Bəs belə sərt təbiətli qadında yumurtadan şikəst çıxan cücələrə məhəbbət və mərhəmət nədəndir?
İndi kimi isə cəmiyyətə qəhrəman kimi təqdim etmək elə də asan deyil. Sadəcə kim isə qəribəlikləri, qeyri-adi davranışları və əməlləri ilə haradasa insanlarda müəyyən maraq oyada bilir.
Belə qeyri-adilərdən biri də Masallı rayonunun Xırmandalı ərazi vahidinə daxil olan Xırmandalı kəndidndə yaşayan Əhmədova Sərimə Qulam qızıdır.
Xəyalınıza ucqar bir kənd, qış olsun, boran olsun, minlərlə toyuq-cücənin içində tənha yaşayan gözəl-göyçək, şux qamətli bir xanım gətirin. (Əgər toyuqlardan kənarda onun şəklini görsəniz, inanmazsınız ki, bu qadın az qala ömrünün yarıdan çoxunu toyuqlara həsr edib). Onun ən vəfalı dostları isə hər an hücuma hazır olan bir neçə keşikçi itlərdir və tüfəngidir.
… Sizin xəyalınıza gətirdiyinizə, xəyallarınızda canlandımaq istədiylərinizə biz bu günlərdə öz gözlərimizlə şahid olduq.
Yaxın dostum, Muğan torpağının, eləcə də Masallının dəyərli ziyalılarından olan Əlizamin Baxışın dəvəti ilə bu fermer qadının təsərrüfatına baş çəkdim.
Keşikçi itlərin müşayiəti ilə Sərimə xanımın buradakı 2 mərtəbəli “iqamətkahına” daxil oldum. Sərimə xanım olduqca ünsiyyətcildir və adamla yüz ilin dostu imiş kimi xoş münasibət qurur.
Mən bu qadından yazı hazırlamağa gedəndə onun haqqında kifayət qədər məlumatlı idim. Belə ki, jurnalist həmkarım Faiq Balabəyli hələ bir neçə ay öncə Sərimə xanım haqqında olduqca maraqlı yazı hazırlamışdı. Necə deyərlər, onun haqqında nələr demək mümkün idisə, hamısını demişdi.
Amma Sərimə xanım elə insandır ki, “silkələyəndə” ondan həmişə yeni nəsə tapmaq olur.
Öncə onun özünü dinləyək.
Sərimə xanım- Ailədə 9 uşaq olmuşuq. Mən sonuncu idim. Atam müharibə iştirakçısı, təssərrüfat rəhbəri, bütün əməlləri və sözləri ilə bizə nümunə olan bir insan idi. Məsələn, müharibə iştirakçısı olsa da, veteranlara verilən yardımları almazdı. Deyərdi ki, neçə-neçə igidimiz mənimlə yanaşı həlak olub, mən isə o od-alovun içində sağ qalmışam, hələ bir yardım da almalıyam? Mənim də payımı da həmin həlak olan, yaraalanan çəhbəçilərin ailələrinə verin.
Gözümü açanda tarlada, fermada zəhmətlə, atamın sərt tərbiyəsi ilə, halal çörəklə böyümüşəm. Bir şair var e, Cabir Novruz. O, “Mənim nəslim” şeirində yazır ki, “Mən naz-nemətli, şan-şöhrətli ailədə doğulmadım. …Məni bu cür böyüməyim sərt elədi, məni bu cür böyüməyim mərd elə. Minnətdaram öz nəslimə buna görə”, “Bu həyatda nəyim vardı, tək qazandım, məhəbbətdən qaşığacan tək qazandım.”
Sərimə xanımın bəslədiyi rəngbərəng toyuqlar kimi onun söhbətinin qəribəliklərdən də adam xüsusi zövq alırdı.
Söhbətdən bəlli oldu ki, Sərimə xanın az qala uşaq yaşlarından at çapıb, tüfəng atıb, hətta arada bir canavar balası da saxlayıb. Sonra ehtiyatsızlıq üzündən həmin canavar balasını maşın vurub. O, yenə də saxlamaq üçün canavar balası axtarır. Həlilik isə məhəbbətini gecə-gündüz onun keşiyini çəkən 4 itə salıb. Bu yaxınlarda isə həmin itlərdən birini oğurlayıblar. O deyir ki, oğru bəlli olsa da, müvafiq təşkilatlar tədbir görmür.
Sərimə xanımla görüşdə ən maraqlı söhbətlərdən biri də, onun uşaqlıqdan necə pul qazanması söhbəti oldu. O, bir qədər qəribə səslənsə də bildirdi ki, hələ uşaq vaxtından qardaşlarımın köynəyini, şalvarını pul alıb yuyar, pul alıb ütüləyər, tüfənglərini pul alıb təmizləyərdim. Bu işim onlara da, özümə də ləzzət verərdi. “Heç vaxt çərçivələrə sığmadım, necə deyərlər, bir partizan ömrü yaşadım və yaşayıram.”
Bəs onun toyuq-cücəyə məhəbbəti haradan yaranıb?
Özünün danışdığına görə, qonşunun inkubator qurğusu var imiş Sərimə də yumurtalardan cücə çıxanda bu “tamaşa”ya baxmaq üçün onlara gedərmiş. Bir dəfə görür ki, həmin evin yaxınlığındakı xəndəkdən cücə cükkültüsü gəlir. Maraqlananda bəlli olur ki, yumurtadan yarımcan çıxan, normal olmayan cücələri ora atıblar. Sərimə xanım, həmin yarımcan cücələri toplayıb evə gətirir, sobanın üstündə onları qızdırıb, bəsləyib həyata qaytarır. Beləliklə, toyuq-cücə ilə əbədi məhəbbət bağlayır.
Söz ki, məhəbbətdən düşdü, onu da deyim ki, Sərimə xanımın az qala macəra filmlərinə bənzəyən, olduqca saf, fanatik və dramatik, həm də uğursuz bir sevgi dastanı da var. O. bu dastanı ürək yanğısı ilə bizə danışsa da, xahiş etdi ki, detallarını mətbuatda səsləndirməyək. Biz də bu razılaşmaya hörmət əlaməti olaraq, həmin məqamı işıqlandırmırıq.
Sərimə xanımın işləri heç də həmişə “yağ” kimi getmir. Gileyləri də var.
Kənd ərazi nümayəndəsindən gileylidir ki, kəndin mərkəzində bəslədiyi toyuqları satmaq üçün ona normal şərait yaratmır, dükan yeri vermirlər. Kredit təşkilatlarından gileylidir ki, ona lazımi qədər vəsait ayırmırlar ki, toyuq fermalarını lazımınca təmir etsin, satış məsələlərinin yüksək səviyyədə təşkilinə nail olsun. Ona yardım etmək, sponsor xidməti göstərmək istəyənlər də var, lakin heç kimə minnətçi olmaq istəmir. İstəyir ki, rəsmi şəkildə kredit götürsün və halal zəhməti ilə təsərrüfatını daha da dirçəldib, həm özü qazansın, həm də bankın kreditini ödəsin. (Son məlumata görə Sərimə xanım kredit məsələsini həll etmək üzrədir.)
Sərimə xanım bəzi məmurlardan gileyli olsa da, ölkə başçısından və rayon rəhbərliyindən çox razıdır və təkidlə xahiş etdi ki, onun bu razılığını mətbuatda qeyd edim.
Qeyd: Yazının yuxarısında qeyd etdim ki, jurnalist həmkarım və dostum Faiq Balabəyli onun haqqında bir neçə ay öncə maraqlı bir yazı yazıb. Təkrara yol verməmək və Sərimə xanım haqqında daha aydın təsəvvürünüz olsun deyə, həmin yazını kiçik ixtisarla sizə təqdim edirik.
Fermer xanım: “Niyə kiminsə əlinin altında…” – Foto
…Budəfəki Masallı səfərimizin səbəbi Xırmandalı kənd sakini, fermer Sərimə Qulam qızı Əhmədovanın təsərrüfatı ilə yaxından tanış olmaq, əmək adamı olan xanımın uğurlarına işıq tutmaq, problemlərini dinləmək, arzularına qulaq asmaq idi. Görüşümüzə qonşu Hacıtəpə kənd sakini, təqaüdçü müəllim, dostum Əlizamin Baxış körpü yaratmışdı. Xanımın əmək fəaliyyəti ilə bağlı xoş sözlər demiş, 5 nəfər ailənin oradan dolandığını söyləmişdi.
Onu da qeyd etmişdi ki, Sərimə əldə etdiyi bütün uğurlara təkbaşına nail olub. Heç kəsin köməyindən yararlanmayıb, kömək umduğu bəzi dövlət idarələri rəhbərlərindən sınmayıb, geri çəkilməyib. Necə deyərlər, Robinzon Kruzo kimi bir “adaya” sığınıb.Kəndin kənarında, ona və rəhmətlik atasına aid olan 44 sot pay torpağında iş qurub.
– Doqquz ildir bu işlə məşğulam. Qardaşlarım şəhərdə olur, dedilər, gəl Bakıya, razı olmadım. Gedib kiminsə firmasında, əlinin altında işləməkdənsə, öz işimi qurdum. Düzdür, yerim azdır və bu torpaqlar əkinçilik üçün nəzərdə tutulub, amma torpaqda buğda, digər bitki əkmək perspektivli görünmədi. Toyuqçuluqla məşğul olmaq istədim, inad etdim və istəyimə nail oldum…
Sərimə xanımın indi haqq dünyasında olan atası vaxtı ilə kolxoz sədri kimi fəaliyyət göstərib. Torpağa bağlılıq, təsərrüfata ürək vermək atasından qalıb ona:
– Atam xəstə idi, ona qulluq etdim, eyni zamanda da işlədim. Atam toyuqçuluqla məşğul olmağıma razı deyildi. “Bir nəfərin, özü də qız xeylağının işi deyil bu”, – deyirdi. Mən isə istəyimdən dönmədim. Qohumun, qardaşın dediklərinə qulaq asırdım, amma onları da inandırmağa çalışırdım ki, bu, mənim bacaracağım işdir. Atam təsərrüfat başçısı olmuşdu, dövlət dəstəyi və maliyyə yardımı olmadan tək adamın bu işlərdə necə çətinliklə rastlaşacağını yaxşı bilirdi.
O, məndən incimişdi də. Dostu, qonşu kənddən olan Salman dayı vardı. O da uzun müddət kolxozda məsul vəzifədə işləmişdi. Salman Kəlbiyev atama deyib ki, sənin qızın bilirsən nələr görüb? Kərpic kəsib, quş ferması tikib, ağac tingləri basdırıb, quyu qazdırıb. Atam xəstə idi, gəlib gözləri ilə görə bilməmişdi. Dostunun sözlərindən sonra sanki ona güc gəlmişdi, sevinmişdi. Alnımdan öpdü, mənə halallıq verdi.
Ayrı-ayrılıqda hər birimizə 22 sot torpaq verilmişdi, öz payını da mənə bağışladı, amma toyuqçuluq üçün bu, çox azdır. Mənim öz sahəm olmalıdır, əkim, yem tədarükü görüm. Dövlət fondundan olan torpaqlar artıq icarədarlar tərəfindən götürülüb, əkilir və buğdaçılığa yararsız olduğuna görə heç bir mənfəət əldə olunmur. Əksinə, dövlətdən hər il vəsait alınır, boş yerə xərclənilir.
– Gözəl xanımsınız. Özünüz də deyirsiniz ki, qohumlar, qardaşlar sizi şəhərə dəvət etdi. Axı indi çoxları şəhər mühitində yaşamağa can atır…
Qəribə, xoş təbəssümü var Sərimə xanımın. Danışdıqca əllərini bir-birinə barmaqlayır. Sanki bu əllər növbə ilə biri digərinə sığal verir, qayğısını çəkir.
Əllərinə baxdığımı görcək, sifətinin utancaq təbəssümü deyəcəyi sözlərə fon verir:
– Bir dəfə Sumqayıtda avtobusda gördüm ki, hamı əlimə baxır. Özüm də baxdım, eyni zamanda digər qadınların da əlinə fikir verdim. Mənim əllərim, barmaqlarım o qədər yaraşıqlı idi ki… Utandım, doğrusu, istədim, gizlədəm əllərimi… Əmioğlum vardı, AzTV-nin operatoru idi, onlara getmişdim. Dedi, ay Sərimə, bu əllər bir rəsm əsəridir…
İndi kəndə qayıdanlar çoxdur. Dövlətimiz var olsun, kəndə qaz çəkildi, başçı da sağ olsun, kanallar çəkildi ki, su basqınlarının qabağı alındı. İndi yol çəkilir, körpü salınır… İndi kənddə yaşamağa nə var ki!
Məndə torpağa meyil lap çoxdan olub. 12 il bundan qabaq hər kəs kartof əkirdi. Mən də həyətimizdə kartof əkdim. Tək idim, atam xəstə, anam da dünyasını dəyişmişdi. Qardaşlar şəhərdə. Karkası istixanaların altında əkirdim, 14 karkas idi. Sellofan örtüyün altında lampa bağlayırdım ki, elektrik işığı ilə düşəcək şaxtanın qarşısını alım.
Demə, qonşu qadınlar yığışıb mənim bu hərəkətimə baxırmışlar. Bir də gördüm ki, kimsə deyir, “bəsdir, bu qızın işlərinə tamaşa etdik, gedək, indi Amacinin filmi başlayacaq”. Demək, bunlar mənə əyləncə kimi baxırmışlar. Pis oldum, amma inadımdan dönmədim. “Eybi yoxdur, mən filmə baxmasam da olar”, – dedim. Xəstə atamın qulluğunda durmalıydım. İş görməli, pul qazanmalı idim. Həmin il məhsulumu yığıb yığışdırmaq mümkün olmadı. Bir karkasın altında 2-3 maşın məhsul toplandı.
Bəs, Sərimə xanımın toyuq-cücə saxlamağa meyli haradan yaranıb?
Qəribə tarixçəsi var bunun, yaxşısı budur, onun dilindən eşidək:
– Qonşuluqda inkubator aparatı yerləşdirmişdilər. İnsanlar yumurtaları verirdi və həmin aparatlardan cücələr çıxırdı. Bir dəfə qonşunun evinin arxasındakı çökəklikdən civilti səsləri eşitdim. Maraqlandım ki, bu, nə səsdir. Dedilər, yumurtadan çıxmayan cücələrdir, gec əmələ gəlir deyə, çıxarıb ora tökürlər. Ürəyim ağrıdı, onlar canlı idi axı. Düşdüm dərəyə, 22 yumurta seçib gətirdim evə. Odun sobasının altına düzdüm. İstidən o cücələr yumurtanı deşib çıxdılar, bəziləri zəif idi, gücü çatmırdı, özüm deşdim yumurtaları. Hamısını böyütdüm. İnanmazsınız, necə də gözəl idilər. Həyətdə, çöldə işləyəndə ürəyim onların yanında olardı, tez qaçardım evə. Sonradan özüm də yumurta alıb həmin aparatda cücə çıxartdırdım və bu işə beləcə başladım. Niyə daha çox olmasın? Niyə 4-5 ailə bu işdən yararlanmasın? Kənddə bəzi adamlar mənə deyirdi, get adını yazdır, sosial müavinət al, il boyu ye də. Deyirdim, mən sağlam, iş görə biləcək, dövlətə xeyir verə biləcək adamam, niyə dövləti aldadım? Elə iş quraram, 4-5 nəfər də işləyər, bu da dövlətə xeyir. Mənə gülənlər var idi.
Sərimə xanımın gileyi də var, onları dilə gətirir:
– Baxın, mənim 3 sexim var: ətlik, yumurtalıq və kiçik quşlar üçün. Kəsilib, təmizlənib, saxlanc yerim olan yer də tikmişəm. Amma məhsulumu sata bilmirəm. Kənd icra nümayəndəsinə dəfələrlə demişəm ki, bir yer verin, dükan tikim, bu ətin satışı ilə məşğul olaq. Yoxdur deyir, amma mənim müraciətimdən sonra onlarla dükan yeri, çayxana yeri verib. Vaxt tapım, icra başçısının qəbuluna gedəcəyəm. Onun iş görmək istəyənə xüsusi diqqəti var. Rafil müəllimə (Masallı rayon icra başçısı Rafil Hüseynov – red.) deyəcəyəm ki, təkbaşına tikdiyim, yaratdığım bu boyda təsərrüfat binalarının sənədləşməsinə, işimizi genişləndirmək üçün kredit götürməyimizə kömək olsun, göstəriş versin. İnanıram ki, o, mənə kömək edəcək.
Sərimə xanım quş yeminin tonuna 900 manat ödədiyini deyir.
– İmişli Yem Zavodundan gətirilən yemin tərkibi heç də ürəkaçan deyil. Özüm burda buğda, arpa, soya alıb yemi hazırlayıram. Bu, daha keyfiyyətli olur. Bir-iki dəfə müraciət etmişəm ki, mənə icarəyə torpaq verin, həmin dənli bitkiləri əkim, becərim, işçi də götürüm, müraciətimi cavabsız qoyurlar.
Sanki bir qadının bunu bacardığına inanmırlar. İldə təxminən 10 min kiloqrama yaxın ət istehsal edirəm, ancaq satışını qura bilmirəm. Bəzən maya dəyərindən aşağı satıram. Bu il ancaq işçilərin maaşını və aldığım yemin, dərmanın, istilik üçün istifadə olunan materialların pulunu ödəmişəm. Soyuducularım ətlə doludur. Təbii yolla böyüdülən ətlik cavan toyuqlardır, ətinə iynə vurub şişirtmirəm ki!
Sərimə xanım Prezidentə müraciət də edəcəyini və kömək istəyəcəyini deyir:
– Birincisi, Prezident kənd təsərrüfatı sektorunun genişlənməsi üçün çox mühüm işlər görür. İkincisi də mən bu işə onun atası, ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə başlamışam…
Baxışdakı sualı tutur, çox ciddi halda deyir:
– Bu, həqiqətən belədir. Heydər Əliyev bir dəfə yuxuma girdi, mənim də əllərim təmiz deyildi, önlüyümə silib ona baxırdım. Kişi gülümsəyə-gülümsəyə saçımı sığalladı, “qızım, səndən xoşum gəldi, hamı məndən nə isə istədi, sən isə susdun, görürəm ki, işgüzarsan, al, bunu sənə hədiyyə verirəm”, – deyib, mənə bir tovuzquşu verdi. Yuxudur da, qaçaraq anamın yanına getdim, dedim bax, Prezident mənə tovuzquşu verdi. Anam dedi ki, bu, göyərçindir, o qədər gözəldir ki, tovuzquşuna bənzəyir. əlimi göyərçinin – tovuzquşunun üstünə çəkdim. Gördüm, ətrafımda həmin o ölümdən qurtardığım kiçik cücələr dolaşır. Yuxudan ayıldım. Bax, elə bil, o kişi mənə öz xeyir-duasını verdi.
Sərimə xanımın həmkəndlisi, vaxtı ilə kənddəki İslahat Komissiyasının sədri olan Mürsəl Hüseynovla söhbətimiz zamanı o da xanım fermerin işlərində bəzi maneələrin olmasını dilə gətirdi:
– Bu boyda tikilini başa çatdırmaq asan deyil. Bəzən bir dövlət idarəsi bu işi başa çatdıra bilmir. Düzdür, torpağın təyinatı əkinçilik üçün nəzərdə tutulub. Birincisi, o, 44 sot torpaqda nə qədər taxıl əldə edə bilər ki? İkincisi də torpaq əkinə yararsızdır. Bunun təyinatını dəyişmək, daha səmərəli istifadə etməyin yolunu tapmaq lazımdır…
Qeyd: Layihə Qadın Konsensus Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Fermer təsərrüfatlarından reportajlar “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda layihə çərçivəsində hazırlanır.
Layihə çərçivəsində Azərbaycanda kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi üçün şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrinin möhkəmlənməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılmasına diqqət ayrılır.
cenubxeberleri.com