2020-ci ilin 27 sentyabrından başlayaraq cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçən mənfur qonşularımızın çirkin niyyətlərinin qarşısısının Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən qətiyyətlə alınması və əks hücum əməliyyatlarına başlayan silahlı qüvvələrimizin 30 ilə yaxındır ki, işğal altında olan tarixi ərazilərimizi – şəhər, qəsəbə və kəndlərimizi, strateji yüksəklikləri azad etməsi xalqımızda böyük ruh yüksəkliyi və coşqu yaradıb. Arxada cəbhədə olan hər kəs bu qürurlu günlərdə ordumuzun yanında olmağı, ona dəstəyini ifadə etməyi özünün müqəddəs borcu hesab edir.
Ölkəmizin ictimai həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndələri də bu müqəddəs çağırışa qoşularaq, mütəmadi olaraq, əsgərlərimizi ziyarət ediblər.
İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Şəmşiroğlunun tapşırığı və xeyir-duası ilə əsgərlərimizin görüşünə gedən İctimai Birliyin nümayəndələri görüşlər zamanı bildiriblər ki, əslində bu gün dünyanın ən qüdrətli ordularından olan Azərbaycan ordusunun maddi-texniki baxımdan heç bir yardıma, köməyə ehtiyacı yoxdur. Xüsusi vurğulanıb ki, bu ziyarətlərdə məqsəd xalqın ordu ilə birlikdə olduğunu bir daha nümayiş etdirmək və xalqımızın tarixən orduya, əsgərə sovqat göndərmək ənənəsini yaşatmaqdır.
Görüşlər zamanı əsgərlərimiz yüksək əhval-ruhiyyədə olduqlarını bildirblər, xalqdan gələn hər bir dəstəyin, onlara göndərilən adi bir sovqatın belə mənəvi cəhətdən böyük mənası olduğunu ifadə ediblər. Bildirilib ki, müzəffər Azərbaycan ordusu Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, cənab Prezidentimiz, Ali Baş Komandanımız, mahir sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə ən yaxın zamanda işğal altında olan bütün torpaqlarımızı azad edəcək, əzəli yurdlarımızda şanlı Azərbaycan bayrağı dalğalanacaqdır.
Müstəqil.AZ