ARAİK VƏ DƏSTƏSİ ŞUŞA HƏNDƏVƏRİNDƏ… – Qarabagda nə baş verir? + FOTOLAR

ARAİK VƏ DƏSTƏSİ ŞUŞA HƏNDƏVƏRİNDƏ… – Qarabagda nə baş verir? + FOTOLAR

İlham İsmayıl: “Rusiya qarşısında konkret vaxt qoymaq lazımdır”

Mayın 18-də Qarabağdakı seperatçı erməni qalıqlarının başçısı Araik Arutyunyan “dqr” “müdafiə nazirliyini” ziyarət edib və orada yüksək komandan heyəti ilə görüş keçirib.

Müstəqil.Az musavat.com-a istinadən xəbər verir ki, görüşdən yayılan fotoda görünən ermənilər hərbçi formasındadır və Qarabağdakı qeyri-qanuni “erməni qoşunlarının” rəhbərləridir. Bu, təkcə 10 noyabr bəyanatının məşhur 4-cü bəndinin aşkar pozulması deyil, Qarabağda Azərbaycan hakimiyyətinə qarşı qanunsuz silahlı dəstənin hələ də varlığının təsdiqidir.
Erməni mediası yazır ki, A.Arutyunyan toplantıda “ordunun inkişafı, ölkənin müdafiə qabiliyyəti, həmçinin ordunun sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələləri müzakirə edib, Türkiyə-Azərbaycan təcavüzündən bacardıqları qədər müdafiə etdiklərinə görə” hərbçilərə minnətdarlığını bildirib.
Arutyunyan çıxışında deyib ki, “sülh gündəliyi ilə çıxış edirik, lakin bunun üçün təhlükəsizlik zəmanətləri lazımdır. Buna görə müdafiə ordusu, peşəkar ordu yaradılacaq”.

Qeyri-qanuni rejimin başçısı vəd edib ki, 2023-cü ilə qədər Ermənistanın iştirakı ilə “orduda” xidmət edəcək zabitlər və hərbi təqaüdçülərin mənzil problemi həllini tapacaq.
Göründüyü kimi, Azərbaycan hakimiyyətinə qarşı “özünümüdafiə ordusu” yaradılması ermənilərin əsas gündəmidir.
Bu toplantıdan iki gün əvvəl isə Arutyunyan və “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Şuşa ətrafında görünüblər. Onlar Şuşanın Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Sarıbaba kəndlərinə və Turşsu qəsəbəsinə baş çəkiblər. Məlumat üçün yazaq ki, hazırda 36 kənd (Göytala, Xanalı, Həsənabad, İmamqulular, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şüşülü, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqulular, Həsənqulular, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər), eləcə də Turşsu qəsəbəsi işğalda və Rusiya sülhməramlılarının nəzarətindədir.

Yayılan xəbərdə qeyd olunur ki, Araik Arutyunyan sakinlərlə görüşüb, məskunlaşma məsələlərini müzakirə edib. Laçın yolunun üstündəki bu ərazilərdə əhalinin sayını qaçqınların hesabına artırmaq nəzərdə tutulur. Hayastan Ümumerməni Fondunun fəal köməyi ilə gənc ailələrə ermənilərin dəstəyi planlaşdırılır. Erməni separatçıları “artsaxın” ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərin hərbi sahədə deyil, siyasi səmtdə olacağını vurğulayıblar.
Yəni,Qarabağda separatçı rejim yenidən fəallaşıb.
Şuşa ətrafındakı kəndlərdə məskunlaşmaq nə deməkdir? 10 noyabr sazişinə görə yaxın 3 ildə Xankəndindən Ermənistana alternativ yol çəkilməlidir və Laçın yolu Azərbaycanın tam nəzarətinə verilməlidir. Ermənilər isə bunu sanki bilmirlər, indidən o kəndləri məskunlaşdırmaq niyyətlərini ortaya qoyublar. Adı çəkilən kəndlərin böyük əksəriyyəti isə təkcə Laçın yolunun deyil, həm də Şuşanın təhlükəsizliyinin qarantıdırlar. Azərbaycan kəndlərində hansı məskunlaşmadan söhbət gedə bilər ki? Bu qanunsuz məskunlaşma sabah bizə daha ciddi problemlər yaratmaq üçün düşünülüb.

Azərbaycan, separatçıların bu hərəkətlərinə hansı reaksiya verməlidir? 10 noyabr bəyanatının tam icra olunması üçün hansı addımlar atılmalıdır?
Təhlükəszilik məsələləri üzrə ekspert İlham İsmayıl “AzPolitika.info”-ya şərhində bildirib ki, müharibədən sonra baş verənlərin, xüsusilə son sərhəd hadisələrinin birbaşa və dolayısı yolla Qarabağ məsələsinə təsiri olduğunu görürük.
Onun sözlərinə görə, bundan sonra nələr olacağını və bizim maraqlara cavab verib-verməyəcəyini dəqiq söyləmək çətindir: “Amma nəzarət etmədiyimiz ərazilərlə bağlı siyasətimizi fəal fazaya keçirmək zamanı yetişib. Danışıqlara başlamaq, 10 noyabr bəyanatından irəli gələn maddələrin həyata keçirilməsini sürətləndirmək istiqamətində Rusiya qarşısında konkret vaxt qoymaq lazımdır. Statusla bağlı konkret mövqe qoyulduğu kimi, qaçqınlarımızın Xankəndi və ətrafına geri dönməsini, erməni silahlı birləşmələrinin isə tamamilə Azərbaycan torpaqlarından çıxarılmasını da yüksək səviyyədə bildirib, tezliklə yerli idarəetmənin Xankəndi və ətrafında reallaşacağı mesajını da maraqlı tərəflərin nəzərinə çatdırmaq lazımdır. O zaman dünyada baş verən hadisələrin bizim hələ ki, bitməyən məsələyə təsiri də xüsusi önəm daşımayacaq. Dəyirman, yəni biz, Xankəndinə nəzarət üçün bildiyimizi edək, çax-çax, yəni düşmən, başını ağrıtsın”.

Ekspert vurğulayıb ki, müharibədən sonra qeyri-müəyyən əhval ruhiyyədə olan Qarabağdakı ermənilərin əksər hissəsinin oranı tərk etməsinin qarşısı alınıb: “Separatçı rejimin rəhbərləri məhz Şuşa rayonunun işğalda olan kəndlərini gəziblər, orada yaşayan erməniləri ürəkləndiriblər, tezliklə sosial-iqtisadi problemlərin həll ediləcəyini, kəndlərarası yolların asfaltlanacağını bildiriblər. Qırmızı Bazara gedib orada tikilən beşmərtəbəli binanın tezliklə istifadəyə veriləcəyini, 180 mənzilli daha yeni bir binanın inşa ediləcəyi xəbərini də çatdırıblar”.
İ.İsmayıl separatçı rejimin Hadrut qaçqınlarını Xocalıya yerləşdirməklə bağlı planları olduğunu da açıqladığını bildirib. Bütün bunların və separatçı rejimin buna bənzər hərəkətlərinin təbliğat xarakterli olduğunu vurulayan ekspert qeyd edir ki, rəsmi Bakı həmin yerlər üçün real fəaliyyət planına malik olmalıdır.
10 noyabr razılaşmasındakı qaçqınların geri qaytarılması ilə bağlı bəndi xatırladan İ.İsmayıl Azərbaycanın onun yerinə yetirilməsi istiqamətində addımlar atmalı olduğunu vurğulayır.

Share: