Müstəqil.Az yazıçı Şərif Ağayarınyeni yazdığı “Arıların səssizliyi” hekayəsini təqdim edir.
Hekayə
Qəsəbənin altındakı Şor kanalın dikdirində oturan kişi dizlərini qucaqlayıb uzaqlara baxırdı. Düz yeddinci gün idi hər səhər ora gəlirdi və hava ağardıqca bozumtul torpağın fonundan asta-asta seçilməyə başlayırdı. Adam heykəl kimi donub qalmışdı. Hərəkət eləmir, səs çıxarmır, beləcə lal-dinməz dayanırdı.
Hərdən keçmiş həmkəndlilərimlə rastlaşsam da, qaçqınlar üçün yenicə salınmış bu qəsəbə mənə yad gəlirdi. Heç cür alışa bilmirdim. Şor kanalın dikdirində gördüyüm müəmmalı qaraltıdan isə əməlli-başlı vahimələnirdim.
Hər gün beləcə saatlarla oturan bu adamın duruşunda ağır bir hüzn vardı. Kim idi görəsən? Orda niyə otururdu? Dəli bir istək içimdən məni ona sarı çəkirdi. Lakin getmirdim. Gedə bilmirdim. Gedib nə edəcəkdim? Onsuz da bir azdan hər şey təkrar olacaqdı; aşağı məhəllədən başı yaylıqlı bir qadın çıxıb səs-küy sala-sala dikdirə yanaşacaq, kişi onu görüncə dinməz-söyləməz qabağına düşüb evə gələcəkdi. Gördüyüm bu anlaşılmaz hadisəyə öyrəşsəm də içimdəki maraq qarışıq vahimə sovuşub getmirdi.
Həyətə çıxdım. Hava hələ tam ağarmamışdı. Dikridəki adama uzun-uzun baxdım. Onun yorğun dizləri və ümidsiz çiyinləri içimi mərhəmət hissiylə doldurdu. Yanına getmək qərarına gəldim. Şor kanala tərəf təzəcə çıxmışdım ki, başı yaylıqlı qadın göründü. Bu dəfə bir az tez gəlirdi. Evlərdən on beş-iyirmi addım aralanan kimi qıyya çəkdi:
“Dədəəəə!!!”
Nazik, gur, həyəcanlı səs qəsəbənin mürgü vuran göylərini diksindirdi. Heykəl adam bu səslə cana gəldi, başı bədənindən yavaş-yavaş çıxdı, boynu uzandı, səsə çevrilib yerindən qalxdı. Mən ayaq saxladım. Qadın gəlib lap yaxınlığımdan keçəndə, deyəsən, onu tanıdım. Şəkurə idi. Kəndçimiz Mədət kişinin qızı. Çox dəyişmişdi. Qocalmışdı. Üzünü qara ləkələr basmış, qaşı, gözü, ağzı əyilmiş, Şəkurə simalı yad bir varlığa dönmüşdü. O qədər dəyişmişdi ki, salam verib hal-xoş eləməyə çəkindim. Dikdirdən qadına tərəf gələn qaraltını da Mədət kişiyə oxşada bilmədim. İxtiyarsız səmtimi dəyişib qəsəbənin ortalarına doğru addımladım.
Mədət kişini axırıncı dəfə on beş il əvvəl qəsəbənin mərkəzindəki çayxanada görmüşdüm. Onda bu evlərdən əsər-əlamət yox idi. Şəhərə gedən asfaltın yaxınlığında kiçik yanacaqdoldurma məntəqəsi, maşın təmiri sexi, bir çayxana, ətrafda beş-on fin evi vardı. Çayxananı qarğı-qamışdan düzəldib içini-çölünü saman-palçıqla suvamışdılar. Dörd tərəfdən geniş dəhlizlə əhatələnmiş bu xudmani yer mənə peyğəmbərin Mədinədəki məscidini xatırladırdı. Aranın dözülməz istisindən qaçan dağ adamları bu kölgəliyə girən kimi toxtayırdılar. Çayçı rəhmdil adam idi, çay içməyən adamların da kölgəlikdə oturmasına icazə verirdi. Xüsusən qocaların, qadınların və uşaqların…
Arada çayxanaya mən də gedirdim və çox zaman tanışlarla, qohumlarla rastlaşırdım. Bura həm də kəndimizdən qaçqın düşüb aşağı düzəngahlara səpələnən insanların vədə yeri idi. Pay-püş, əmanət əşyalar, məktub, hətta pul qoyanlar olurdu.
Axırıncı dəfə gedəndə polislə söhbət edən kepkalını uzaqdan tanıdım. Mədət kişiydi. Atamın yaxın dostu, qaçqın obasındakı qonşumuz, arıçı Mədət… Üç nəfər çayxananın dəhlizində oturub çay içirdi. Polis geyimindəki qarayanız, bığlını tanımadım. İcra nümayəndəsi ilə oturduğu üçün kəndimizin yeni sahə müvəkkili olduğunu təxmin etdim. Yaxınlaşıb görüşmədim. Hökumət adamlarından başqa heç kim Mədət kişiylə salamlaşmırdı. Çünki onun subay qızı yeznəsindən hamilə qalmış, işin üstü açılanda hər ikisi obadan qovulmuşdu. Mədət kişi hökumətin əliylə yeznəsini tapıb gətirməyə, azyaşlı uşaqların dolanışığı üçün ondan aliment qoparmağa çalışırdı. Buna görə adamlar onu addımbaşı alçaldır, ələ salıb gülür, dalınca danışırdılar.
İcra nümayəndəsinə başımla salam verib keçdim, arxadakı stolların birində oturub Mədət kişinin kirli kepkasına, çiyinləri sallanmış köhnə pencəyinə baxa-baxa söhbətlərini dinləməyə çalışdım. O, ağzını dadızdıra-dadızdıra özünəməxsus şirin ləhcədə nəsə danışır, arada şaqqanaq çəkib gülürdü.
İcra nümayəndəsi bic-bic qımışdı və sahə müvəkkilinə göz vurub dedi:
“Mədət kişi, yeznəni evdən necə qovdun, o əhvalatı danış, qoy polis qardaşımız eşitsin!”
Ovurdları batmış, gözləri bərələ qalmış, alnı və yanaqları qırışmış Mədət kişi yenə güldü, dişsiz ağzı qaranlıq və sirli mağaraya bənzədi. Ətim ürpəşdi. Əhvalatı danışmağa başlayanda dözməyib ayağa qalxdım.
Mədət kişinin indi xaraba qalan kəndimizin ətəyindəki çayın düzənliyə çıxıb qıjıltısını içinə çəkdiyi və azca irəlidə o biri dərədən axan çaya qovuşduğu yerdə – Çayqovuşanda geniş məhəlləsi, bağı, barxanası vardı. Arı da saxlayırdı. İmkan düşən kimi kəndin üstündəki dağın başına qalxır, durbinlə Mədət kişinin cənnəti xatırladan həyətini vərəvürd eləyirdim. Ağ, yaşıl, göy, qırmızı, sarı, çəhrayı arı yeşiklərini sayırdım. Üç sıra düzülmüş yeşiklər uzaqdan planlı salınmış qəsəbəyə bənzəyirdi. Durbinsiz baxanda al-əlvan yaylıq kimi rəngləri qarışır, geniş bağın ortasındakı yaşıl açıqlıqda sirli naxışa bənzəyirdi. Dəqiq xatırlayırdım, 117 yeşik vardı. Yeşiklərin on-on beşində arı yox idi. Onları beçə verib ayrılan arılardan ötrü ehtiyat hazırlamışdılar.
Arıların beçə verməsi ayrı aləm idi. Əvvəlcə çayın kənarındakı söyüdlərə qonur, yumaq kimi toplaşırdılar. Onda arıların səsi bir-birinə qarışıb həzin, hüznlü nəğməyə oxşayırdı. Mədət kişi palıd ağacının qabığından düzəltdiyi qovuğu götürür, içini şirələyir, arılar yığışan budağı kəsib ehmalca qovuğun içinə qoyurdu. Beləliklə, arı yumağı şirələnmiş qovuqda həbs olunurdu. Arıları qovuqdan köçürəndə canlı yeşiklərin biri də artırdı. Beçə vaxtı sərvaxtlığı əldən versən, arılar qonduğu ağacdan havalanıb kəndin quzeyindəki meşəliyə uçardı, ömür-billah tapa bilməzdin.
Mədət kişi arılardan danışanda adam heyran qalırdı. Qəribə ləhcəsi vardı. Elə bil dili ağzına sığışmırdı. Dişləri yox idi deyə danışanda ağzı sulanır, nəfəsini tez-tez içəri çəkirdi. Sözlərin ən mənasızını da ürəkdən söyləyirdi.
İri, zəhmətkeş əlləri vardı. Boyu uca, kürəkləri enli idi. Ağzı-burnu yekə, qulaqları ətli və tüklü, baxışları zəhmli olsa da mülayim adamdı. Güləndə mırıq ağzından utanır, əlini qahmar tuturdu. Atam bizim arılara baxmaq üçün onu tez-tez evimizə çağırırdı. Hər dəfə günortaya xoruz kəsir, süfrəyə yarım litrlik yaşıl şüşəli “Vodka” qoyurdu. Mədət kişi içəndə daha şirin olurdu, mırıq ağzıyla gülməkdən utanmırdı. Dişləri yoxudu deyə, güləndə sifətinə körpə məsumluğu qonurdu. Görüşəndə alnıma tökülən tellərimdən öpürdü. Deyirdi, uşağın üzündən öpməzlər, mikrob-zad keçər.
Bir gün Mədət kişi bizə gələndə qucağında arı yeşiyi vardı. Yüyürüb görüşdüm onunla. Əyin-başından ölmüş arı qoxusu gəlirdi. Elə bilirdim, qulağımı söykəsəm bədənindən arıların dızıltısını eşidərəm. Ona toxunanda çəkinirdim; qolundan, yaxasından, pencəyinin atından arı çıxar, məni sancar deyə.
Ağzının suyunu içinə çəkdi:
“Atan hardadı?”
“Burdayam” – atam əllərinin tozunu çırpa-çırpa pilləkənin altından çıxdı – “Bu nədir, ay Mədət?” – maraqla soruşdu.
“Arı!” Balama əmisi “padarka” eləyir.” – mənə baxıb burnunu qırışdıraraq güldü – “Görürəm, arıya həvəsi çoxdu.”
O boyda yeşiyi balaca bir qutu kimi qucağına alan pəhləvan cüssəli kişini çayxananın dəhlizində sərsəmcə danışan qocayla müqayisə edəndə burnumun ucundan indiyədək hiss etmədiyim incə bir gizilti keçdi.
Qaçqınlığın ən ağır günlərini bir yerdə yaşadıq. Bu ağır günlərdə Mədət kişi həmişə atamın yanında oldu. Su axtaranda da, dam tikəndə də, babam öləndə də, qardaşımı ilan çalanda da, inəyimizi oğrular aparanda da… Babamın dəfnində qəbir qazmağa Mədət kişi ilə məni yolladılar. O, qəbri elə gözəl hazırladı ki, içinə girib uzanmaq istədim.
Sonra nələr oldu? Sonra olanlar qaçqınlıqdan da ağır gəldi mənə. Mədət kişinin qızı öz bacısı Şəkurənin ərindən hamilə qaldı. Ağsaqqallar toplaşıb qərara gəldilər ki, yeznə hamilə elədiyi baldızı götürüb obadan getsin. Guya elə əvvəldən dilbir imişlər! Bəziləri danışırdı ki, yeznə gecə içkili gəlib, darısqallıqda, basırıqda arvadı ilə baldızını səhv salıb, o binəva isə utandığından dinməyib. Şəkurə baltanı götürüb ərinin üstünə cumdu, camaat onu güclə tutub saxladı. Qadın ağzı köpüklənə-köpüklənə danışdı, danışdı, axırda huşunu itirib yıxıldı. Uşaqları palçıq daxmanın küncünə qısılıb çığırışdılar.
Şəkurə o gündən qaradinməz oldu, heç kimlə danışmadı, yalnız hərdən öz-özünə danışdığını eşidirdik.
Obanın yarıdan çoxu Mədət kişiyə qəzəbliydi. Deyirdilər, buralardan çıxıb getsin! Bir misqal namusumuz vardı, onu da o ayaqaltı elədi.
Ən çətin günündə hamı atdı Mədət kişini. Atam da ona həyan olmadı, görəndə üzünü yana çevirdi. Mədət kişi də küsdü hamıdan, heç kimi dindirib-danışdırmadı. Obada vahiməli xəyal kimi dolaşmağa başladı. Bir yandan qaçqınlıq, bir yandan səfalət, bir yandan qocalıq, o bir yandan da üzləşdiyi biabırçılıq onu gözəgörünməz bir quyunun dibinə yuvarlamışdı.
Camaatın məzəmmətindən çəkindiyim üçün mən də Mədət kişidən uzaq dolanır, üz-üzə gələndə yolumu dəyişir, salam verəndə almırdım.
Həftə sonu yardıma un paylanan gün növbədə bir nəfərlə mübahisəsi düşdü. Adamın qohum-əqrəbası çox idi, başladılar Mədət kişini məsxərəyə qoymağa:
“Evində də belə qeyrət göstərsəydin o qurumsaq qızının üstünə sürünməzdi! Hahaha!”
Bir dəstə adam şaqqanaq çəkib güldü. Heç kim onlara heç nə demədi. Mədət kişi hikkəsindən bilmədi nə etsin, yardımını almadan çıxıb getdi. O gün ona yazığım gəldi, un payını alıb aparması üçün atama yalvardım. Atam əl çəkməyəcəyimi görüb hövsələdən çıxdı:
“Özümə umac ova bilmirəm, Mədətə əriştə kəsəcəm?! Dərə var, divan var, qoy onlar məşğul olsun!”
Atam yalan danışırdı, istəsə icra nümayəndəsinin köməyi ilə Mədət kişinin ailəsinə verilən yardımı ala bilərdi. O, camaatın məzəmmətindən qorxurdu.
Dikdirdəki qaraltının Mədət kişi olduğuna əmin deyildim. Elə o qadının Şəkurə olduğuna da. Elədirsə, o da məni tanıyardı, oxşadardı ən azı, diqqətlə baxardı.
Sabah Şor kanala lap tezdən gedəcəkdim! Başı örtülü qadından xeyli əvvəl. Fikrim qəti idi.
Amma səhər Mədət kişi görünmədi.
Bir gün, iki gün, üç gün…
O qədər darıxırdım, bəzən gecə saat 3-də, 4-də oyanıb Mədət kişinin dikdirinə qaçmaq istəyirdim.
Dördüncü gün hava yenicə ağarmağa başlayanda qaraltını öz yerində gördüm və tələsik ayaqqabılarımı geyinib yüyürdüm.
…Kirpiyini çalmadan, hətta bəlkə nəfəsini dərmədən uzaqlara baxırdı. Sifətində kədərli təbəssüm donmuşdu. Rəngi avazımış, ovurdları tamam batmış, alnı və gözləri dərin qırışlara gömülmüşdü. Üst-başı kirin-tozun içində idi. Köhnə rezin çəkələkdən çıxan ayaq dırnaqlarının altı qapqaraydı. Kepka qoymamışdı deyə onu tanımağım bir az çətin oldu. Seyrək və gödək saçları kövşən yeri kimi öləzimişdi. Gəldiyimin fərqinə varmırdı. Həyəcanımı dəf etmək üçün danışdım:
“Sabahın xeyir, Mədət əmi!”
Mənə tərəf baxmadı da. Udqunub duruxdum. Bəlkə səsimi eşitmirdi? Daha ucadan dedim:
“Sabahınız xeyir!”
Yenə dinmədi. Yenə uzaqlara baxmağa davam elədi. İstədim geri qayıdım, ayaqlarım yerimədi. Hərlənib gözlərini zillədiyi tərəfdə dayananda diqqətini çəkə bildim:
“Sabahın xeyir, Mədət əmi! Mənəm, tanımadın? Kənddə bizim evə çox gəlmisən. Mənə arı da gətrimisən. Burda, qaçqınlıqda bir obada qalırdıq. Yadına düşmür?”
Sifətindəki təbəssüm bir az da artdı, üzü daha çox nura boyandı.
“Mənəm, Mədət əmi, necə xatırlamırsan? Kənddə mənə arı bağışlamışdın… Babam öləndə qəbir qazmağa ikimiz getdik…”
İçimdə başqa bir adam danışırdı:
“Məni bağışla, Mədət əmi. Uşaq idim, qanmırdım. Babamın qəbrinə and olsun, indiki yaşım olsa, salamını alardım, səni müdafiə edərdim, qoymazdım söysünlər, dalınca danışsınlar. Onda çox aciz idim. Sənin günahsız olduğunu bilirdim, kömək edə bilmirdim.”
Ürəkdən güldü. Mırıq ağzındakı uşaq məsumluğundan az bir işartı qalmışdı. Onun damaqları da ərimiş, dala çəkilmişdi. Arıqlayıb quru budağa bənzəyən əlini pencəyinin cibinə aparıb eşələdi, qurumuş çörək qırığı çıxarıb barmağının ucunda tutdu, nəsə dedi, andı içdi, ancaq nə dediyini başa düşmədim.
“Mədət əmi, bizim evimizdə çox olmusan… Dədəmnən araq içmisən… Mənə arı bağışlamısan…”
Mədət kişinin bayaqdan mənə yox, başımın üstündən uzaqlara baxdığını görəndə sümüklərim uyuşdu. Birdən onun aydın pıçıltısını eşitdim:
“Çayqovuşan…”
Elə əminliklə deyib elə maraqla baxdı ki, mən də üzümü çevirib o tərəfə baxmaqdan özümü saxlaya bilmədim və uzaqdakı dumanın içində çətinliklə sezilən dağların siluetindən başqa bir şey görmədim. Mədət kişi astadan danışmağa başladı:
“Elatın gələn vədəsidi, indi hasarım uçub, gərək gedib düşən daşları yerinə qoyam, yoxsa heyvanlar bağı alt-üst eləyər, arı yeşiklərini aşırar…”
Tüpürcəyini uddu. Udqunanda ağzı yumulub balacalaşdı, çənəsi sifətinin altında əridi. İçimdəki adam susmurdu:
“Mədət əmi, tanımadın məni?”
Mədət kişi ayağa qalxmışdı:
“Arıların beçə vaxtıdı, özümü yetirməsəm yeşiklər boş qalacaq.”
Şor kanala tərəf addımladı. Onun qolundan yapışıb saxladım. Mədət kişidən ölmüş arı yox, dərman qoxusu gəlirdi.
“Mədət əmi! Mədət əmi!”
Dayanıb təbəssümlə üzümə zilləndi. Onun şaşqın baxışlarından qorxsam da bu sözləri dua kimi zikr eləməkdən özüm saxlaya bilmədim:
“Mədət əmi! Məni bağışla, Mədət əmi! Babamın qəbrinə and olsun, indiki yaşım olsaydı alardım salamını, qoymazdım səni söysünlər, dalınca danışsınlar…”
Təbəssümlə xeyli baxdı, baxdı, qəfil şəhadət barmağını dodaqlarına söykəyib sakit ol işarə verdi:
“Şşş! Arıların səsi gəlir.”
Susub dinlədim. Ətrafda sükutdan başqa heç nə yox idi. Bu sükutun qurğuşun ağırlığını özünə döyüb haray-həşir sala-sala bizə tərəf gələn Şəkurə götürdü aradan. Gəlib çatanda nəfəsi kəsilmiş, ağzı köpükləmişdi:
“Aman hey! Aman hey!”
O da tanımadı məni.
“Şor kanala düşüb boğulacaq!” – dizlərinə döyə-döyə yerə oturdu – “Dünəndən tutdurub ki, arıların səsi gəlir. Əvvəl, Çayqovuşanı görürdü, səs-zad eşitmirdi, indi səs də eşidir. Evim yıxıldı!”
Şəkurə laübalı baxışlarını üzümdə gəzdirəndə gözlərindəki doğmalıq içimə bir istilik gətirdi. O, ayağa qalxıb əlimdə vurnuxaraq Şor kanala dartınan atasına yaxınlaşdı:
“Dədə, Şor kanaldı eee… dərindi, dibi bataqlıqdı, girsən, boğulub ölərsən, hasarımızı hörən olmaz, mal-heyvan bağımızı dağıdar, arı yeşiklərini aşırar…”
Mədət kişi duruxdu, zəndlə qızına tamaşa edəndə dodaqları əsdi, yenə ciblərini eşib quru çörək qırığı çıxartdı, barmaqlarının ucunda tutaraq and içmək istəyəndə Şəkurə onun qolundan yapışdı:
“İnanıram, ay dədə, inanıram, Vallah inanıram! Gəl gedək.”
Qızının dedikləri Mədət kişinin ağlına batdı, süstləşib dayandı, üzünü bir də həmişəki səmtə çevirib astadan “Arılarım…” deyə sızıldadı, sonra ayaqlarını sürüyə-sürüyə Şəkurənin qabağına düşüb qəsəbəyə tərəf addımladı.