“Atam onun ölüm hökmünü ləğv etdirdi” – Müsahibə

“Atam onun ölüm hökmünü ləğv etdirdi” – Müsahibə

Kulis.az “Atamın xatirəsi” layihəsindən aktyor, Əməkdar artist Səməndər Rzayevin qızı Rübabə Səməndərlə müsahibəni təqdim edir.

– Rübabə xanım, Səməndər Rzayev necə ata idi?

– Yaxşı ata idi. O, dünyasını dəyişəndə, on bir yaşım vardı. Yadımda güclü, azman insan kimi yadımda qalıb. O, bizə sevgisini, mehribanlığını ötürməyi bacarırdı. Düzdür, biz onunla bir yerdə az vaxt keçirirdik. Çünki daim qarışqa kimi işləyirdi. Ortada elə çox iş də olmurdu. İndi çəkildiyi filmlərə baxanda, görürsən ki, bir filmdə üç epizodda var. Amma o, üç epizodda çəkilmək üçün bütün yayı Bakıda olmurdu. Anam deyirdi, atanız filmə çəkilir. Film hazır olurdu, görürdük ki, o, üç epizodda var. Çəkildiyi hissələri ya kəsib atırdılar, ya da bilmirəm necə olurdu.

– Buna özünün münasibəti necə olurdu?

– Elə adam deyildi ki, daxili sarsıntılarını kiminləsə bölüşsün, kiminsə üstünə atsın. Ümumiyyətlə, evdə iş haqqında danışmağı xoşlamazdı. Ola bilərdi ki, iş yoldaşlarından, həmkarlarından kiminsə problemi olsun. Bu onu narahat edirdi. Məsələn, Səyavuş Aslanın o vaxt evində problem olmuşdu, gəlib teatrda qalırdı. Bu ona pis təsir edirdi. Deyirdi, Səyavuş kitabları başının altına yastıq əvəzi qoyub yatır. Atamın bir dostu vardı, aktyordu. Adını unutmuşam. O vaxtı həbsə düşmüşdü. Həbsdən çıxanda yoldaşı onu evə buraxmamışdı. Atam onu evə gətirmişdi. Halbuki bizim evimiz bir otaqlı idi, özümüz güclə sığırdıq. Amma həmin aktyor üç gün bizdə qaldı. Atamın ürəyi götürmürdü ki, o gedib küçələrdə gecələsin.

– O evdən nə zaman köçdünüz?

– Atamın ölümündən iki, üç il əvvəl. O evi bizə Heydər Əliyev vermişdi. Bunun da maraqlı tarixçəsi var. Heydər Əliyev tamaşaya baxmağa gəlir. Görür ki, tamaşa gec başlayır. Səbəbini soruşanda, ona deyirlər ki, aktyor uzaqda qaldığından çatdırıb tez gələ bilmir. Heydər Əliyevin böyüklüyü idi ki, tamaşa başlayana qədər gözləmişdi. Atamın ifası da onun xoşuna gəlir. Tamaşadan sonra göstəriş verib deyir ki, ona ev verin, işə gecikməsin. Amma atam həmin evdə heç üç il yaşamadı.

– Ona təqdim olunan rollar üzərində seçimlər edirdi?

– Atamın rol barədə kompleksləri yox idi. Bu barədə anam atamdan daha seçici idi. Sizə deyim ki, atam da anamı eşidirdi. “Qərib cinlər diyarında” filmində Muxtar Manıyevin canlandırdığı cin rolu əvvəl atama təqdim olunmuşdu. Anam deyirdi ki, sən indi cin rolunda oynayacaqsan? Atam da anamın sözündən sonra həmin roldan imtina etmişdi, amma rolu səsləndirmişdi. Bu da atamın böyüklüyü idi ki, insanları dinləməyi, eşitməyi bacarırdı. Şəxsən mən dinləməzdim. Atam hərdən deyirdi ki, hərə öz işi ilə məşğul olsa, yaxşı olar. Elə deyəndə də, anam küsürdü (gülür).

Biz İncəsənət universitetində oxuyanda rejissor Vaqif Mustafayevlə tələbələrin görüşü təşkil olunmuşdu. Onda Vaqif müəllim mənə dedi ki, “Yaramaz” filminin ssenarisini Səməndər Rzayev üçün yazmışdım. Ancaq atam 1986-cı ildə dünyasını dəyişir, film isə 88-ci ildə ekranlaşdırılır. Bu səbəbdən də rejissorun arzusu reallaşmır. Məncə, atam da çəkilərdi o filmə.

– Ümumiyyətlə, kompromisə gedən adam idi?

– Baxır hansı məsələdə. Yox, deməzdim elə hər şeydə güzəştə gedirdi. Amma cin roluna görə anamı eşitmişdi. Yəqin özünün də nə isə bildiyi olub. Halbuki həmin filmdə dövrün ən məşhur və istedadlı aktyorları çəkilib. Mən o filmi çox sevirəm. Atam çəkilsəydi yaxşı olardı.

– Evdə rollarını məşq edirdi?

– Yox, mən görməmişəm. Hərdən kefi yaxşı olanda, mahnı oxuyardı. Onun çox fenomenal yaddaşı vardı. Ehtiyac yox idi ki, o, bütün rolu əzbərləsin. Amma yadımdadır ki, rol dəftərləri vardı, anamın xətti yaxşı olduğundan o dəftərlərə atamın rollarını yazırdı. Atam da dəftərdən rollarını oxuyardı. Yəni oturub saatlarla rol əzbərlədiyini görməmişəm. Bu məsələdə mən də atama çəkmişəm. Yaddaşım yaxşıdır. Ümumiyyətlə, atama çox oxşayıram. Atam ağına-bozuna baxmadan düşündüyünü deyən adam idi. Sözü üzə deməyi xoşlayırdı. Mən də eləyəm. Kiminsə haqqımda necə düşünməyi mənim üçün də maraqlı deyil.

– Səməndər müəllimin kompleksi vardı?

– Məncə, yox. İnsanlar küçəyə çıxanda, müəyyən mənada özlərini yığışdırırlar. Amma atam küçənin ortasında almanı xartaxartla yeyə bilərdi. Avtobusda getməyi xoşlayırdı, amma nadir hallarda minərdi. Ona görə yox ki, özündən müştəbeh idi. Sadəcə ayağı nasaz idi. Avtobusa çıxıb-düşmək ona çətin idi. Bir-iki dəfə avtobusda onunla getmişdim, ayağında çəkələk, adi ev paltarı olmuşdu. Hamı onu tanıyırdı, onunla söhbət edir, deyib gülürdü. Yadıma gəlir ki, bir dəfə Tiflisə gedəndə, xüsusi yer olmadı, ümumidə getdik. İlahi, qatarda nə qədər adam vardı, hamısı atamın başına yığışmışdı. O vaxtı aktyorları sevirdilər. İndi məşhurlara qarşı o sevgini görmürəm.

– Dostluq etdiyi adamlar kimlər idi?

– Yaşar Nuriyev, Fuad Poladov. Həsən Turabovla sağlığında o qədər yaxın olmamışdı, amma atam rəhmətə gedəndən sonra Həsən əmi bizə çox dəstək oldu. Qardaşımı o vaxtı “Azdrama”ya gətirdi, iş verdi. Sonralar eşitdim ki, tək qardaşıma yox, çox adama köməklik edib. Həmişə bizə deyirdi ki, nə lazım olsa, deyin, çəkinməyin. Bu sözü deməyin özü belə böyük işdir. Və yaxud da Hüseynağa Atakişiyev o vaxtı mənə xəbər yollamışdı ki, gəlsin, teatra adını yazdırım, maaş alsın. Mən imtina etdim, dedim, yox, mən görmədiyim işə görə məvacib ala bilmərəm. Əslində, pula da ehtiyacımız vardı. Anam da üzümə vurmadı, mənə demədi ki, niyə razılaşmırsan. Anamı o xüsusiyyətlərinə, böyüklüyünə görə həmişə yüksək qiymətləndirmişəm. O mənim şəxsiyyətimi heç vaxt tapdalamırdı, demirdi, get, bu işi gör. Uşaqlıqdan evdə bizim fikirlərimizə hörmətlə yanaşıblar, azad böyüdüblər. Ona görə də mən həmişə fikrimi rahat ifadə edə bilmişəm.

– Atanızın mühafizəkarlığı, qısqanclığı vardı?

– Yox, olmayıb. Nə qısqanc deyildi, nə də mühafizəkar. Əksinə həmişə deyirdi ki, qız uşağı qırmızı dırnaq boyası çəkər, qırmızı paltar geyinər. Bir dəfə Tiflisdə olanda, dayımın arvadı qara rəngdə dırnaq boyası çəkmişdi, mən də çəkdim. Atam bunu görüb bərk əsəbiləşdi. Dedi, bu nədir, qız uşağı qara dırnaq boyası çəkməz. Kök olduğum üçün qısa yubka geyinmirdim, kompleksim vardı. Uzun paltar geyinəndə əsəbiləşirdi. Amma qışqırmağı, acılamağı yox idi. Anama qarşı da belə olub. Kifayət qədər azad fikirli, demokratik adam idi. Anam, baxmayaraq ki, Tiflisdə böyümüşdü, ali təhsili vardı, amma atamdan mühafizəkar idi. O vaxt üçüncü sinifdə oxuyanda, məni Moskvaya, Brejnevə gül verməyə göndərirdilər. Onda atam asanlıqla razılıq verdiyi halda anam kəskin etiraz etmişdi.

– Atanız sağ olsaydı, sizin bugünkü həyatınız başqa cür ola bilərdi?

– Əlbəttə. Mən vecsiz olardım, heç kimi eşitməzdim. Nəyi istəsəm, onu da edərdim.

– Atanız bunu qəbul edərdi?

– Etsə də, etməsə də mən elə olardım. Atamdan sonra anam bizi tək böyütdüyünə görə mən onu sındırmamaq üçün çox şeylərdə güzəştə getdim. Məsələn, atam sağ olsaydı, mən heç vaxt incəsənətin teatrşünaslıq fakültəsinə girməzdim. On il əlaçı oxudum, orta məktəbi gümüş medalla bitirdim, universiteti də qırmızı diplomla başa vurdum. O qırmızı diplomu başqa universitetdən ala bilərdim. Atam qardaşımı diplomat, məni isə həkim kimi görmək istəyirdi. Biz ikimiz də atam istəyən sahələrdə oxuya, uğur qazana bilərdik. Amma anam bizi tələsdirdi, necəsə belə alındı.

– Teatr intriqaların daha çox olduğu bir məkandır. Bu baxımdan Səməndər müəllimin narazılığı olurdu?

– Axır vaxtlar çox sınmışdı. İstədiyi rolları oynaya bilmirdi.

– Hansı rolların arzusundaydı?

– Hüseynağa Atakişiyev teatra baş rejissor gələndə, atam istədiyi rollardan birini oynadı, arzusunu həyata keçirdi. Atam “Həyatın dibində” tamaşasındakı Satin obrazını çox istəyirdi. Bu rolu səhnədə canlandırdı. Hüseynağa müəllim onun üçün “Falstaff” əsərini də səhnələşdirəcəkdi. Atam dünyasını dəyişdiyi üçün bu istək reallaşmadı. Amma ümumən ömrünün son illərində teatrdan çox sınmışdı. Elə bil səhnədə yaşayır, həyatda isə oynayırdı. Həyatda yalançı gülüş, təbəssüm, xoşbəxtlik göstərirdi ki, heç kimi yükləməsin. Amma, doğurdan da, çox bədbəxt idi. Çünki sənət adamı kimi özünü sənətdə ifadə etmək istəyirdi. Edə bilmədiyi üçün özünü bədbəxt hesab edirdi.

– Haqqını tələb edirdi?

– Haqq məsələsi deyildi axı. Aktyorluq asılı sənətdir. Əgər rejissor, məsələn, “İblis” tamaşasını qoyub, aktyoru o rolda görmürsə, o nə edə bilər? Gedib rejissorla dalaşa bilməzdi.

– İblisi oynamaq istəyirdi?

– Əlbəttə, istəyərdi. İstədiyi tamaşalarda oynayıb, amma ikinci, üçüncü dərəcəli rollarda oynayıb. Amma bunlar başqa-başqa şeylərdi. Aktyora özünü ifadə etmək istədiyi rolu yox, başqa rolu verirlər. Ona arzuladığı imkanı yaratmırlar. İnsan nə qədər sınar.

– İblis rolunu ona niyə verməmişdilər?

– Mehdi Məmmədov ona demişdi ki, bu rol üçün çox köksən. Atama rol verməməkdə rejissorların eyni sözü olub ki, kökdür. Halbuki köklüyün məsələyə dəxli yoxdur. Məsələn, mən bildiyimə görə Şeksprin Hamleti kök və yöndəmsiz adam olub. Amma rejissorlar onu incələşdiriblər. Əgər bir aktyor özünü istədiyi rolda ifadə edə bilərsə, onu niyə bir qılafın içərisinə salırlar? Ona qalsa, teatr şərti bir yerdir. Səhnədə on beş yaşlı qızı əlli yaşlı qadın da oynaya bilər. Baxır o rol necə təqdim edilir. Atamın çəkildiyi rolların heç birinin bir insan, bir tipaj kimi ona heç bir aidiyyatı olmayıb. Atamla o obrazlar arasında yerlə göy qədər fərq var. O, daxilən çox həssas, zərif, incə insan idi. Ona görə deyirəm ki, qılaf heç nəyi həll etmir. Nə olsun ki, Səməndər Rzayev kök və canlı idi. Mən onun Səyavuş Aslana görə ağladığını görmüşəm. Halbuki atam onunla o qədər də yaxın deyildi.

– Çox qəribədir ki, İblis rolunu canlandıran aktyor Hamlet Xanızadənin qızı da mənimlə söhbətdə dedi ki, nə baş verdisə, o tamaşadan sonra baş verdi. Atam “İblis” tamaşasından sonra teatrdan getdi…

– Çünki şöhrətin də iki tərəfi olur. Şöhrət insanı həm qaldıra, həm da endirə bilər. Məşhurluq ətrafda paxıl, xəbis insanların yaranmasına səbəb ola bilər. Mən bilmirəm orda o zaman nə baş verib. Amma Hamlet Xanızadə də durduğu yerdə teatrdan getməzdi.

– Atanız səhv etmirəmsə, uşaq vaxtı yıxılır, ayağı sınır. Həkimlər də ona kökəlməyi məsləhət görür. Amma bu köklük yaşa dolana qədər davam edir…

– Elədir. Uşaq vaxtı nə qədər müalicə olunsa da, xeyri olmamışdı. Sümüyündə çürümə təhlükəsi olduğu üçün həkim ona kökəlməyi tapşırmışdı. Ancaq köklük çürümənin qarşısını alsa da başqa problemlər yaratdı. Bəzən elə olurdu ki, atamda saatlarla qıcolmalar olurdu, yeriyə bilmirdi. Həkimə getməklə də arası yox idi. Poliklinikada onun xəstəlik kitabçası da yox idi. Çünki heç vaxt getməmişdi. Axırdan axıra getdi. Onda da iş işdən keçmişdi.

– Peşman olmuşdu?

– Təbii ki, olmuşdu. Kim ölmək istəyər? Ömrü boyu deyirdi ki, harda qırılar, qırılar. Amma görəndə ki, qırılmaq ərəfəsindədir, onda dedi ki, yox, yaşamaq istəyirəm.

– Teatr mühitində, elə mətbuatda da Səməndər müəllim haqqında səslənən fikirlərdən biri bu olub ki, o çox içirdi. Hətta serroz xəstəliyinin yaranmasına da içki səbəb olub. Bu haqda nə deyə bilərsiniz?

– Sənət adamlarının böyük əksəriyyəti yeyib-içən adamlar olur. Nadir istisnalar var ki, onları demirəm. Çox içmək odur ki, içib gedib kiminsə qapısına yıxılsın, alkaşlıq etsin. Bu adam yeyib-içən adam olub. Digər tərəfdən də, bayaq dediyim kimi, içməyinin bir səbəbi də ayağındakı ağrılar, qıcolmalar idi. İçki onun üçün ağrıkəsici rolunu oynayıb. O içib heç kimə heç nə eləmirdi, yıxılıb yatırdı. Və yaxud da deyib-gülür, şənlənirdi. Həm də o, heç vaxt sərxoş olmurdu. Ölümünə səbəb isə içməyi olmadı. İçən adamlar tanıyıram ki, içib yerlərdə yatırlar, amma yüz il yaşayırlar. Atamın daxili orqanları zəif idi, amma ürəyi möhkəm idi. Onu üç ay yaşadan da ürəyinin möhkəmliyi oldu. Sadəcə özünə baxmırdı. Qışda maykayla eyvana çıxır, buzlu su içirdi.

– Səməndər müəllim nə zaman xəstəliyinin ciddiliyini öyrəndi?

– Özü bir il əvvəl bilirmiş. Amma biz axır günlərdə bildik. Ölümündən bir il əvvəl qastrolda olanda, həkim ona deyir ki, sən müalicə olunmalısan. Müalicə olunmasan, bir il ömrün qalacaq.

– Atanızı ağlayan görmüşdünüz?

– İki-üç dəfə onu ağlayan görmüşəm. Müəllimi Rza Təhmasib dünyasını dəyişəndə atam çox pis ağlayırdı, başını divara çırpırdı. Bir dəfə də bayaq Səyavuş Aslanla bağlı dediyim məsələyə görə ağlamışdı. Bir də anası rəhmətə gedəndə çox pis ağladığını görmüşəm. Rza Təhmasibi dəhşət çox sevirdi. Elə onun ölümü anasının ölümü qədər atama pis təsir etmişdi. Ümumiyyətlə, atam insanları çox sevirdi. Bizim bütün qohumlarımız evimizdə qalıblar, dincəliblər. Atam özü onları dəvət edirdi. Qohumlardan əlavə, yad, tanımadığı insanlara da kömək edirdi. Onun üçün vəzifəli adam, kasıb adam söhbəti yox idi. Bütün qohum-əqrəbamız üçün kimlərəsə zəng vururdu, xahiş edib işlərini yoluna qoyurdu. Hamının ən xırda işi üçün xəstə ayağı ilə durub haralarasa gedirdi. Qonşu, tanış bizə pul adı ilə gəlirdi, evdə pul olmasa belə o, kimdənsə borc alıb gələn adamı yola salardı. Mən hətta bir dəfə eşitmişdim ki, kiməsə ölüm hökmü kəsiblər, atam o adam haqqında xahiş edəndən sonra onun ölüm hökmü ləğv olunub. Bilmirəm, bu nə dərəcədə həqiqətdir, amma hər halda atamı yaxından tanıyan adamlardan bu barədə eşitmişəm.

– Sizi teatra, məşqlərə aparırdı?

– Hə. Nahid Hacızadənin “Məhəbbət yaşadır” əsərinin səhnələşməsi zamanı iki, üç dəfə məni məşqlərə aparıb. Aktrisalarla münasibəti yaxşı idi. Amma Zərnigar Atakişiyevanı lap çox istəyirdi. Hətta atam dünyasını dəyişəndə, onu kiməsə tapşırmışdı ki, bu qızdan muğayat olun.

– İstədiyi rolları ona verməyəndə, teatrdan getmək fikri olub?

– Yox. O, teatrdan getsə, gərək yıxılıb öləydi. Çünki teatrla nəfəs alırdı və teatr aktyoru idi. Bəlkə də, elə teatrdan getmək haqqında düşünürdü deyə küskünləşdi, həyatı uğrunda mübarizə aparmadı.

– Sizcə, Səməndər müəllimə kinoya çəkilməyə mane olan insanlar olub?

– Bilirsiniz, necə mane olublar? Tutaq ki, teatrda onun iştirakı ilə olan tamaşa göstərilir. Bu tamaşanı bir gün ərzində üç seans salırdılar. Atam da səhər, günorta və axşam səhnəyə çıxırdı. Bundan sonra onun fiziki gücü qalmırdı ki, gedib filmlərə çəkilsin. Və yaxud da, dublyor vermirdilər. İstənilən aktyora dublyor verirlər. Amma ona vermirdilər, o da məcbur olub bütün tamaşalarda özü iştirak edirdi.

– Dəvət olunub, amma çəkilmədiyi filmlər vardı?

– Bildiyimə görə, “Dəli Kür” filmində Molla Sadıq roluna çəkmək istəyiblər, onda çox cavan olduğu üçün çəkməyiblər. Onun yerinə Məlik Dadaşov çəkilib. “Qanun naminə” filmində də Mehman rolu üçün sınaqdan keçib. Onda da ayağında problem olduğundan çəkməyiblər. Çünki filmdə bir sıra tryuklar etmək lazım imiş. “Bəyin oğurlanması” filminə çəkdilər. Bütöv bir yayı atam ev üzü görmədi, çəkilişlərdə oldu. Amma filmdə cəmi üç epizod saxlanıldı. Hətta üç epizodla da yadda qaldı. Baş rola çəkmədilər onu həmin filmdə. Baş rola çəkilən hansı aktyordan zəif idi? Bütün bunlar ona təsir edirdi. O filmdə də, “Babamın babasının babası” filmində də qayçılanma çox olub. Ona görə də ömrünün son illərində özünü xoşbəxt hesab etmirdi.

– Ona Xalq artisti adı da verilməmişdi…

– Sağlığında bu ona təsir etmişdi, bunu özünə dərd edirdi. Çünki ondan sonra gələnlər bu adı almışdı, amma atam yox. Həm də onun da haqqı idi ki, sağlığında ona qoyulan qiyməti hiss etsin. Amma hər dəfə adı ad siyahısından silinirdi. Başqa məsələlərdə də ona qarşı haqsızlıq olurdu. Məsələn, atamın adını ev siyahısına salırdılar, səhəri gün isə onun adını pozurdular, tamamilə dəxilsiz bir adama rüşvətlə verirdilər. Biz on bir il balaca, birotaqlı evdə yaşamışıq. O vaxt indiki kimi deyildi. İndi bir aktyora ehtiyacı olmaya-olmaya on ev verilir. Atam isə on bir il ev gözlədi, təzə veriləndə də, içərisində heç üç il yaşamadı.

– Səməndər müəllim xəstə olduğunu nə zaman hiss etdi?

– Son günlər ayaqları şişirdi, bir neçə dəfə laxta qan qaytarmışdı. İlk dəfə xəstəxanaya 86-cı ildə qeydiyyata düşəndə onun qulağını müalicə eləməyə başladılar. Halbuki ciyəri çürüyürdü. Ondan əlavə də, şəkər diaqnozu qoyulmuşdu. İlk dəfə isə “Həyatın dibində” tamaşasından çıxıb evə gələndə anama dedi ki, bu gün tamaşada “çepe” oldu. Sən demə, tamaşa vaxtı onun ayaqları şişibmiş, ciyərində də güclü problem olub. Səhnədəki rola uyğun olaraq da səhnənin döşəməsində bir müddət uzanmalı olub. Vəziyyəti daha da pisləşib. Amma rolunu axıra qədər ifa etmişdi. Sonralar şayiə yayıldı ki, guya atam xəstəxanada yatanda ordan qaçıb teatra gedib rol ifa edirmiş. Amma bu yalandı. “Həyatın dibində” tamaşası onun son tamaşası oldu. Biz həmin günə qədər onun serroz olduğunu bilməmişdik. Ondan sonra öyrəndik. Sonra rəhmətlik Həsən Əbluc atamın yanına bir həkim gətirdi. O, çox gözəl insan idi, Allah ona rəhmət etsin. Sonra atam xəstəxanada yatanda, ora hər adamı buraxmırdılar. Amma Həsən müəllim çox hündür hasardan tullanıb xəstəxananın həyətinə keçmiş, atamı görməyə getmişdi. Uzun sözün qısası, Həsən Əblucun gətirdiyi həkim atamı müayinə edəndə, onun xəstəliyini bildi, sadəcə özünə heç nə demədi. Yanvarın 2-də ad gününü qeyd etdik, sonra xəstəxanaya apardıq, orda bir dəfə komaya düşdü, bir ay komada qaldı. Komadan çıxandan sonra isə martda dünyasını dəyişdi. Həmin xəstəxananın şöbə müdiri atamın dostu idi. O, atamın yaşaması üçün çox zəhmət çəkdi. İndi rəhmətə gedib. Allah rəhmət etsin ona da. O vaxt yadıma gəlir ki, yazıçı Anar atamın müalicəsi üçün lazım olan bahalı iynələri alıb xəstəxanaya yollamışdı. Amma təəssüf ki, onlar da kömək olmadı. Xəstəliyinin son günlərində Ramiz Həsənoğlu xəstəxanaya, onun yanına gəlmişdi. O, sonralar danışırdı ki, atamla söhbət edəndə birdən atam rus dilində deyib ki “Mne tak xoçetsa jit”…

– Son günlərini necə xatırlayırsınız?

– Atam bir ay komada oldu, sonra özünə gəldi, qanını yudular, xeyli ağır müalicələr getdi. Amma sonra beyninə qan sızdı. Ömrünün son günlərində çox arıqlamışdı, amma arıqlıq ona yaraşırdı. Deməyindən, gülməyindən orda da qalmırdı. Amma bir dəfə bizə hirsləndi, qardaşımla şəkil üstdə dalaşanda, əlini vurdu stolun üstünə, dedi, mən nə hayda, siz nə hayda. Biz ilk dəfə onu əsəbi gördüyümüzdən özümüzü itirmişdik.

– Xəbəri kim verdi sizə?

– Atam xəstəxanada dünyasını dəyişdi. Qohumlarımız bizdə qalırdılar. Artıq hamı bilirdi ki, vəziyyəti pisdir. Qardaşımla mən isə bir qohumumuzgildə qalmışdıq. Yadıma gəlir ki, babam gəldi. Bizə dedi ki, sizi atanızın yanına aparacam. Bizi aldatmışdı. Binamızın qarşısında rəhmətlik Mikayıl Mirzəni gördük. O, babama başsağlığı verəndə biz bildik ki, atamız rəhmətə gedib. Təbii ki, şok yaşadıq. Sözün məcazi mənasında həmin an mənə elə gəldi ki, atamı sanki Mikayıl Mirzə öldürüb.

Sonra evə qalxanda, artıq atamın cənazəsini gördüm. Xahiş etdim ki, üzünü açsınlar baxım. Amma icazə vermədilər. İndi düşünürəm ki, yaxşı ki qoymayıblar. Çünki atam mənim yaddaşımda həmişə cavan, sağlam və xoşbəxt adam kimi qaldı. Təbii ki, itkinin ağırlığını mən o yaşda hiss edə bilməzdim. 40 mərasimindən sonra isə artıq insan ətrafındakı böyük boşluğu hiss edir. Bizim üçün atasız o yaşda çox çətin oldu. Mən güclü adamam, anama da çox bağlıydım deyə, həmin günləri adlaya bildim. Amma qardaşıma çətin oldu.

– Atanızla bağlı xatırladığınız ən xoş xatirə nədir?

– Yadıma gəlir, bir dəfə trolleybusda onunla gedirdik. O da ev ayaqqabısında, paltarında idi. Adamlar onun başına yığışmışdı və bu mənə xoş təsir edirdi. Ümumiyyətlə, atamın yanında olmaq, onunla harasa getmək, varlığını hiss etmək mənə xoş təsir edirdi. Anama bağlı olsam da, onu az gördüyüm üçün onunla birlikdə olanda sevinirdim. Bir də on yaşım olanda, rəfiqələrim bizə gəlmişdilər. Onda atam gəldi, bizimlə birgə süfrə arxasında oturdu, onlarla söhbət etdi, onlar üçün piano çaldı.

– İndi atanızla rastlaşsanız, ondan nə soruşardınız, nə istəyərdiniz?

– Maraqlı sualdır, amma cavabını bu dəqiqə tapıb deyə bilmirəm. Əlbəttə, indi onunla rastlaşmaq istərdim. Amma təsəvvür edin ki, indi o, məndən altı yaş kiçik olardı. Hər halda qəribə hisslər keçirərdim.

May 2022

Share: