ARAZ ŞƏHRİLİNİN KİTABI – Zaur Ustac yazır

ARAZ ŞƏHRİLİNİN KİTABI – Zaur Ustac yazır

BELƏ BİR KİTAB VAR – ARAZ ŞƏHRİLİNİN KİTABI

(Sizin stolüstü kitabınız – vacib kitab)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər  olsun böyük Allahın ədalət və mərhəmətinə ki, daha bir səbəblə bizlər üçün görüşmək imkanı tanıdı. Bu şükrü-sənadan sonra ustad Bəhmənyara və Mahmud Kaşğariyə  də uca Allahdan rəhmət diləməyi özümə borc bildim. Ruhları şad olsun. İndi, istədiyi bəndəsinə bağlı qapıları taybatay açan rəhimli Allahın könüllərimizi aydınladan doxsan doqquz  adı ilə keçək mətləbə.

Yurdumuzun dahi oğlu ustad Bəhmənyarı söhbətimizin girişində rəhmətlə anmağımız səbəbsiz deyil. Bu adın söhbətimizə dolayısı ilə dəxli var, yəni açar söz rolunu oynayır. Bir növ əsas səbəbkarlardan biridir. Hələ orta məktəb şagirdi olarkən bu adı duymuş, bəzi məqamlar məndə həyrət doğurmuşdur. Artıq 1996 – cı ildə Bəhmənyar haqqında fikirlərim tam təşəkkül tapmış, dünyanın  və onun kiçik bir zərrrəsi olan bizim həyatımızın əslində müəyyən qanunauyğunluqlar əsasında baş verən daimi təkrarlardan ibarət olduğunu anlamışam. Burada onu da əlavə etmək istəyirəm ki, bu dairəvi hərəkətə başlanğıcda istiqaməti özümüz və ya əcdadlarımız necə verirsə o cür də davam edir. Sonra bu hərəkətə müdaxilə edib, istiqaməti dəyişmək hardasa qeyri-mümkün kimi görünür. O ki qaldı,  “Divanü Lüğat-it-Türk”ün  (ديوان لغات الترك – ”Türk dilləri lüğəti” – türk dünyasının ilk ensiklopedik əsəri  –  XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir) müəllifi Mahmud Kaşğarini anmağımıza, onun söhbətə birbaşa dəxli var. Bu barədə sonra.

Yuxarıda təkrarlar məsələsinə əbəs yerə toxunmadım. İlk dəfəAraz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən ifadəsinə bax elə bu “TARİX TƏKRARLANIR” sayəsində “Fədai” qəzetində rast gəldim. Sonralar yenə ara-sıra müəyyən mübahisəli suallar  yarandıqda  düzgün və ya həqiqətə daha yaxın hesab etdiyim cavabları tapdığım məqalələrdə adətən  mənbə kimi Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən qeydi nəzər-diqqətimi cəlb etmişdi…

Əski əlifbanı orta məktəbin son siniflərində o vaxtlar mövcud olan Elçin müəllimin sədrlik etdiyi (məhz bu səbəbdən Elçin müəllimi müxtəlif təhsil müəssisələrində mənə dərs vermiş, nəsə bircə yeni kəlmə, anlayış öyrətmiş müəllimlərimdən ayırmıram. Onlardan biri, bəlkə də birincisi hesab edirəm – bu qərarda bir balaca “Ağ dəvə”nin də rolu var.) “Vətən” Cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetindən müstəqil şəkildə öyrənmişəm. Və gözümü açıb, dünyanı dərk edəndən babamın (ana babam Molla Mürşüd) namaz qıldığını, Quran oxuduğunu görmüşəm, eşitmişəm. Həftənin Cümə axşamı günləri (bu günə “Adına günü” deyirdilər) adətən aramsız olaraq, təkrar-təkrar “Yasin” surəsi oxuyardı. “Yaasiiiin” kəlməsindən sonra  “Vəl Quranil – həkim…” gəlməsinə rəğmən babam və sonralar diqqət etdiyimdə gördüm ki, digər mollalar da arada əzbərdən “Səlləllahu əleyhi və alihi və səlləm” deyirlər. Halbuki, kitabda yazılı şəkildə belə bir şey yoxdur. Nə qədər kəndimizin hüdudlarından kənara çıxmamışdım elə bilirdim dünyada bütün müsəlmanlar da elə bizim kimidir. Bir din, bir kitab, bir iman var. Hamı da hər şeyi bizim kimi edir. Fəqət belə deyilmiş… Sonralar rastlaşdığım bir çox qəribə, mübahisə obyekti olan suallardan biri də maraqlısı odur ki, məhz bu yuxarıda “Yasin” surəsinin oxunuşu zamanı yaranan məqam olurdu. Bu suala tutarlı cavab kimi bir dəfə Türk kanallarının birində Türk din alimindən televiziya vasitəsi ilə eşitdiyim cavabı yadımda qalan – eşitdiyim kimi, Sizlərə təqdim edirəm. Alim dedi ki, Həzrəti Peyğəmbərimizin adı  Mühəmməd və Ali-Mühəmməd çəkiləndə “səlləllahu əleyhi və alihi və səlləm” deyirik, eləcə də “Yasin” kəlməsi deyəndə və ya eşidəndə “səlləllahu əleyhi və alihi və səlləm” deməliyik. Çünki, “Yasin” Peyğəmbərimizin ləqəblərindən, ayamalarından biridir. Ancaq, bu şifahi məlumat idi eşitdim, getdi. Və hətta bu kəlməni deyən alimin kimliyi də bu gün mənə məlum deyil. Odur ki, Siz də rahatlıqla bəlkə heç belə bir şey olmayıb deyə bilərsiniz və buna Sizin haqqınız var. Bütün bunlara baxmayaraq, bu eşitdiyim məlumat məni xeyli sakitləşdirmişdi. Artıq özüm üçün bir istinad nöqtəsi tapmışdım. Və nəhayət bu suala cavab olacaq yazılı mənbə ilə rastlaşdım. Necə düşünürsünüz?  Bu mənbə hansı ola bilər? Doğru tapmısınız! Əlbəttə, bir çox  qaranlıq mətləblərin aydınlığa qovuşduğu Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri – KİTABI”. Məlumatı kitabda olduğu kimi Sizlərə təqdim edirəm: Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”- dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və  “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2 – 4- cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı, Bakı – 2019, səh. 140 – 141. Bu hadisədən sonra kitabı əldə etmək barədə düşünməyə başladım. Artıq, olduqca müxtəlif sahələri əhatə edən belə bir zəngin ensiklopedik kitabın daim yazı masamın üstündə,  əlimin altında olmasını istəyirdim. İnternetdə “Google” dostumun köməkliyi ilə kiçik bir araşdırma apardıqdan sonra məlum oldu ki, şəhərimizin demək olar ki, əksər kitab dükanlarında Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı satışda var. Mənə ən yaxın olan “Libraff” kitab mağazasının birini seçdim. Münasib qiymətə olan kitabdan iki ədəd aldım. Birini özümə, birini də yaxın günlərdə ad günü olacaq dostuma. Əsl dosta layiq hədiyyədir bu kitab. Xüsusi kitabdır.

QISA ARAYIŞ

Araz Şəhrili (Abbasov) 1974 – cü ildə bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonundandır. Atası tanınmış jurnalist Ələkbər (Abbasov – Əməkdar jurnalist) Şəhrilidir. Araz müəllim hal-hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda və əsasən də ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan olduqca müxtəlif əsas kütləvi elektron informasiya vasitələrində – saytlarda müntəzəm olaraq çıxış edir. Odur ki, Sizi maraqlandıran istənilən mövzuda sualın cavabı ilə tanış olduqdan sonra yekunda Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən”  formasında qeydə rast gəldikdə təəccüblənməyin. Müəllif adı çəkilən kitaba görə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatına layiq görülüb.

Kitabdan bu qəbildən  digər yazılar üçün xarakterik olan çoxlu misallar gətirib yazını uzatmaq istəmirəm. Bu işi “Google” dostumun köməyinə arxalanaraq Sizin özünüzə həvalə edirəm. Çünki, yuxarıda öz başıma gələn və  kitabla tanış olmağıma vəsilə olan misalı çıxmaq şərti ilə, əgər hansısa bir sahəyə aid kitabdan misal gətirsəm, digər sahə ilə maraqlananları yanıltmış olaram. Bunu etmək istəmirəm. Siz sadəcə internetdə müxtəlif axtarış sistemlərində məsələn “Google”də  Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri yazıb axtarış verin. Əmin edirəm ki, nəticədən məmnun qalacaqsınız.

Sonda bir daha onu qeyd etmək istəyirəm ki, bu kitabı hər açanda Bəhmənyara, bağlayanda isə Mahmud Kaşğariyə rəhmət oxuyuram.  

Sözün əsl mənasında Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…”  adlı 352 səhifəlik bu kitabı bir neçə cilddən ibarət olan,  qalın-qalın ensiklopediyaları əvəz etmək iqtidarında olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, olduqca müxtəlif ayrı-ayrı elm sahələrinin mütəxəssisləri, tələbələr, aspirantlar, doktorantlar, araşdırmaçı yazarlar tərəfindən etibarlı və mötəbər mənbə kimi də istifadə oluna bilər. Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı müasirimiz tərəfindən dövrümüzdə yazılan Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk”ünə bərabər bir kitabdır.

Sonda daha bir qeyd edib, söhbətimi yekunlaşdırmaq istəyirəm. Deməli, mən necə ki, hər bu kitabı oxuyanda yuxarıda adlarını qeyd etdiyim şəxsləri rəhmətlə anıram, eyni ilə mənim tövsiyəmlə bu kitabla – əvəzsiz nemətlə tanış olanlar hər dəfə nəsə maraqlı bir məlumat öyrənəndə mənə ya zənglə, ya da sms-lə təşəkkürlərini bildirirlər.

Araz Şəhrili nə xoşbəxt müəllifdir ki, bu qədər xeyir işlərə vəsilə olur. Öz adımdan və digər çoxsaylı oxucular adından Araz müəllimə təşəkkürlərimizi bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!

10.04.2021 – Bakı.

Müəllif: Zaur Ustac,

şair-publisist.

 

Müstəqil.Az

Share: