ABŞ-da doğulub boya-başa çatmasına baxmayaraq, fikir və istəklərini ana dilimizdə necə səlist ifadə etməsi diqqətimi ilk andaca özünə çəkdi. Axı ingilis dilində ibtidai, orta, tam orta, hazırda isə ali təhsil alan və demək olar ki, həmin dildə düşünən bir gənc üçün, bu elə də asan deyil. Buna görə insanda güclü təhlil etmə qbiliyyətinin olması vacib şərtlərdən biridir…
Aydın mülahizələri, hadisələrə məntiqi yanaşması, müşahidə bacarığı, Azərbaycan naminə fədakarlığı və mənsub olduğu xalqın qarşısında məsuliyyətli olması, onun həssaslığından irəli gəlir. İnanın ki, Amerikada araya-ərsəyə gələn hər azərbaycanlı gənc üçün bunları söyləmək olmaz…
Deyir ki- “Bütün bunları mənə valideynlərim aşılayıb. Evdə mənə həmişə azərbaycalı olduğumu təlqin ediblər. Bildiyiniz kimi anam, Töhfə xanım ictimai fəaldır. Uzun zamandır ki, Floridada “Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası”na rəhbərlik edir. Ta uşaq vaxtlarımdan onun təşkil etdiyi tədbirlərdə mütamadi iştirak etmişəm. Çox xüsusiyyətləri ondan görüb götürmüşəm…“
Haqqında söhbət açdığım Nabat Eminova 2002-ci lin sentyabr ayının 8-də Kentukki ştatında dünyaya gəlib. Səkkiz aylığında valideynləri ilə Florida ştatının Mayami şəhərinə köçüblər…
Atası Əjdər Eminov sovet dönəmində, DİN-nin Orjenikidze adına Ali Hərbi məktəbini bitirib. Volqoqradda cəzaçəkmə müəssisələrindən birinin rəisi vəzifəsinədək yüksələ bilib. Hazırda Mayamidə bizneslə məşğul olur. Anası Töhfə Eminova tibb sahəsində çalışır və həm də 2006-cı ildə təsis olunan “Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası”na rəhbərlik edir. Özündən bir yaş böyük qardaşı, Aydın isə Florida Beynəlxalq Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər fakultəsinin 4-cü kurs tələbəsidir. Aydın təhsil aldığı universitetdə “Azərbaycanlı Tələbələrin Assosiasiyası”nı təsis edib…
Nabat xanım Mayamidə tam orta təhsilə yiyələndikdən sonra, həmin şəhərdə Nova Sausisten Universitetində psixologiya üzrə təhsil alır. Bu il ikinci kurs tələbəsi olacaq.
Hələ səkkizinci sinifdə oxuduğu dövrdən könüllülərin sırasına qoşularaq, xeyirxah işlərlə məşğul olur. Yoxsul ölkələrdə yaşayan insanlara, Mayamidəki aztəminatlı ailələrə ərzaq, geyim əşyalarının paylanmasında yaxından iştirak edib. İctimai işlərdə fəaliyyətinin 900 saat olması haqqında sertifikata layiq də görülüb. Məktəbdə oxuyarkən Azərbaycanın fəal təbliğatçısı olub. Qarabağ həqiqətləri barəsində müxtəlif qısametrajl filmləri yutubdan taparaq, məktəb yoldaşlarına nümayiş etdirib. Milli mətbəximizin təamları ilə amerikalıların tanış olmasına çalışıb…
2021-ci ilin dekabr ayından “Azerbaijani American Youth Assocition”u təsis edərək fəaliyyətini daha da gücləndirib. Mayamidə ali təhsil alan azərbaycanlıları bir araya gətirməyə səy göstərir…
Kətan üzərində yağlı boya ilə rəsm çəkməkdən, pianoda, violançedə ifa etməkdən zövq alır. Şiriniyyat bişirmək, mətbəximizə məxsus təamları hazırlamaq onun əsas hobbisidir. Bir vaxtlar bolinq komandasında oynasa da artıq bu idman növündən uzaqlaşıb, əvəzində velosiped sürməyə alışıb…
Deyir ki,- “Çox istəyirəm, Azərbaycandan buraya ali təhsil almaq məqsədilə gənclərin axını başlasın. Bunu ABŞ-a tələbə vizası alaraq, hər bir məzun edə bilər…”
Nabat Eminovanın xeyli arzu və diləkləri var. Onlar- təhsilini davam etdirib, magistr pilləsinə yiyələnməkdən, mükəmməl insan kimi yetişməkdən, Azərbaycana daha böyük xidmətlər göstərməkdən və ana vətənə gərəkli övlad olmaqdan ibarətdir.
Söhbətimin sonunda, bir daha onun zəkasına heyran qaldığımı xatırladıb, səmimi qəlbdən deyirəm:
Arzularınız çin olsun, Nabat xanım!..
Elman Eldaroğlu