“Atamdan balama geçən bir yolam, Üstümdən eşq geçir bir arac kimi!..” – Xosrov Barışan (Təbriz)

“Atamdan balama geçən bir yolam, Üstümdən eşq geçir bir arac kimi!..” – Xosrov Barışan (Təbriz)
Müstəqil.Az qəlbi Azərbaycan eşqi ilə döyünən ,Təbrizdə yaşayıb yaradan şair Xosrov Barışanın qəzəllərini təqdim edir:
CƏHƏNNƏM QƏZƏLİ
 
Bir gün gələcək qədrimi zalim, biləcəksən;
Peşman olub ancaq nə yazıq. gec gələcəksən.
 
“Qabil” kimi həp izləyəcəkdir səni bir göz;
Ondan qaçıb hansı dəliyə dürtüləcəksən?!
 
Cənnət, ya cəhənnəm doğar insan öz içində;
Vicdan əzabında yaxılıb pörtüləcəksən.
 
Sən bir qapı idin açılan zindana doğru;
Bir gün də açarsız qapı tək örtüləcəksən.
 
Paslanmış ürək aynava seyqəl verəcək, çün
Hər xatirə qovra, ona hey sürtüləcəksən.
 
Mənfi bölümündə yaşamın müxtəsatında
Getsən irəli hər nə qədər əskiləcəksən.
 
Sevgi bölüşüncə çoxalar, anlamadın, heyf…
Ruhun ucalınca sevib eşqi böləcəksən.
 
Şeirim yaşayar sonsuzadək eşq araram çün;
Sən cism təkin pul arayan bil öləcəksən.
 
Aciz qalıram gözyaşı silməkdə səni mən;
Axir tənimi sən bu həyatdan siləcəksən!!!
***
YALAVAC qəzəli
 
Mən sənə möhtacam eşqə ac kimi.
Sən mənə müqəddəs bir amac kimi.
 
Sənin olduğun yer cənnətə dönər;
Yox olar istək də ehtiyac kimi.
 
Atamdan balama geçən bir yolam;
Üstümdən eşq geçir bir arac kimi!
 
Hər daşı qaldırdım yaşam əqrəbi
Sancdı ürəyimi; gəl ilac kimi.
 
“-Mövcüzlə inanma, məntiqlə inan.”
Ayəmdir eşqində yalavac kimi.
 
Şerimlə ürəklər fəth elədim, çün
Gəzdirdim başımda səni tac kimi.
 
 Xosrov Barışan (Təbriz )
Müstəqil.Az 
Share: