Aşıq Ələsgərin (1821-1926) anadan olmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Aşıqlar Birliyi tərəfindən aşığın “Lirika” kitabı nəşr olunub. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 18-də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının “Ələsgərəm hər elmidən halıyam…” başlıqlı əhatəli ön sözü ilə işıq üzü görüb. Kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.
184 səhifəlik kitab “Zərdabi nəşr” MMC nəşriyyatında çap olunub. Dörd bölmədən ibarət kitabda “Gəraylılar”, “Qoşmalar”, “Təcnislər” və “Müxəmməslər” yer alıb. Həmçinin aşığın şeirlərində işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin lüğəti verilib. İlk dəfə olaraq bu topluda aşığın şeirlərinin hansı aşıq havası üstə oxuna bilməsi barədə örnəklər göstərilib. Toplu H. Əlizadə və M.H.Təhmasib və İ. Ələsgərin hazırladıqları kitablar, eyni zamanda ustad aşıqların repertuarı əsasında ərsəyə gəlib.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az