Artıq sənin deyil yaşadığın gün, Geriyə qayıtmaz yaşanan zaman

Artıq sənin deyil yaşadığın gün, Geriyə qayıtmaz yaşanan zaman

ŞƏHLA RƏVANIN POEZİYA DÜNYASINDAN BİR ÇƏLƏNG

Mürsəlova Şəhla Miradil qızı (Şəhla Rəvan): 27 yanvar 1960-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlib. Orta təhsilini Göytəpə şəhər 1 saylı tam orta məktəbdə başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, burada Rus dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirərək, rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.

2006-cı ildə ikinci ali təhsil almaq hədəfi ilə Azərbaycan Müəllimlər İnstitutuna qəbul olaraq, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yenidən hazlrlanma təhsilinin tam kursunu bitirmişdir.

2010-cu ildə Vasif Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini, 2012-ci ildə isə məktəbin direktoru vəzifəsinə təyin olumuş və direktorların işə qəbulu imtahanında iştirak edərək yüksək bal toplayaraq məktəbin direktoru vəzifəsinə təstiq edilmişdir. Bu günədək həmin vəzifədə çalışaraq gələcəyimiz olan övladlarımızın elm və təhsillə yanaşı onların layiqli və vətənpərvər vətəndaş olması üçün müəllimlik borcunu yerinə yetirir.

Şəhla xanımın pedaqoji sahədən öncə jurnalistika sahəsində də əməyi və fəaliyyəti olmuş, indiyədək elm, təhsil və jurnalistika sahəsində nümunəvi və faydalı fəaliyyətinə görə dəfələrlə təltif olunmuşdur. Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlov və eləcə də, şəhid Mirəjdər Mürsəlovun bibisidir.

Onun poeziya sahəsinə gəlişi orta məktəb illərinə təsadüf edir. İlk dəfə olaraq “Ana” və “Bənövşə” adlı şeirləri Cəlilabad rayonunun yerli mətbu orqanı sayılan “Yeni gün” qəzetində dərc olunmuşdur.

Şairlər diyarı olan Cəlilabadın bir vaxtlar tanınmış jurnalisti, hal-hazırda isə pedaqoqu, şair və elit-ziyalı xanımlarından olan Şəhla Rəvanın iki övladı, beş nəvəsi var. Elm, təhsil, jurnalistika və bədii ədəbiyyat sahələrində malik olduğu böyük əməyi və bir sıra digər imtiyazarına görə onu Cəlilabad ədəbi mühitinin kraliçası adlandırmaq olar.

‘Şəhla Rəvan imzası ilə tanınan bu dəyərli el şairi məsnəvi, heca və bəzən də, sərbəst janrlarında şeirlər yazır. İndiyədək yazdığı şeirlərin sayı isə təxminən 500-ə yaxındır.

İlqar İSMAYILZADƏ

Fəlsəfə üzrə fəlsəfə doktoru,

AJB-nin üzvü, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru

 

Müstəqil.Az  Şəhla xanım RƏVANIN   şeirlərini təqdim edir:

 

SƏNSİZ

(Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlova (1963-1992) ithaf olunur!)

 

Ağrın alım, hicrin əyib qəddimi,

Həsrət durub aramızda yol kimi.

Sənə tərəf bircə addım atmağa,

Baş əymişəm Əzrailə qul kimi.

 

Günlər, aylar ötür sənsiz, dəyərsiz,

Neçə ili yaşamışam xəbərsiz.

Tanrım mənə ömür verib gərəksiz

Gül bağında vaxtsız bitən kol kimi

 

Kədər mənə ilahidən pay oldu

Göz yaşlarım axdı, axdı çay oldu.

Qış adladı, yaz sovuşdu, yay oldu

Niyə dinib-danışmırsan lal kimi?

 

Yuxularda görüşürük biz indi

Neyləyirsən oralarda, düzün de

Heç çəkinmə gileyin de, sözün de

Zəhər versən, mən yeyərəm bal kimi.

 

Vətən üçün öldün cavan yaşında,

Qədrin bildin torpağın da, daşın da.

Qızıl güllə ürəyinin başında,

İzin qoydu al yanaqda xal kimi.

 

Göytəpə şəhəri – 10.06.1994

 

XƏZƏRİM MƏNİM

 

Xatirəyə dönən xəzərim mənim,

Suların büllurtək safdır, təmizdir.

Qəmli taleyimdə yaşar dünənim,

Sahilin nə qədər mənə əzizdir.

 

Dəli dalğaların kükrəyən zaman,

Sanki, alacağdı qoynuna məni.

Bilsəydim çataram sevgimə inan,

Qucardım, öpərdim ləpələrini.

 

Pıçıltın həzin bir laylalar kimi,

Unut söyləyərdi, unut dərdini.

Anamtək oxşardın kövrək qəlbimi,

Dinərdi könlümdə min həsrət simi.

 

Hardadı həsrətim, vüsalım Xəzər?

Dərdim sinəndəki ümmana bənzər.

Mavi sularında xəyalım üzər,

Al məni qoynuna ey anam Xəzər…

 

Bakı şəhəri – 18.08.1999

 

HƏYAT

 

Günlər bənzəməzlər bir-birinə

Hər günün öz ətri, öz xisləti var.

Elə yaşayasan düşə yerinə,

Yaşanan hər anın bir hikməti var.

 

Günlər yarpaq-yarpaq düşər ömürdən,

Hər günün öz rəngi, öz işığı var.

Yaşanan hər günün qədrini bilsən,

Qışın da gözündə olacaq bahar.

 

Artıq sənin deyil yaşadığın gün,

Gah yadda qalandır, gah unudulan.

Ötən xatirədir o sənin üçün,

Geriyə qayıtmaz yaşanan zaman.

 

Toxuna bilməzsən bir daha ona,

Sevinci sənindir, qəmi sənindir.

Eləcə yazılar öz yaddaşına,

Həyat onun qədrin bilənlərindir.

 

Göytəpə şəhəri – 27.01.2000

 

ARZU TUTDUM

 

Bir yağmurlu bulud gəldi, sən gəlmədin,

Sanki yaddım…

Yağmurlu bulud göz yaşımdı, sən silmədin,

Məni atdın…

Amma nələr çəkdiyimi heç bilmədin,

Kama çatdın…

Ömrümə də, günümə də zəhər qatdın,

Arzu tutdum…

Ümid etdim gələcəksən, yollarını duman aldı,

Bir buluddum…

Heç bilmədim həqiqətdim, ya xəyaldım…

Laltək susdum…

Suya dönüb çamurlarla yerdə qaldım…

 

Göytəpə şəhəri – 19.03.2021

 

BİR ANLIQ SEVİNC

 

Otaqda sanki birdən,

Qış dönüb oldu bahar.

Nələr keçdi qəlbimdən,

Çiçək açdı arzular.

 

Gəlişindən ruhuma,

Bahar nəfəsi gəldi.

Əlində ağ çiçəklər,

Ah, necə də gözəldir!

 

Həzin nəğmə kimi idi

O ecazkar səsin də…

Güllər qədər təravət

Var idi nəfəsində.

 

Getdin yenə oxundu,

Qəmli ruzgar nəğməsi.

Bir anlıq sevinc imiş,

Günün mənə müjdəsi.

 

Göytəpə şəhəri – 14.02.2025

 

MƏNİMDİR

 

Sən necə bir sehrsən, sənsiz darıxır ürək,

Bu qaranlıq otağa atılıb qalmışam tək.

Düşünürəm səni mən, hər an köks ötürərək,

Cismim deyir mənimdir, ruhum deyir yox, mənim.

 

Sən elə bir cümləsən, dodağımda sözlərin,

Gülüşün, şux qamətin, xəyalımda gözlərin.

Sən elə bir məntiqsən mənan dərindən-dərin.

Qəlbim deyir mənimdir, gözlər deyir, yox mənim.

 

Hər zaman yanımdasan, çətin gündə, asanda,

Musiqi dinləyəndə, şeirə qulaq asanda,

Möcüzə var, sehr var o ecazkar səsində,

Xəyal deyir mənimdir, vüsal deyir yox, mənim.

 

Bütün təbiətinlə durmusan göz önümdə,

O gündən sən olmusan imanım da, dinim də.

Yaşayırsan qanımda, hər zaman batinimdə,

Tanrım deyir mənimdi, mən yeyirəm yox, mənim.

 

Göytəpə şəhəri – 18.02.2025

 

NƏSƏ DEMƏLİYDİM

 

Qəlblərdə min arzu, gözlərdə sual,

İlk görüş yerinə gəlmişdik yenə.

Özümü itirdim, dilim oldu lal,

Nəsə deməliydim o axşam sənə.

 

Bu necə əfsundu, bu necə məlal,

Bunca zülm edərmi sevən-sevənə?

Baxışlar deyirdi dur qadamı al,

Nəsə deməliydim o axşam sənə.

 

Bu necə qismətdi, bu necə vüsal…

Yanında olsam da, həsrətəm sənə.

Fikirlər dolaşıq, bulanır xəyal

Nəsə deməliydim o axşam sənə.

Göytəpə şəhəri – 27.02.2025

Share: