Kulis.az tanınmış telejurnalist, yazıçı, tərcüməçi İlqar Əlfioğlu ilə müsahibəni təqdim edir.
– İlqar müəllim, sizinlə müsahibədən əvvəl söhbət edəndə, yeni, irihəcmli romanın tərcüməsinə başladığınızı dediniz. Biz də söhbətə ədəbiyyatdan başlayaq…
– Başlayaq. 2012-ci ildə Nobel mükafatı alan Çin yazıçısı Mo Yanın “Ölüb dirilməkdən bezdim” adlı romanını tərcümə edirəm. Çox gözəl əsərdi. Romanın qəhrəmanını şərləyərək öldürürlər. Cəhənnəmin girəcəyində günahlarını boynuna almadığı üçün o, ikinci dəfə eşşək kimi dünyaya gəlir. Sonra eşşəyi də öldürürlər öküz kimi doğulur. Hər dəfə bir heyvan cildində doğulan qəhrəman hər şeyi adam kimi görür və danışır. Mo Yan bu romanı 2010-cu ildə 46 günə yazıb bitirib. Əslində romanda baş verənlər hamısı Mo Yanın öz həyatında yaşadıqlarıdı. Özü də personaj kimi əsərdə iştirak edir.
– Romanı sifariş əsasında tərcümə edirsiniz, ya öz istəyinizdi?
– Mo Yan bilirsən ki, on ildən çoxdur Nobel alıb. Mən də baxdım ki, onu Azərbaycanda tərcümə edən yoxdu. Romanlarına göz gəzdirəndə bu romanla qarşılaşdım. Əsər Rusiyada ruslarla çinlilərin mədəni əlaqələr cəmiyyətinin birgə sponsorluğu ilə çap olunub. Düşündüm ki, bu günkü Çində Mo Yan dəbdə olan yazıçıdır.
– Nə vaxtdan başlamısınız tərcüməyə?
– Təzə. Səkkiz, doqquz min tərcümə etmişəm. Mən oxumadığım kitabı tərcümə edəndə, əgər kitab maraqlı olursa, onu çox sürətlə tərcümə edirəm. Çünki özümə də əsərin davamı maraqlı gəlir. Sovet dövrünün bütün pis və yaxşı cəhətlərini çox gözəl bilirəm. Mənim qədər bilən yoxdur. Amma mən o dövrün yaxşı cəhətlərini bu günkü cəmiyyətin uşaqlarına izah edə bilmirəm.
İndi istənilən işçini çox asanlıqla işdən çıxartmaq olur. Amma sovet dövründə belə deyildi. İşçinin müəyyən bir sığortası vardı. Ona görə də o dövrdə insanlar sabahın dərdini çəkmirdilər. Bax, bizim bu günkü dərdimiz budur ki, bu gün biz dolanırıq, bəs sabah necə olacaq? Sabahın dərdi bizi öldürür, yaşamağa qoymur. Bu fərqi təcəssüm etdirən bir müəllif tapmamışdım. Amma indi romanı tərcümə edə-edə özüm də ləzzət alıram.
– İlqar müəllim, tərcümə prosesində ən çox nəyə fikir verirsiniz?
– Hər bir peşə sahibinin bir püxtələşmə dövrü var. Ola bilməz ki, bir tərcüməçinin qırx il əvvəl etdiyi tərcümə qırx il sonrakı qədər yetkin olsun. Və yanaşma da mütləq dəyişir. Tərcüməyə başlayanda, mən müəllifə özümdən yüksək qiymət verirəm. Tərcümə zamanı müəllifin vəkilinə çevrilirəm, onun mənafeyini qoruyuram. Misalçün, Saramaqonun “İsanın incili” romanında səhifə yarımlıq bir cümlə var. Mən istədiyim tərcüməni almaq üçün həmin hissəni üç günə tərcümə etmişəm və zərrə qədər də kefim pozulmayıb, vaxtımın itməyinə təəssüflənməmişəm. Çünki bilirəm ki, üç günə tərcümə etdiyim hissəni müəllif altı günə yazıb. Bəlkə də daha çox müddətə. Amma adamlar var ki, həmin o böyük cümləni doğrayıb xırda-xırda cümlələrə çevirib tərcümə edir. Sonra da deyir ki, Saramaqonu tərcümə etdim. Axı o Saramaqonun tərcüməsi deyil. Məgər Saramaqo o cümləni qısa-qısa yaza bilməzdi?
Tərcüməçi tərcümə prosesində elə bil ki, qıl körpüsünün üstündən keçir. Bir yandan tərcüməçinin, digər yandan oxucunun mənafeyini qorumalı olur. Axı tərcüməçi əsəri oxucu üçün tərcümə edir. Əsəri oxucu oxuyub ləzzət almalıdı. Təbii ki, zəmanə sürətlənib. Sürətlənib deyə üslubçuluq da üslub olaraq keçmişdə qalıb. Amma bu o demək deyil ki, biz keçmiş üslubçuları bu günün bəsitliyinə gətirməliyik. Yox, bu vacib deyil. Keçmişin üslubçuları keçmişdə qaldılar. Ehtiyac və maraq varsa, onları yenidən tərcümə etmək olar, amma yeni ülsubda. İndiki müəlliflər də mətni nağıl kimi yazırlar. İndiki dövrün Nobel alan yazıçılarının mətnlərini görmürsən? Alekseyeviçə, diktofon jurnalistinə, özü də yalan yazan jurnalistə Nobel mükafatı veriləndən sonra mənim sözüm bitdi.
– Alekseyeviçi ədəbi meyarlarla qiymətləndirən yazıçılar da çoxdur axı.
– Əfqanıstan hadisələri ilə bağlı yalan yazıb. Şəxsən mən Əfqanıstanda olmuşam. Gözümlə gördüyüm həqiqətləri mənə yalan kimi təqdim edir. Alekseyeviç yalan, əfsanə yazır və ona Nobel verirlər.
– Ümumiyyətlə, son illər ədəbi və kino mükafatların siyasiləşməsi nəzərəçarpacaq qədər artıb. Yəqin siz də razılaşarsınız…
– Bilirsən niyə? Çünki mükafat əzəmətli olanda hamı ona can atır. Hamı ona can atanda, siyasilər onu monopoliyaya götürməyə çalışır ki, əqidə etibarı ilə özlərinə yaxın olanları ora salsınlar. Bir zamanlar nobelçilərin hamısı kommunist idilər. Onda sol ideyanın Avropada, Amerikada, bütünlüklə dünyada yayıldığı vaxt idi. Əslində bütün yazıçılar sosialist olmalıdır. Pul üçün yaşayan adam, sağçı necə yazıçı ola bilər? Yazılası hər şey sol baxışlardadır. İnsanın halına yanmaq, onu yaxşı tərəfə yönəltmək, tərbiyəsi ilə məşğul olmaq solçuların işidir. Sağlar deyirlər ki, bizim adam tərbiyə etməklə işimiz yoxdur. Adamlar nə qədər tərbiyəsiz olsalar, sağlara sərf edəcək.
– Bəs əvvəllər, siz deyən dövrlərdə necə mükafatların siyasiləşməsi vardı?
– Əvvəllər yox idi. Amma yaxşı müəlliflər hamısı solçu idi. Bu da sol ideyanın cəlbediciliyindən irəli gəlirdi. Milyonerə kitab lazımdı? Milyoner kitab oxuyur? Milyonerə kitabın dərc olması prosesi maraqlıdır ki, kitabı on beş manata çap edib, iyirmi beş manata satsın. Bu kapitalist düşüncəsidir, o, kitaba bu nöqteyi-nəzərdən yanaşır. Sabah kapitalist o kitabı sata bilməyəndə, stolun bir tərəfi hündür olanda, altına qoyacaq. Mənim atamın bu haqda hekayəsi də var. Yəni ədəbiyyata baxışlar müxtəlifdir. Biz, ədəbiyyatın tərbiyəçi missiyasını danırıq. Amma ədəbiyyat yaxşı nümunələrlə tərbiyə eləməlidi. Yaxşı nümunələri də yaratmaq üçün özün şəxs olaraq yaxşı nümunə olmalısan. Bəzən görürəm əsər yaxşı əsərdi, amma onun müəllifi axmağın biridi. Elə olanda, həmin əsərə qəti inanan bilmirəm. İnsan özü axmaq ola-ola necə yaxşı əsər yaza bilər? Mümkün deyil. Axı müəllifi cəmiyyət içərisində də tanıyırlar, bilirlər ki, o, müsbət adam deyil. Belə halda o müəllif cəmiyyət müsbət impuls ötürəcək nə yarada bilər?
– Amma ədəbiyyat insanı tərbiyə etmir, formlaşadırmır kimi fikirlər tez-tez səslənir.
– İnsanı ədəbiyyat formalaşdırır də, bazar formalaşdırmır ki.
– Həmin formalaşmanın içində tərbiyə, əxlaq, vicdan və sair nümunəvi xarakterlər yer alır.
– Ay sağ ol. Bax, sən axırıncı nəsilsən. Daha doğrusu axırıncı nəsil mənəm, ordan sizə də bir az nələrsə çatır (gülür). Amma bu günkü mühitdə olan cavan uşaqların məsələsi bir az çətindi.
– Sizcə mühit var?
– Əlbəttə var. Hərə çiynində beş ton yük gəzdirir. O nədir? Göyünməyən yükdür.
– Bu yaxınlarda Aqşin Yenisey kulis.az-a verdiyi müsahibədə indiki mühitlə bağlı belə fikir səsləndirdi: “Bizdə doğulan ümidlərin sizə ölüsü gəlib çatdı”. Çox məyus oldum. Haqlı çalarlar vardı bu fikirdə…
– Həə (gülür). Yəni sizə heç nə çatmadı da. Amma Aqşinin işlətdiyi o cümləni bütün dövrlərdə yazmaq olar. O bütün dövrlərin cümləsidi. Bunu sovet dövründə yaşayan yazıçı da deyə bilərdi. Çünki o vaxt da hamının ümidləri özünü doğrultmurdu. Bəlkə də həmin adamlar öz ümidlərinə adekvat deyildilər, ona görə həyata keçmirdi.
– Yazıçının ümidi nə olmalıdı?
– Samirə, mənim aləmimdə ən səmimi və keyfiyyətli yazı müəllifin özü üçün yazdığı yazıdı. Çünki mən gərək bir müəllif kimi özüm öz yazdığımdan ləzzət alım. Özüm ləzzət almıramsa, can çəkə-çəkə oxuyuramsa, niyə yazım? İndi məqsəd ancaq çap olunmaq, kitab sayını artırmaqdır. Sonra da kitablarını qoltuğuna vurub küçələrə düşür, satmağa başlayırlaar. Ortada böyük bir dilemma var. Xalq istəyir ki, yazıçı onun həyatından, açıq saçıqlıqdan, söyüşdən yazsın. Yazar da bilir ki, müəyyən dərəcədə müsbət impuls ötürməli, cəmiyyəti harasa yönəltməlidi. Bax, bu iksini bir yerdə tutuzdurmaq çox çətindir. Guya yaxşı yazıçı gözəl erotika yaza bilməz? Əsl sənətkar hər şeydən yaxşı yaza bilər. Əgər özü lazım bilirsə. On görə də indi həqiqi ədəbiyyat və geydirmə ədəbiyyatla oxucu arasında uçurum var. O uçurumun misalçün üçünü yazıçı aşa bilər, amma ikisini də gərək oxucu aşsın. Oxucu görür ki, pul arxasınca qaçır, sabah necə yaşaması barədə fikirləşir. Belə olan halda oxucu necə bədii ədəbiyyata sarı gəlsin? O, düşünür ki, bundansa, gedib bazarda iki araba mal daşıyıb pul qazanıb, axşam aparıb uşaqlarıma verərəm. Bu nigarançılıq dünyəvi nigarançılıqdır. Mən dediyim Azərbaycan modelidir. Eyni model Amerikada da var, Avropada da. Dostum Kanadada yaşayır. Mənə hərdən zarafatla deyir ki, İlqar, birdən sənə Kanadanı tərifləyərlər, inanma. Birdən maraqlanıb, gəlmək istəyərsən. Gəlmə!
– İlqar müəllim, bu günkü tərcümənin problemlərindən danışaq…
– Tərcümənin problemləri çoxdu. Tərcümə etdiyimiz dil önəmli məsələdi. Mən fars dilindən də tərcümələr eləmişəm. Amma bizim cəmiyyət elədir ki, qulağının dibində olan ölkəni öyrənmək istəmir. Bizim İran haqqında təsəvvürlərimiz yoxdu. Eşitdiklərimiz də ordan burdan gələn xəbərlərdi. Ona görə də mən daha çox rus dilindən tərcümələr edirəm. Sovet dövründə rus dilində formalaşmış çox böyük tərcümə məktəbi vardı. Tutalım, o vaxt İspan yazıçısının bir əsərini rus dilinə tərcümə etmək lazım gəlirdisə, rusdilli tərcüməçilər arasında yarış gedirdi. Əlli nəfər ispan dilindən tərcümə edən tərcüməçinin yalnız biri, ən yaxşısı həmin tərcüməni edirdi. Pis tərcüməçini yaxına buraxmırdılar. Rus dilində keçmiş tərcümələr çox yaxşıdı. O vaxtın tərcüməçiləri müəllifin halına yanırdılar. Amma indi onlarda da boyaqxana küpüdü. 90-cı illərə qədər rus tərcümə məktəbi dünya üçün örnək ola bilərdi. İndi bizdə deyirlər ki, Rus dilindən tərcümə etmək lazım deyil. Orijinaldan edək. Sovet dövründə Azərbaycan heç olmasa iki yüz min rus dilində təmiz bilən adam vardı. Onun da əlli nəfəri yazıçı idi. Onların da içindən iyirimi nəfər yaxşı tərcüməçi çıxırdı. Amma indi biz rus dilindən on nəfər yaxşı tərcümə edən tərcüməçi tapa bilmərik. Orijinaldan tərcümə edək deyirlərsə, biz gərək iki yüz min ispan dilini bilən adamların içərisindən əlli nəfər, əlli nəfərin də içərisindən 20 nəfər yaxşı tərcüməçi tapmalıyıq.Tərcüməçi birinci növbədə müəllifin mənafeyini qorumalıdır, onun çəkdiyi əziyyəti hiss etməli, onun halına yanmalıdı. İkinci əsəri adekvat tərcümə etməlidi. Nəhayət, son olaraq da dilimizin xətrinə tərcüməçi müəllifin əsərinin dilinə on faiz xələl gətirə bilər. Bunsuz mümkün deyil. Misalçün, rus dilində belə bir ifadə var. Sən paravoz kimi kütsən. Bu kütbeyin adama deyilir. Bunu olduğun kimi tərcümə etsək, başa düşülməyəcək. İndiki nəsil heç bilmir paravoz nədir. Bütün hallarda mən rus dilindən tərcüməyə üstünlük verirəm. Həmişə də verəcəm. Mənə elə gəlir ki, hələ bundan sonra yüz ildə buna ehtiyac olacaq. Bir şərtlə ki, ruslar bundan sonra çox korlanmasınalr. Çünki onlar bizim dünyaya açılan pəncərəmizdir. Mən həmişə demişəm yaxşı tərcüməçi yetişdirmək üçün cavan, yaza bilən, sözü başa düşən uşaqları on səkkiz yaşından dövlətin dəstəyi ilə xaricə yollamaq, orda dil öyrənmələrinə kömək etmək lazımdır. Beş nəfər Yaponiyaya, beş nəfər İspaniyaya və.s. Ondan sonra onların da içindən bir nəfər tərcüməçi seçmək lazımdır. Çünki dili bilmək hələ tərcüməçi olmaq demək deyil.
– İndi daha çox Türk dilindən tərcümə edilir…
– Türkcədən olan tərcümələrin doxsan faizi kommersiya üçün olunur. Altı yüz səhifəlik kitabı iki yüz səhifəyə endirib tərcümə edirlər. Türk dilindən tərcümə örnək ola bilməz. Anlayış, düşüncə tərzi, dil və qrammatika baxımından onlar qat-qat bizdən geri qalırlar. Mənim bir türk dostum vardı. Bir dəfə Bakıya gəldi. Hansı evə qonaq gedirdisə, orda piano ilə rastlaşırdı. O, bundan dəhşətə gəlmişdi. Biz isə adi qarşılamışdıq. Çünki bizdə kasıbın evində də piano var. Bu real ab-havanı görəndən sonra onlar bizə daha çox hörmət edirlər. Əvvəllər isə bizə qəbilə adamları kimi baxırdılar.
– Tərcümə mərkəzində işlər nə yerdədi?
– İş gedir. Köhnə tərcümələrə yenidən baxmaq lazımdı. Onlar əslində tərcümə olunmuş əsərlərdi, Amma normal redaktə olunmalıdı. Bu isə tək Tərcümə Mərkəzinin işi deyil. Azərbaycanda redaktor, müəllif, korrektor ardıcıllığı pozulub. Redaktor redaktə elədiyi əsərin qüsurlarını təqdim edəndə, tərcüməçi qısqanır, deyir mənim tərcüməmə toxunma. Məgər tərcümə Quran ayəsidi? Məni nə qədər redaktə edirlərsə, mənə o qədər də ləzzət edir. Azərbaycanda dil təsərrüfatı çox dağınıqdı. Bəziləri deyir, dilin təmizliyi uğrunda mübarizə aparaq. Bəziləri də deyir, bu dil iki min ildir yaşayır, formalaşıb indiki səviyyəyə çatıb. Dilimizi korlamayın, mübarizə aparmaq lazım deyil.
– Coysun, Prustun əsərlərinin tam formada bizim dilə tərcümə olunmaması qüsur tutulur. Coysu tərcümə etməyə bizim gücümüz çatmaz?
– Çatar. Amma buna ehtiyac varmı? Axı o əsəri oxuyan olmayacaq. Üç nəfər almaq istəyəcək o kitabı. Bax, sən birinci adamsan ki, Prustun halına yanıb məndən onun haqqında soruşursan. Prust dəhşətdi.
– Yəni mən bizim dilimizdə olması faktının kerçəkləşməsi baxımından deyirəm…
– Mən başqa proyekt təklif edərdim. Çox istərdim ki, on cildlik dünya ədəbiyyatı dayjesti buraxaq. Misalçün, akademizmə qəti şəkildə iddia etmədən bir romanı iyirimi beş səhifə təqdim təqdim edirsən. Bu dayjes orta məktəblərə də böyük kömək olardı. Ondan sonra oxucu maraqlanıb həmin romanları alsın. Yoxsa, bu gün sən küçələrə Prustun, Coysun əsərlərini bu başdan o başacan düzsən də, onun kitabını on beş adam alacaq. Həm də Prustun üslubu köhnədi. Yəni Prustu tərcümə etmək olar. Onun dili Saramaqodan ağır deyil.
– Sonuncu tərcüməniz Salman Rüşdinin “Gecəyarı uşaqları” romanı oldu. Seymur Baycan bu romanı zibil adlandırmışdı. Sizin haqqınızda isə təxminən belə demişdi: Mən təəccüb edirəm ki, İlqar Əlfi kimi bir tərcüməçi belə bir romanı tərcümə edib. Belə fikirlərlə rastlaşanda, nə edirsiniz?
– Mən buna çox normal yanaşıram. “Gecəyarı uşaqları” romanı ilə “Ölüb dirilməkdən bezmişəm” romanı eyni mövzudadır. Biz Çin barədə heç nə bilmirik. Halbuki Çin dünyanı satın almaq üzrədi. Mo Yan isə bir neçə heyvanın timsalında inqilabdan tutmuş bu günə qədər olan Çin haqqında yazıb. Mənim məqsədim həm də budur. Salman Rüşdi də digər yazıçılardan biridir. Mənim onu tərcümə etməkdə məqsədim azərbaycanlı oxucunu Hindistanla tanış etmək idi. Hindistan təkcə hind filmlərindən, Çakrabotidən ibarət deyil. Bu baxımdan Seymur axtardığını çətin tapa. Açığı mən də onun nə axtardığını bilmirəm. Bilsəm, tapıb verərəm. Həm də mənim məqsədim Seymura nə isə bəyəndirmək deyil. Ölkəni tanıtmaq, ölkənin başına gələnlərin simasında dərs götürməyimizdir. Bu mənada tərcüməçinin missiyası həm də ölkələrin düşüncə tərzini bir-birinə yaxınlaşdırmaqdır. İndi püxtələşmişəm. Amma hərdən yanıb tökülürəm ki, o boyda sovet quruluşunu, dövlətini bir qutu “Turbo” saqqızına dəyişdik. O dövrü satanların içində mən də varam. Çünki o nəsildənəm.
– Bir dəfə məşhur bir aparıcı ilə söhbət edəndə, ondan niyə efirdən uzaq düşdüyünü soruşdum. Cavab belə oldu, televiziyalar mənim kimi adamları sevmirlər. Sizi də biz televiziya adamı kimi tanımışıq…
– Başa düşdüm. Mənim kimi adamları da heç kim sevmir. Yəni heç bir təşkilat, idarə mənim kimi adamları sevə bilməz. O gün efirdə Mehriban Zəki məndən soruşdu ki, indi hansı dalğadasınız? Mənim fikrimlə, televiziyanın fikri üst-üstə düşməsə, mən orda işləyə bilmərəm. Dedim, mən elə həmişə eyni dalğadayam. Həqiqətən də mən köhnə cəmiyyətdə də, indi də bildiyimi danışıram. əvvəllər mən danışanda, yazıq atam qulaqlarını tuturdu, deyirdi, səni tutacaqlar.
– 67 yaşınız var. Heç dəyişməmisiniz?
– Düşüncələrim dəyişib. Gənclikdə adam maksimalist olur. Mən də çox maksimalist idim. Bir kəlmə deyim, başa düşəcəksən. Mən indiyə qədər etdiyim heç nəyin peşmançılığını çəkməmişəm. Mindən artıq məqaləm var. Bunların içində ən sərt olanları da daxil olmaqla, hamısının altından bu gün də imzamı qoya bilərəm.
– Tərcümə ilə bağlı gələcək düşüncələriniz nədir?
– Sonuncu tərcüməm Azad Mirzəcanzadənin kitabı idi. Əslində özümə söz vermişdim ki, o kitab mənim sonuncu tərcüməmdi.
– Niyə?
– Özümün yazmaq istədiklərim çoxdur. Vaxtım çatmır. Amma Mo Yan çıxdı qarşıma. Onu edəndən sonra tərcümə ilə qurtaracam (gülür). İstəyirəm öz xatirələrimi yazım.