Arzuları çin olan ADAM…

Arzuları çin olan ADAM…

Arzu Nağıyev- 60

Uzun müddət ciddi, qapalı bir mühitdə çalışıb, 1989-2011-ci illərdə DTK-МTN orqanlarında əməliyyat müvəkkilindən nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub. Amma buna baxmayaraq, həm şair, həm jurnalist, həm də ədib düşüncəli adamdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə bədii və eləcə də sənədli kitabların müəllifidir...

 

Deyir ki;- “Həkim ailəsində doğulmuşam. Atamla-anam Tibb Universitetində bir yerdə oxuyublar, ancaq onların təyinatı Oğuz rayonuna verilib. Mən də Oğuzda, Baş Layısqı kəndində doğulmuşam. 1-2 yaşımdan sonra isə yenidən Tovuza qayıtmışıq. Özümü tovuzlu hiss edirəm, başqa yerdə anadan olsam da. Orta məktəbi də Tovuzda oxumuşam, Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində. 1970-ci ildə məktəbə getmişəm, 1980-ci ildə isə həmin məktəbi qızıl medalla bitirmişəm. Dəqiq elmlərə, riyaziyyat, fizika, kimyaya çox maraq göstərmişəm. Demək olar ki, Respublika fənn olimpiadalarında həmişə ən yüksək yerləri tutmuşam, dünya olimpiadasında iştirak etmişəm. Kvantın olimpiadalarında da iştirak etmişəm, yaxşı oxuyan olmuşam. Biz evdə elə tərbiyə almışıq ki, hər birimiz yaxşı oxumalı, idmanın bir növü ilə məşğul olmalı, musiqi alətlərindən birində ifa etməyi bacarmalı, mütləq sağlamlığımızın qeydinə qalmalı və heç olmasa bir xarici dil bilməliyik. Mən də idmanla məşğul olmuşam, dərslərimi yaxşı oxumuşam, pianoya getmişəm, rus dilini öyrənmişəm. Ailədə 7 nəfər olmuşuq, anam-atam, 3 qardaş, 2 bacı…”

Haqqında söhbət açdığım Arzu Nağıyevi yəqin ki, tanıyırsınız. O, 1963-cü il iyulun 27-də Oğuz rayonunda anadan olub. 1980-ci ildə Tovuz rayonun Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirib. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsində mühəndis iqtisadçı ixtisasına yiyələnib. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla başa vuraraq uzun müddət bu sahədə çalışıb. Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır…

“Ehtiyatda olan zabit kimi MTN-dən işdən çıxandan sonra dostlarımla bir yerdə “Trend” İnformasiya Agentliyində işləməyə başladım. Artıq neçə illərdir ki, həyatımın digər bir hissəsini yaşayıram. Bu həyata görə də xoşbəxtəm, qapalı xüsusi xidmət orqanı həyatından sonra jurnalistika mühitinə gəldim. Hər iki sahədə oxşar bir cizgi var. Orada da, burada da informasiya əldə etmək, o informasiyanı necə öyrənmək və hansı nəticəyə gəlmək şərti var”- söyləyir.

1985-1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləyib. 1987-1989-cu illərdə Azərbaycan komsomolun Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olub. 1991-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçib, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışıb. 2011-ci ildən “Trend” Beynəlxalq İnformasiya Agentliyində baş direktorunun müavinidir…

Təmsil olunduğu kollektivdə, ümumiyyətlə media camesində qazandığı hörmət ona başucalığı gətirib. Xeyirxah, yaxşı adam kimi tanınır…

2020-ci ildən Milli Məclisin deputatıdır. Partiya mənsubiyyəti yoxdur. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Eyni zamanda Milli Məclis tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilib. 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib…

Bütün bunlardən əlavə o, siyasi ekspert kimi, tez-tez “sehirli qutu”dan çıxışlar edir.

Deyir ki;- “Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, çox ciddi problemlər var. Regional təhlükəsizlik böyüyərək, beynəlxaql təhlükəsizliyə keçir. Ona görə də, hətta vasitəçilik missiyasından çıxış edəndə də, tək öz maraqları yox, böyük maraqları da nəzərə almalıdırlar. Burada da son vaxtlar, sizin də qeyd etdiyiniz kimi, öz nümayəndələrini təyin ediblər, görüşlər keçirməyə çalışırlar. Lakin missiyalarınıda həyata keçirəndə, konkret olaraq, “nə etməli?”, məsələsinə praktiki cəhətdən cavab verməlidirlər. Bu gün gündəmdə olan məsələ budur ki, Azərbaycan XİN-lə Ermənistan XİN arasında təmas var. Məsələ isə delimitasiya və demarkasiya ilə bağlı komissiyanın yaradılmasıdır. Birinci şərt budur. Bunun biz praktiki şahidi olmalıyıq ki, ikitərəfli əlaqələr nə nəticə verdi?! Rusiyanın XİN-nin başçısının cənab prezidentlə görüşündə kommunikasiyaların açılması – istər Qazax istiqamətində, istər Zəngəzur dəhlizi və digər istiqamətdə – konkret bu işlərin praktiki həllini istəyirik. Mina xəritələrinin alınması və s.. Biz diqtə edən tərəfik, bu məsələləri öz gücümüzə həll edirik. Bunu həll ediriksə, bizə hansısa vasitəçi gərəkdirmi? Vasitəçi öz marağını güdməklə bərabər, regionunda, iki dövlətin də maraqlarını güdməlidir. Düşünürəm ki, birbaşa danışıqlar mühüm nəticə verə bilər.”

Xeyli parlaq xüsusiyyətləri var. Təkrarolunmaz bir insan olduğunu düşünməmək məntiqsizlik olar. Gözəl bəxtə sahibdir, necə deyərlər, şanslı adamdır. Arzularının bir çoxu artıq çin olub. Həyatda bacarmadığı çətin ki, nəsə olsun, bütün əngəlləri rahatlıqla dəf etməyə qadirdir. Olduqca qürurludur. Özünə inamı çox yüksəkdir. Məğrur yerişi var. Xarakteri yumşaq, tutarlı və sakitdir. Açıq danışmağı xoşlayır. Son dərəcə çalışqandır. Hər nə olursa olsun, hədəflədiyi nöqtəyə mütləq gedib çıxacaq. Səxavətli və əliaçıq insandır. Sevgisini hər anlamda göstərməyi bacarır. Ehtiyacı olan hər kəsə qarşı yardımsevərliyi var…

Bəli, yazıçı, jurnalist, təhlükəsizlik üzrə ekspert, deputat Arzu Nağıyevi belə tanıyıram. İyulun 27-si Arzu müəllimin 60 yaşı tamam olur. Ona uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayıram…

Elman Eldaroğlu

Share: