25 iyun “Dənizçi Günü” ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Ziyarətdən sonra “Dənizçi Günü” münasibəti ilə ASCO-nun inzibati binasında xüsusi tədbir təşkil olunub.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin əvvəlində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Azərbaycan Dənizçilik Kollecinin (ADK) tələbələrinin iştirakı ilə ərsəyə gələn “Mən dənizi sevirəm” adlı flaşmobun görüntüləri təqdim edilib.
Tədbiri giriş nitqi ilə açan Rauf Vəliyev ASCO-nun yeni və müasir üslubda inşa edilmiş inzibati binasında, həm də pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılmasından sonra “Dənizçi Günü” ilə əlaqədar təşkil olunan ilk tədbirdə hər kəsi salamlamaqdan şad olduğunu bildirib və bütün dənizçiləri peşə bayramları münasibəti ilə təbrik edib, hər birinə işlərində uğurlar arzulayıb.
Rauf Vəliyev qeyd edib ki, dəniz nəqliyyatının hazırkı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları məhv olunsa da, Azərbaycanda bu sahə dövlətçiliyimizin banisi ümummilli Lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldı, dəniz nəqliyyatı sahəsində mühüm islahatlar həyata keçirildi.”, – deyə Rauf Vəliyev vurğulayıb.
Sədr bildirib ki, dəniz nəqliyyatı sahəsində diqqət və qayğı Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir: “Təkcə son 8 ildə ASCO-nun Strateji inkişaf planına uyğun olaraq donanmaların tərkibinə 25 yeni gəmi daxil edilib. Onlar həm ticarət gəmiləri, həm də neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərdir. Sevindirici haldır ki, gəmilər əsasən şirkətin daxili mənfəəti hesabına tikilib və ya alınıb. Ötən müddətdə ASCO-da Xəzərdə aparıcı mövqenin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin bərpası və genişləndirilməsi istiqamətində də xeyli iş görülüb. Bu işlər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bundan sonra da ardıcıl davam etdiriləcək.”-deyə sədr qeyd edib.
Rauf Vəliyev diqqətə çatdırıb ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi fəaliyyətini davam etdirən dünyanın ən qədim şirkətlərindən biridir. Bu fakt beynəlxalq araşdırma mərkəzlərinin hazırladığı və dərc etdiyi xəritədə də əksini tapıb. 2018-ci ildə şirkətin təntənəli şəkildə 160 illik yubileyi keçirilib, gələn il isə artıq 165 illik yubileyimizi qeyd edəcəyik.
Sədr şirkətin şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına və qazilərinə göstərilən diqqət və qayğıdan da danışıb. Rauf Vəliyev ərazi bütövlüyümüz uğrunda döyüşmək üçün könüllü şəkildə Ordu sıralarına qatılan və silaha sarılan ASCO-nun əməkdaşlarına təşəkkürünü bildirib. Qeyd edib ki, aktiv döyüşlərə ASCO ailəsindən 58 nəfər qatılıb. Bundan başqa, müharibə zamanı şəhidlik zirvəsinə ucalanlar arasında ASCO ailəsinin üzvü olan əməkdaşların övladları, ADDA və ADK tələbələri də var idi. Bu gün həm Vətən müharibəsi iştirakçıları, həm qazilər, həm də şəhid ailə üzvləri diqqətdə saxlanılır, onlara xüsusi qayğıyla yanaşılır.
Rauf Vəliyev işçilərin rifahının yaxşılaşdırılması, kadr hazırlığı, gənclər siyasəti, eləcə də veteran dənizçilərə qayğı istiqamətində görülən işlərdən də bəhs edib.
Daha sonra söz ömrünün 50 illini dənizçiliyə həsr edən, veran dənizçi, əməkdar mühəndis Şahid Orucova verilib. O, zəngin tarixə malik ASCO-nun müasir şirkət kimi fəaliyyətini müvəffəqiyyətlə davam etdirdiyini, qazanılan uğurların arxasında böyük inam və gücün dayandığını bildirib. Fəaliyyəti dövründə olduğu kimi, bu gün də dənizçi olmağı ilə fəxr etdiyini və həyatını bu peşəylə bağlamağından qürur hissi keçirdiyini deyib.
Gənc dənizçi, ASCO-nun Xəzər Dəniz Neft Donanmasının “Şahdağ” gəmisinin növbə mexaniki, II Qarabağ müharibəsinin iştirakçısı, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, Cəbrayıl, Xocavənd, Füzuli və Şuşanın azad olunmasına görə medallarına layiq görülən Cəfər Səfərli çıxışında ASCO-da həm gənclərə, həm də Vətən müharibəsi iştirakçılarına yaradılan şəraitdən danışıb, diqqət və qayğıya görə minnətdarlığını bildirib. Göstərilən yüksək etimadı layiqincə doğruldacağına əminliyini ifadə edib.
Tədbirdə həmçinin 2021-ci ilin yekunlarına görə ASCO üzrə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim”, “İlin ən yaxşı kranmeystri” və “İlin gənc dənizçisi” nominasiyalarının qaliblərinin adları açıqlanıb və mükafatlandırılıblar.
Yekunda 28 aprel 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən unikal RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin ilk səfərinə həsr olunmuş “İlk səfər” filmi təqdim edilib.
“Seanews.az”