Arzuların müəllimi…

Arzuların müəllimi…

Müəllim LəmanFikrətliyə

Yanımızdakı-yaxınımızdakı insanları tanıyırıqmı? Tanıyırıqsa, nə dərəcədə tanıyırıq? İstər uşaqlıqdan birlikdə böyüdüyün bacı və qardaşların olsun h, ən yaxın qohumların özləri, uşaqları olsun, tanıya bilirikmi?

Məncə, yox. İnsan ən müəmmalı xilqətdi. Doğulandan özün-özünlə olursan, yenə bəzi anlarda özünü belə tanıya bilmirsən. Ana! Ondan yaxını varmı, məncə yox, onun belə bir qohumla, qonşu ilə söhbətinə təəccüb qalırsan bəzən.
İnsan anlaşılmaz varlıqdır, bir an sonra nə edəcəyinə qənaət gətirə bilməzsən.
Birinin geyiminə bələd olarsan, birinin zövqünə, başqa birinin ailəsi ilə tanışlığın olar; bəs onların iç dünyaları, duyğuları, hissləri, həyəcanları necə? “Yaxından tanıyıram” dediyin insanı bütün özəllikləri ilə tanımaq mümkün deyil. Çünki xarakterlər, zövqlər, həyəcanlar, duyğular dəyişə bilir. Bu gün insan xislətində, daha doğrusu, olmalı olduğu kimi gördüyünü üç gün sonra yırtıcı qismində görmək olur! Uşaqlıqda birlikdə oynadığın bir uşağın mehribanlığını illər, yaşadığı cəmiyyət, ətraf mühit dəyişə bilir. Bir baxırsan, oynayarkən yıxılıb əzildiyində səninlə bərabər ağlayıb sənə kömək etmək üçün dəridən-qabıqdan çıxan o mərhəmətli uşaq böyüdükdən sonra zalım, qəddar, qaniçən birinə çevrilib. Və ya əksinə. Demək, xoşbəxtlik anlayışı kimidi insanın yaradılışı da – dəqiq düsturu yoxdur!

Onu yaxın illərdə tanımışam. İlk görüşdə diqqətlə mənə tuşlanan qapqara gözlərindəki işıq seli süzülüb ürəyimə necə axdısa, qəlbim zaman-zaman onunla görüşmək, söhbətləşmək, dərdləşmək, gülüşmək istədi. Bəli, onunla hər görüşdə bütün bunların hamısı vardı. Bircə fərqlə – hamıdan üstün gülüş gəlirdi. Çünki dərdimizi, kədərimizi belə gülüşlərə bürüyüb bir-birimizə anladırdıq. Maraqlıdır ki, aramızdakı kifayət qədər kəskin yaş fərqi qətiyyən hiss olunmazdı. O qədər dolğun, təcrübəli, bilgi və savadla dopdoluydu ki, söhbətlərimizə kiçik bir pauza belə girə bilmirdi. Daim hərəkət, qaçaqaç, həyəcanda idi. Bunlar onu yormurdu, hətta desəm, yaşama, mübarizəyə həvəsləndirirdi, yalan olmaz.
İlk tərbiyəsini və təhsilini müəllim olan nənəsindən alıb. Özündən olan bütün müsbət keyfiyyətləri – davranış qaydalarından tutmuş danışıq tərzinə, evdən-ailədən tutmuş cəmiyyətə özünü təqdim etməyə qədər müəlliməsi olmuş nənəsinə borclu hesab edir özünü. Evdə ana-nənə, məktəbdə müəllim və tərbiyəçisi olan bu qadın vəfat etdikdən sonra sarsılsa da, yıxılmayıb ayaq üstə daha mətanətlə dayanmağı da elə müəllimindən – nənəsindən öyrənmişdi. Ondan sonra həyatında nələrinsə dəyişdiyi açıq-aydındı. Söykəndiyi, arxalandığı dağı, çətinə düşəndə üz tutduğu ümid qapısı yox idi artıq.
Bundan sonra təkbaşına idi həyatla mübarizədə! Ətrafında yaxınlar, doğmalar olsa da, bir növ tənhalığa çəkilərək yaşadığını mən anlayır, duyurdum. Güclü görünüşünün, mətin addımlarının, kəskin fikirlərinin ardında dayanmağı bacaran bir xarakterdi Ləman Fikrətli.
Nənəsi kimi müəllimdir – təhsil-tərbiyə-xeyirxahlıq nümunəsidir!
Daim narahatdı, daim həyəcanlıdı. Ölkənin bir başında uşaq ağlayar, o narahat olar, qonşuda bir gənc imtahandan kəsilər, o narahat olar, küçədə maşın xarab olar, içində qadın-uşaq qalar, o narahat olar. Hamının yerinə alışar, hamının yerinə yanar Ləman müəllimə. Vətəninin ağır dönəmlərində – savaş bölgəsindəki əsgərlərlə nəfəs alar, düşmənə nifrəti aşıb-daşar. Bütün bunlarla bərabər üzünə yalnız içindəki, ürəyindəki işıq seli, sevgi hopar.
İllərdir, qarışıq dönəmdən keçirik. Durulmağa, oturuşmağa, rahat nəfəs almağa ehtiyacım var. Bütün bunlar Ləman müəllimənin fikrincə, ciddi təhsildən, savadlı gənclikdən keçir.
Məhz ona görə istər Azərbaycanda ingilis dili müəllimi kimi çalışdığı dönəmlərdə, istərsə də neçə ildir qardaş Türkiyə məktəblərində bu dili öyrətdiyi zamanlarda bilgisini şagirdlərə öyrətməyə var gücü ilə çalışıb və çalışır. Çoxlarının öz yerində olmadığı bu zamanlarda, təəssüf ki, Ləman müəllimə də layiq olduğu yerdə deyil. İllərin müəllimi olmasına baxmayaraq, bu gün də özü də oxuyur, öyrənir və öyrəndiklərini şagirdlərinə öyrədir, müəlliməsinin (nənəsinin) onun üçün cizdiyi cığırla addımlayır.
Həyatda qazanılan hər bir uğurun mükafatı vardır. Oxumaq, ali təhsilli müəllim olmaq yolunda Ləman müəllimə nələri qurban verdi? Doğrumu etdi? Doğru etdi! Bu müqəddəs yolda qarşısına çıxan bütün əngəlləri çətinliklə də olsa aşdı. Qarşısına çəkilən adətdən, qadınlıqdan, dolayı bir çox qadağaları savadı ilə, güclü iradəsi ilə kənara itələyib irəli yeridi.
-Ləman, səhər tezdən qadınların bir qisminin hələ yataqdan qalxmadığı vaxtda sən işə gedirsən, həm də hər gün əvvəlkindən böyük həvəslə gedirsən. Axı sən də ər evində xumarlanaraq oturub hazır gələn çörəyi yeyə bilərdin. Bəlkə, yanlış idi bu qədər əzab-əziyyətlə, qadağalarla oxuyub müəllim olmaq?
-Nə danışırsız? Uşaqlarım məni gözləyir. Bu gün yeni planladığım sistemlə dərs keçəcəyəm. Cəmiyyətə yararsız olub evdə oturub hazır çörək yemək mənlik deyil.
Mənim müəlliməm məni cəmiyyətə yararlı bir fərd yetişdirməyə çalışırdı və mən onun arzusunu yarıda qoya bilməzdim. Ona görə də bu yolda qarşımı kəsən hər kəsi həyatımdan çıxarıb yoluma davam etdim. Və bu gün xoşbəxtəm ki, müəllimimin arzusunu yerinə yetirmişəm.
– Ən böyük arzun nədir, Ləman müəllimə?
– Mən dərs dediyim şagirdlərimlə onlar məktəbi bitirənə qədər bir yerdə ola bilirəm. Bu müddətdə əlimdən gələn hər şeyi ən yüksək səviyyədə etməyə çalışıram. Onlar məktəbi bitirəndə mənim də məsuliyyətim bitir. Amma biri də var ki, mən ömrüm boyu onun bütün məsuliyyətini çəkməliyəm.
Tək arzum bircə oğlumun ali təhsil almasını görməkdi.
Azərbaycanımın ziyalı qızı, qəlbinin hər döyüntüsü “can Azərbaycan” deyib hayqıran Ləman müəllimə, uğurlar diləyirəm sənə!

Təranə Musayeva
Yazar – Azərbaycan Yazıçılar Birliyinin, İLESAM-ın üzvü.

Share: