“Arvadsan otur arvad yerində deyən siz deyildizmi?”

Aysel Aydin Alizade

Belarusda fəallıq edən qadınlara baxıb köks ötürürsüz, əziz kişilər. Bizim qadınlar passivdi deyənləriniz var. Siz nə vaxt Azərbaycan qadınına nəfəs almağa imkan verdiz? Əlinin xəmiri ilə kişi işinə qarışma deyən siz deyildizmi? Arvadsan otur arvad yerində deyən siz deyildizmi?

Azərbaycanda on minlərlə qadın məişətdə istismar edilir, qazana-mətbəxə məhkum edilir, ən çirkli işlərə məcbur edilir, hamının dalınca unitaz yuyur, siz nə zaman onunla məişət işlərini bölüşdüz? O, nə zaman məişətdən qopub ölkəsi ilə maraqlanmağa macal, şans tapdı?

Ölkənin ən gözəl qadınlarını məşuqəniz etmək yarışına çıxan siz deyilsizmi? Siz nə zaman təmənnasız, ölkənizin inkişafı üçün dayaq olduz qadına? Nə zaman zəncirləri qırıb təkbaşına ölkəsi üçün nəsə edən qadınların yanında olduz? Ərinin qorxusundan evdən çıxa bilməyən minlərlə qadın var bu ölkədə. Nə zaman onların səsi olduz? Siz qadın probleminə “arvad mövzusu” deyib yaxanızı kənara çəkmədizmi?

Gözünüzün önündə dayanmadan darmadağın edilən qadın haqlarından nə zaman danışdız? Qadın cinayətlərinin çoxu qısqanclıq üstündədi. İllərdi bu ölkədə kişilər qadınlarını sadəcə şübhələndikləri üçün öldürürlər. Nə zaman müdafiə etdiz o qadınları? Nə zaman aranızdakı pedofillərə, cinayətkarlara qarşı birləşdiz?

Gözünüzün önündə analarınız, bacılarınız, qızlarınız, yoldaşlarınız mutsuzluqdan çərlədi, xəstəlik tapdı, xəyanətə dözdü, əzilməyə dözdü, köləliyə dözdü, nəyi dəyişməyə çalışdız?

Qadın başı aşağı olar deyən kim idi? İndi həmin başı aşağı etdiyiniz, susdurub mətbəxə soxduğunuz, çölə çıxmağa, evə gəlməyə vaxt qoyduğunuz, hər addımını sorğuladığınız qadından üsyankarlıq gözləyirsiz. Özünüz bir bığıburma kişinin məktəbli qızı hamilə buraxdığı üçün cəmi bir il cəza almasına üsyan etdizmi?

Məişət zorakılığında öldürülən qadının özündə günah görən bu cəmiyyət deyilmi? Ölkənizdə hansı qadına sahib çıxdız ki, əzilməsin? Biz qadın azadlığından danışanda fahişəliyi təbliğ edirsiz deyən siz deyildizmi? Qadın haqlarından danışanda “Qadın haqları pozulur kiiii? Kişi haqlarından niyə danışmırsız bəəəsss?” sualı ilə üstümüzə gələn kim idi, əziz kişilər?

Qadını cəmiyyətə qarışmağa buraxmadız, sıxdız, söz çıxartdız adına, mane olduz, qısqandız, döydüz, öldürdüz. Öldürüldüyünə görə qadını qınadız. İndi də Belarusda baş verənləri görüb yenə qadını qınayırsız. Guya siz ölkəni dəyişirdiz, biz aktiv deyilik deyə alındıra bilmirsiz…

Əslində, bir yandan bunda bir gerçəklik var. Sizin görmədiyiniz gerçəklik. Siz qadını məişət quluna çevirdikcə meydanda tək qaldız. Özünüzü tək qoyduz. İndi təksiz, çabalayırsız…
Halbuki çiyin-çiyinə də ola bilərdik.

Share: