit müəllimə (gərək ki, familiyası  Məmmədov olsun) bir  təşəkkür  borcum var.

Tanrı qoysa, sağ qalsaq, çox yaxın günlərdə oxuyacaqsınız və bu “Tərbiyəsizlik”lə bağlı  yazıya da aydınlıq gətirəcəm.

Və onda  billəcəksiniz ki, mən niyə Rəmiş xəstə olarkən yanına getmədim  və  yalnız telefonla danışdım.

Share: