Vətən müharibəsində arxa cəbhədə göstərdiyi xidmətlərə görə Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı təltif olunub
Bərdə Regional Mədəniyyət İdarəsində idarə rəisi Vəsilə Möhsümova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Regional Bölməsinin rəhbəri Vidadi Məmmədzadə, Vətən Müharibəsi qazisi Paşazadə Amid, Vətən Müharibəsi veteranı, Azərbaycan Bayrağı ordenli Əhliman Nəzərov, Vətən Müharibəsi şəhidi Hacıyev Qubad Cəmil oğlunun atası Cəmil Hacıyev və mədəniyyət işçilərinin iştirakı ilə regional idarənin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadənin təltif olunma mərasimi keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi igidlik və şücaət nümunələrindən danışıblar. Regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin hərbi vətənpərvərlik sahəsində gördüyü işlərdən, keçirilən tədbirlərdən, il ərzində şəhid ailələri və qazilərə göstərilmiş diqqətdən söz açılıb. Vurğulanıb ki, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması istiqamətində regionda çox sayda tədbirlər və layihələr icra olunur. Bütün bunlar nəzərə alınaraq regional idarənin əməkdaşı, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən təsis edilmiş “Böyük Zəfər” medalı ilə təltif olunub.
Mədəniyyət Nazirliyi və Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.
Müstəqil.az