Kulis.az “”Qara camaat” və “ağ” mədəniyyət” adlı yazısını təqdim edir.
Sosial və ictimai cəmiyyətlərin yaranması insanı əsl mahiyyətindən uzaqlaşdırdı. Homosapiens tarixi vərdişlərini unutmağa və yeni sivilzasiya yaratmağa başlayanda cəmiyyət (o dövrdə sadəcə toplum) yeni şəkilləndirməyə qədəm basdı. Məşhur tədqiqatçı alim Raymond Uilliams mədəniyyət anlayışının “Sənaye inqilabı”ndan sonra yarandığını yazır. Yəni, mədəniyyət və kütlələr arasındakı münasibətləri araşdıran ən məşhur kitabların müəllifi təxminən on səkkizinci əsrə qədər yaranmış bütün mədəni kultların, əslində, mədəniyyət olmadığını iddia edir. Bu tarixi xronikaya İntibah dövrü də aiddir. Halbuki biz Renessans dövrü mədəniyyətini Orta Çağın ən müthiş mədəniyyəti hesab edə bilərik. İngilislərin “Renessans dövrünün Florensiyası” ifadəsi həmin zaman aralığında Qərbdə təşəkkül tapmış mindən artıq əsərin yeni dövr mədəniyyəti ilə birgə qədim torpaqlara ayaq basmasını nişan verir.
R. Uilliamsın fikrini bizlər üçün qaranlıq saxlayan ikinci və vacib sübutlardan biri də Uzaq Şərq mədəniyyətidir. Az qala din kimi qəbul etdiyimiz Şərq fəlsəfəsinin yaranması yeni sivilzasiyada mədəniyyət aktı deyildimi?
Mədəniyyət sözünün hərfi mənası belə məşhur tədqiqatçı alimin teoremini alt-üst edir. Alim özünün “Mədəniyyət və cəmiyyət haqqında” kitabında, əslində, mədəni proseslərin elitarlığını və onun yalnız “ağ adamlar” üçün olduğunu iddia edir. İngiltərədə “Sənaye inqilabından” sonra elitar işçi siniflər yaradılmağa başladı. Hətta bu hadisə 1960-larda SSRİ soluna alternativ olaraq yaradılan Qərbin sol cəbhəsi ideyasına da ilham vermişdi. Uilliams qeyd edir ki, həmin dövrdə yaradılan mədəniyyət yalnız elitar işçi sinfin (fəhlələrin yox, böyük iş adamlarının) mədəni səviyyəsini yaratmağa xidmət edirdi.
Əslində, Renessans dövrünün rəssamlarının mübarizəsi də “ağ adamların” yeni intibaha uyğunlaşmasının qarşısını alan kilsə və mental dəyərlərlə idi. Raymond Uilliamsdan fərqli olaraq düşünmək olar ki, əslində, mədəniyyətin elitar sinfə xidməti “Sənaye inqilabı”ndan daha əvvəl, İntibah dövründən başladı. Mədəniyyətin təşəkkül tapması və onun maddi özülünü qurmaq üçün belə elitlərin ilk öncə mədəni təfəkkürünü dəyişmək lazım idi.
Raymondun iddia etdiyi tarixdən üç yüz il, İntibah dövründən altı yüz il keçib. Mədəniyyətin müəyyən sektorları bütünlüklə elitar sinfə xidmət edir. Təbiidir. Müasir kult nümunələr kifayət qədər ciddi intellektual təfəkkür tələb edir. Və bu təhsillə “ağ adamlar” daha tez tanış olurlar. Modern sənət istinad etdiyim alimin dediyi kimi daha çox elitar təbəqəyə hesablanmış sənətdir.
Tarix boyu sənət və sənətçini qınayan, ona laqeyd yanaşan toplum da bu gün adına “qara camaat” dediyimiz aşağı təbəqədir (fəhlə sinfi, işçi təbəqə). Əlbəttə, istisnalar var. Böyük əksəriyyət isə ictimai qınağı və şüursuzluğu yaradan təfəkkürün qurbanıdır.
Sənət təfəkkür hadisəsidir. Təfəkkürü dini, mental, coğrafi, lokal xətlərlə sərhədlənən birinin yüksək sənət zövqü olduğuna inanmaq çətindir. Əslində, siyasi təbəqələşmə elə qurulub ki, aşağıların mədəni zövq haqqında fikirləşməyə imkanı da olmur. İngilislərdən misal verdim, bir az da Azərbaycan və Azərbaycan kimi üçüncü sinif ölkələrdən danışım.
Azərbaycanda on iki saat daş qaldıran, xidmət sektorunda işləyən, sahibkar qulu olan gənc evə gələndə Borxesin hekayələr kitabını oxumayacaq. Və ya açıb yeni bir arthaus filmə baxmayacaq. Belə olan halda da muzeydə sərgilənən hansı rəsmin önündə saatlar dayanmayacaq. Onun üçün bütün rənglər mənasız görünəcək. Opera tamaşasına bilet alanda yüz dəfə içində qırılacaq. Gəzməyə gedəndə pulunu qəpik-qəpik hesablayacaq. Günahkar, əlbəttə, o yox, yaşadığı ölkənin reallıqlarıdır. Bir reallıq da odur ki, yüksək səviyyəli sənətin izləyicisi, oxucusu, dinləyicisi bu sinifdən olmur. Hansısa işçi sinifdən olan birinin Kafkanı tanımaması bizə təəccüblü görünmür. Amma taksi şoferi ədəbiyyat söhbəti edəndə üzümüz gülür. Çünki rutin olan aşağı təbəqənin ədəbiyyatdan, musiqidən, sənətdən uzaq qalmağıdır.
Şikayət edirik ki, niyə bayağı musiqilər çox dinlənilir? Niyə bayağı filmlərə çox baxılır? Niyə bayağı romanlar çox satılır? Cavab çox sadədir. Cəmiyyətdə aşağı təbəqədən olan insanlar üstünlük təşkil edir. Onların da zövqü aşağı səviyyəlidir. Bir fəhlə, təbii ki, Üzeyir Mehdizadə ilə Üzeyir Hacıbəyli arasındakı seçimdə Mehdizadəni seçəcək. Çünki onun Hacıbəylini anlayacaq, həzm edəcək təfəkkürü yoxdur. Bu təfəkkürə sahib olmaq üçün vaxtı da yoxdur.
Əsas problem orada başlayır ki, aşağı təbəqənin insanı yüksək səviyyəli sənəti tənqid etməyə çalışır. Anlamadan, bilmədən. Bu tənqidlər isə kənardan çox rəzil görüntü yaradır.
Ona görə də, Uilliamsın “Mədəniyyət və cəmiyyət” kitabındakı ““ağ” mədəniyyətin işçi sinifdən uzaq olması” fikrini təsdiqləməmək mümkün deyil. Həqiqətən də, “qara camaat” nə bilir sənət nədir?
Yeri gəlmişkən “Sənət xalq üçündür, yoxsa sənət üçündür?” sualı da həmin dövrdə yaranmış anlayışlar sisteminin yekun cavabıdır.
P.S. Yazıdakı “aşağı təbəqə” ifadəsi heç bir yerdə tənqid və ya təhqir kimi istifadə olunmayıb.