“Atama demişdilər ki, fəxri adın yoxdur, ona görə…” – Salam Qədirzadənin evindən reportaj

“Atama demişdilər ki, fəxri adın yoxdur, ona görə…” – Salam Qədirzadənin evindən reportaj

Kulis.az “Orda bir ev var, uzaqda” adlı layihəsində yazıçı Salam Qədrizadənin evindən reportajı təqdim edir.

Salam Qədirzadənin ilk kitablarını atamın xudmani kitab rəfindən tapıb oxumuşdum. Rafiq Zəkanın balaca göy üzlü şeirlər kitabından sonra solğun, yaşımtıl, küncləri didilmiş bu kitab yeddinci sinfi bitirdiyim ilin ardınca gələn yay tətili boyunca otaq yoldaşım olmuşdu. İndi əsərin və obrazların adı yadımdan çıxıb. Lakin əsərdəki qaraçı qızı unutmamışam…

Salam Qədirzadə adı gələndə otuz il əvvələ – uşaqlığa, qayğısız günlərə, Cəbrayıla gedib çıxıram. Harada qaldı həmin günlər, hara yoxa çıxdı o sehrli vaxtlar? Dünyanın, bəlkə də, ən gözəl dövrü niyə bu qədər erkən, gözlənilmədən başa çatdı? Fikirlər rahatlıq vermir. İndi İçərişəhər metrosundan çıxıb Salam Qədirzadənin oğlu Ruslan bəyin söylədiyi istiqamətə addımlayanda, bəlkə də, uşaqlığımın bir parçasına aid nə isə tapmaq, nələrisə xatırlamaq ümidi vardı könlümdə. Bəlkə, getdiyim evdə elə həmin yaşımtıl, küncləri didilmiş, rəngi soluxmuş novellalar kitabını tapacaqdım. Bəlkə, sədaqətsiz yaddaşımın ucbatından unutduğum xatirələr yadıma düşəcəkdi. O xatirələrlə birgə, atamı, anamı, onların bahar rəngli gəncliyini xatırlayacaqdım.

Ünvana çatmağımıza az qalmış fotoqrafımız Ruslan bəyə zəng vurmağımızı təklif edir. Əlimi telefona aparmaq istəyəndə, uzaqdan, bəstəboy, ağsaçlı bir kişinin bizə tərəf gəldiyini görürük. Hal-əhvaldan sonra onunla birgə vaxtilə Salam Qədirzadənin yaşadığı evə üz tuturuq. Pilləkənləri çıxa-çıxa Ruslan bəylə söhbətləşirəm:

– Salam müəllim, bu evdə neçə il yaşayıb?

– Mənim atam demək olar ki, ömrünün yarıdan çoxunu burda yaşayıb. 1956-cı ildən 1987-ci ilə qədər bu evdə olub. Altmış dörd il həyat sürüb, onun 31 ilini burda yaşayıb, yazıb-yaradıb. Əsərlərinin çoxu bu evdə ərsəyə gəlib.

– Günün hansı saatlarında işləyirdi?

– Ancaq gecələr. Hamı yatandan sonra o, gecə saat on ikidə, birdə öz otağına çəkilirdi. O vaxtlar dəbdə olan BT siqareti vardı. Atam həmişə o siqaretdən çəkirdi. Yazı yazmağa başlayanda, bir qutu siqareti yanına qoyardı. Bax, gördüyünüz külqabı siqaret kötükləri ilə dolana qədər yazardı. Hərdən özünə xudmani çay dəsgahı da qururdu. Mətbəxə keçib çay dəmləyib içir, sonra yenidən yazmağa davam edirdi. Səhər saat beş, altı, bəzən yeddiyə qədər otağında oturub işləyirdi. Gündüzlər də yatardı. Çayı da qəndlə içərdi həmişə. Deyirdi, qəndlə içilən çay adamın yanğısını tez soyudur. Amma adi mağaza qəndləri olmurdu. Atamın böyük bacısı həkim işləyirdi. O, atam üçün xüsusi kakaolu qənd bişirirdi. Atam ancaq o qəndlərlə çay içirdi.

Diqqətimi metaldan tökülmüş qara, çəki baxımından ağır təsir bağışlayan yazı makinası cəlb edir. Yadıma gəlir görkəmli yazıçılarımız İsmayıl Şıxlının, Sabir Əhmədlinin evində də eynilə bu cür makinalar vardı. Onların ən gözəl əsərləri həmin makinalarda yazılmışdı. Ruslan bəy deyir ki, Salam Qədirzadə də ən yaxşı əsərlərini makinasında yazıb:

– Bu makinanın maraqlı tarixi var. Atam İkinci dünya müharibəsində iştirak edib. Orda rabitəçi kimi fəaliyyət göstərib. Sağ ayağından yaralanıb. Nənəmin bibimə, bibimin də bizə danışdıqlarından bilirəm ki, atam cəbhədən gələndə, özü ilə iki şey gətirib. Bir bu makinanı, bir də Volter markalı tapança. Bu makina Almaniya istehsalıdır. Azərbaycanda heç yerdə yoxdur. Bəlkə, Rusiyada bir-iki yerdə olar. Atamın o vaxt 19 yaşı olub. Yazıçı olmaq arzusu, yəqin ki, o vaxtdan yaranıb. Ona görə də makinanı götürüb. Evlərinə gələndən sonra atası onun əlindəki silahı görüb acıqlanır. O vaxt babamgil Sovetskidə qalırdılar. Babam atama deyib ki, cavan uşaqsan, neynirsən silahı? Apar at həyətdəki quyuya. Bir də sənin əlində silah görməyim. Atam bir neçə dəfə silahı gizlədir, atmaq istəmir. Amma sonradan aparıb silahı quyuya atır. Makina isə qalır. Bu makinanın 70-dən çox yaşı var.

– Salam müəllim elə birbaşa makinada yazırdı, ya əllə olan yazıları da var?

– Yox, əvvəlcə qələmlə yazırdı. Əlyazmalarını indi sizə göstərəcəm.

Ruslan bəy atasının keçmişdən qalan əşyaları yığılan masanın siyirmələrindən birini açır, oradan üzərinə kiril əlifbası ilə “Delo” yazılmış bir neçə qovluq çıxarır. Qovluqlardan ən üstəkinin iplərini aça-aça söhbətinə davam edir.

– O vaxtı keyfiyyətli diyircəkli qələmlər vardı. Atam əlyazmalarının hamısını o qələmlərlə yazır, sonra yazdıqlarını dostlarına oxuyur, redaktə edirdi. Mətn tam hazır olandan sonra onların üzünü makinada köçürürdü.

– Yəqin, ailənizdə yazıçı olduğu üçün sizdə də tam sakitlik olurdu?

– Tam sakitlik. Böyük oğlumun indi otuz doqquz yaşı var, onda beş yaşı vardı. Oğlum bir az səs edəndə, bizə irad tuturdu, deyirdi, səs mənə mane olur, səsi yığışdırın. Amma atamın ilk redaktoru, oxucuları mənimlə bacım olub.

– Adətən bu işi yazıçıların xanımları edirlər…

– Anamız əslən rus olub. O, Azərbaycan dilində başa düşürdü, amma danışa bilmirdi. Həm də atamın əlyazmalarına toxunmaq hamımız üçün qadağan idi. Mətn makinadan çıxandan sonra deyirdi, götürün, oxuyun, fikrinizi bildirin.

Ruslan bəy deyir ki, vaxtilə o, həyətlərindəki söyüd ağacı haqqında “Söyüd ağacı” adlı şeir yazsa da, Salam Qədirzadə həmin şeiri oxuyandan sonra vərəqin üzərindən iki çarpaz xətt çəkərək oğluna deyir – sən bir də şeir yazma!

– Onunla da mənim şeir yaradıcılığım bitdi.

– Sizə qarşı niyə elə sərt davranıb?

– Nə bilim. Dedi, vəzn yox, qafiyə yox belə şeir olmur.

– İçki ilə arası necə idi. Yazı prosesində gərginliyi atmaq üçün istifadə edirdi?

– Siqaret bayaq dedim, çox çəkirdi. Amma içki çox içməzdi. Məclis qurulanda, dostları gələndə olardı.

– Onun iş otağına kimlər gəlirdi?

– Kimlər gəlməyib? Siz indi dayandığınız bu otaqda mən ədəbiyyatımızın ən sayılıb seçilən adamlarını görmüşəm. Məmməd Rahim tez-tez gələrdi. Atam ona “mənim balam” deyirdi. Jurnalist Nəsir İmanquluyev. Nəsir müəllim onda “Bakı” qəzetinin baş redaktoru idi. Əliağa Kürçaylı, Qabil, Qasım Qasımzadə, İsa Hüseynov, Hüseyn Abbaszadə bu otaqda olublar. Əliağa müəllim, Qabil müəllim bizim qonşularımız olublar burda.

Salam Qədirzadənin vaxtilə bir-birindən maraqlı, əl-əl gəzən əsərlərini yazdığı masanın üzərinə zillənirəm. Səliqə ilə düzülən kitablar, əlyazmalar, yazıçının külqabısı, eynəyi diqqətimi cəlb edir. Salam Qədirzadənin həmin masada hansı əsərləri yazması ilə maraqlanıram.

– Atam “Sevdasız aylar”, “Kəndimizdə bir gözəl var”, “Təbəssümün mükafatımdır”, “Qırx altı bənövşə” əsərlərini, müxtəlif teatrlarda səhnəyə qoyulan pyeslərini burda yazıb. Belə deyim də, əsərlərinin doxsan faizini bu otaqda yazıb.

Yadıma gəlir, bir dəfə mərhum sənətkar Şövkət Ələkbərovanın gəlini ilə müsahibə edəndə, o, xanəndənin həyat yoldaşı rejissor Lətif Səfərovun o dövr üçün müəmmalı, həm də böyük səs-küyə səbəb olan intiharından danışarkən qəfildən üzünü mənə tutub, bax, Lətif müəllim indi siz əyləşdiyiniz yerdə oturub özünü ov tüfəngi ilə vurmuşdu sözlərini demişdi. Bu sözləri eşidəndə çox ürpənmişdim. İndi Salam müəllimin də vaxtilə yaşadığı evdə, təxminən, eyni situasiya ilə qarşılaşıram.

– Salam müəllim bu evdə rəhmətə gedib?

– Bəli, bax indi sizin dayandığınız yerdə onun çarpayısı vardı. Elə o çarpayıda dünyasını dəyişdi. Vəfat edəndə 65 yaşı vardı. Onun haqqında çox danışa bilərəm, hərdən düşünürəm ki, oturub atam haqqında bir kitab da yazım. Bilmirəm bu qoca yaşımda bunu bacara bilərəm, ya yox.

– Masaüstü kitabları hansılar idi, kimləri oxuyurdu?

– Atamın kitabxanasında mindən çox kitabları vardı. Drayzeri çox sevirdi. Çexovu hekayənin ustası, Puşkini dahi adlandırırdı. Onların hamısını əzbər bilirdi. Çünki özü də Moskvada təhsil almışdı. Orda özünə çoxlu dostlar qazanmışdı. Amma masasında kitab olmazdı. Minimanilizmi sevirdi. Artıq şeyləri sevməzdi. Masasında, geyimində, hətta yeməyində də pedant insan idi. Nə kitabı olurdusa, hamısını rəflərə yığırdı. Mən sonra evdə yer olmadığı üçün onları kitabxanalara bağışladım.

– Salam müəllim, yazı masasından nə zaman uzaq düşdü?

– 1987-ci ildə rəhmətə getdi. 84-cü ilə qədər yazdı. Sonra o, insult keçirdi. İnsultdan sonra əli zədələndi, yaza bilmədi. Ona görə də hiss edirdim ki, xiffət edir. Çünki məhsuldar yazıçı idi. Otuz beş kitabı çap olunmuşdu. Amma bunu qorxmadan əvvəl də, indi də qorxmadan demişəm, deyirəm; atama nə sağlığında, nə də indi qiymət verilmədi. Onun heç bir adı, mükafatı olmadı. Bircə 70 illik yubileyi yazıçılar Birliyində Anar tərəfindən qeyd edilib. Vəssalam.

– Salam müəllim Yazıçılar Birliyinin üzvü olub. O dövr birlikdə bir az zədəli mühit olsa da, intriqalarında, qruplaşmalarında onun adı hallanmır…

– Atam intriqa adamı deyildi.

– Bəs ona qarşı təzyiqlər olurdu?

– Birini qoyum, o birini danışım. Atam o vaxtı təqaüd alırdı. Bir də vardı fərdi təqaüd. Fərdi təqaüd adi təqaüddən iki dəfə çox idi, həm də müəyyən imtiyazları vardı. Atam heç kimə ağız açan deyildi. 64 illik ömründə nə kiməsə ağız açdı, nə də rüşvət aldı. Bir dəfə dostları dedi, get, sən də xahiş elə sənə fərdi təqaüd versinlər. Onda atam nazirliyə getdi fərdi təqaüd üçün xahiş elədi. Ona demişdilər ki, sənin heç bir fəxri adın yoxdu, ona görə də sənə fərdi təqaüd verə bilmərik. Ondan sonra çox pis oldu. Evə gəldi, siqareti siqaretə caladı. Dedi, mən bir də heç kimə ağız açmayacam.

– Salam müəllimin sonuncu əsəri hansı oldu?

– İndi sizə o əsərdən hədiyyə edəcəm. Ən son çap olunan romanı “Hər gün ömürdən gedir” adlanırdı. Bu əsər 1987-ci ildə onun ölümündən bir neçə ay sonra işıq üzü gördü. Özü təəssüf ki, kitabı görə bilmədi.

– Mən eşitdiyimə görə Salam müəllimə dəfələrlə müxtəlif vəzifələr təklif olunub, amma o, getməyib…

– Düzdür, belə hallar çox olub. Ona Azərfilmin direktorluğu, Azərbaycan jurnalının baş redaktorluğu, hətta o vaxtı Mərkəzi komitənin təbliğat şöbəsinin müdir müavini vəzifəsindən də imtina edib. Deyib, mənə vəzifə lazım deyil. Amma 1976-cı ildə Heydər Əliyevin təklifi ilə atam “Kirpi” jurnalının baş redaktoru oldu. Dörd il orda işlədi. Orda atama çox təzyiqlər oldu.

– Sizin artıq uzun illərdi ki, bu evdə yaşayırsınız. Atanızın enerjisini indi də hiss edirsiniz bu evdə, otaqda?

– Əlbəttə mən onu bu gün də xatırlayıram. Bu otağa hər girəndə, o, gözümün qarşısına gəlir. Necə işləməsi, yadıma düşür. Yaşasaydı, yaşı indi doxsanı ötmüşdü. Yəqin ki, əvvəlki kimi yazıb yarada bilməzdi. Amma ata kimi yanımda olardı, dayaq olardı. Bacımla mən onu çox axtarırıq. O, rəhmətə gedəndə, mənim otuz altı yaşım, atamın isə 66 yaşı vardı. Düşünürdüm ki, yəqin çox yaşlı idi. Amma indi özümün 68 yaşım var, deyirəm, o yaş nə ya imiş.

Share: