Atam ustadır. Ev tikir. Yaxşı sənətkardır, əlləri qızıldır deyirlər. Boş vaxtı olmur. Axşamlar evə gələndə çox az danışır bizimlə. Yorğun baxışlarıyla sanki başımızı sığallayıb – yaxşı oxiyun deyib divanda yayxanır, televizorun pultunu götürüb bir neçə kanala dəyişir. Özü üçün maraqlı nəsə tapıb gözünü yumur. Elə orada yuxuya gedir. Çox da səssiz yatmağı var. Anam çay gətirəndə hamımız bir-birimizə sonra da atamın yatmış çöhrəsinə baxıb gülümsəyir, yenidən öz dərsimizlə məşğul oluruq…
Neçə vaxt idi ki, atam evə gəlmirdi. Anam deyirdi ki, hansısa başqa kəntdə iş götürüb. Amma anamın gizli-gizli ağlamağından bilirdim ki, atam hansısa kənddə yox, müharibədədir. Qonşumuz Sevil xalanın oğlu şəhid olanda bizə də xeyli adam gəlirdi. Anama təsəlli verib gedirdilər..
Ad günümdən dörd gün əvvəl lap çox adam gəldi evimizə. Şəhərdən əmim də gəlmişdi. Daha bizdən də heç nə gizlətmirdilər. Atam müharibədə yaralanmışdı.
Yadımızdan çıxdı bu il ad günümü keçirmədik. Böyük qardaşımın gələn ay 10 yaşı tamam olacaq. Atam deyir ikinizin ad gününü bir yerdə qeyd edərik. Hə, tamam yadımdan çıxmışdı. Atam keçən həftə qayıdıb. Maşından düşəndə gördüm ki, gözləri sarğılıdır. Qolları da balacalaşıb. Əmim qoluna girib gətirdi evə. Divanda oturandan sonra adımı çəkdi. Mən də qaçıb üstünə atıldım. Saçlarımı öpüb çoxlu-çoxlu qoxuladı. Sonra adamlar gəldi. Heç tanımadıqlarım da var idi içlərində. Axşama qədər hamsı getdi. Evə sakitlik çökmüşdü. Atam televizoru yandırmağımı istədi. Mən də pultu götürüb oturdum yanında. Bir neçə kanala çevirib, – hansında qalsın – deyə soruşdum. Cavab vermədi. Deyəsən yatmışdı. Bundan sonra atam üçün kanalları mən dəyişəcəm. Axı o əllərini müharibədə qoyub gəlib…
Müstəqil.Az