Araz İsmayılzadə atası İsa İsmayılzadə haqqında – Xatirə dəftəri – LAYİHƏ
Müstəqil.Az-“Xatirə dəftəri” layihəsinin budəfəki qonağı mərhum şair İsa İsmayılzadənin oğlu Araz İsmayılzadədir. O, atası haqda xatirələrini oxucularımızla bölüşür.
– Araz bəy, zaman keçdikcə insan ötənlərə boylanır, xatirələrə dalır. Sizin də keçmişə güzar etdiyiniz, xatirələrə daldığınız vaxtlar az olmaz yəqin…
– Təbii ki, mənim də ötən-keçənlərlə bağlı, həyatda nəyisə çatdıra bilməməklə bağlı heyifsilənmələrim olub və yenə də var. Bu hisslərə əsasən atamla bağlı xatirələr yada düşəndə olur.
– Bu dəfə sizin atanızla bağlı xatirələrinizi oxucularımıza paylaşmanızı istəyirik. Deyin, İsa İsmayılzadə sizin üçün təkcə ata idimi?
– Belə deyək ki, mən yaşa dolana qədər İsa İsmayılzadə mənim üçün bir ata idi, özünün qayğıkeşliyi ilə, mehribanlığı ilə, bizlərə dayaq olmağı ilə… Amma mən müəyyən qədər yaşa dolandan sonra, onu nəinki ata, həm də cəmiyyətin ziyalısı, zəngin ensiklopedik biliklərə sahib bir insan, dərin bir şair kimi tanıdım.
– Uşaq yaddaşınızda atanız necə qalıb?
– O insanlara onların cəmiyyətdə tutduqları mövqelərinə görə yox, onların insanlıqlarına görə qiymət verirdi, bunun üstündə də münasibətlərini qururdu.
Heç yadımdan çıxmaz, köhnə məhəlləmizdə, biz ilk öncə BDU-nun yaxınlığında yerləşən köhnə bir məhəllədə yaşayırdıq. O həyətin çox yaşlı bir süpürgəçisi var idi. Atam o kişi ilə çox yaxından dostlaşmışdı, hər səhər həyətdə müxtəlif mövzularda bölüşərdilər.
– Zaman keçdikcə, yaşınızın üstünə yaş gəldikcə İsa müəllim sizin üçün daha kim olurdu, onu necə tanıyırdız?
– Atam öz təbiətinə görə çox sərt adam idi, amma mən böyüdükcə görürdüm ki, aramızda müəyyən sədləri götürürdü, yaxınlaşırdı. Yadıma düşür, 18 yaşım olanda, ad günümdə ilk dəfə olaraq mənə içki içməyə icazə verdi və mənim ilk rumkanı içməyimi gördükdə isə dostlarına gülümsəyərək zarafatla dedi: “Ayə, məni qınamayın, bu heç birinci dəfə içənə oxşamır”.
Mən onun poeziyasının dərinliyini görürəm, poeziya aləminin də ona verdiyi qiyməti görürəm və düşünmürəm ki, o nə zamansa unudula və yaddan çıxa bilər, əksinə, əminəm ki, zamanla o daha çox araşdırılacaq və öyrəniləcək.
– Daha çox kimlərlə oturub-dururdu və bu yaxınlıq yeniyetməlik dövrünüzə qədər sizdə o insanlara bir doğmalıq hissi oyada bilirdi?
– Bəli, onun yaxınlıq eladiyi adamlar zamanla dogmalaşdılar mənə, onları görəndə atamı xatırlayırdım. Qonşularımız Səyavuş Sərxanlı, Zakir Fəxri, Eldar Baxış, başqa dostları Ələkbər Salahzadə, Abbas Abdulla, Əkrəm Əylisli, İsi Məlikzadə, Sabir Rüstəmxanlı və bir çox başqaları, hansılar ki, həmən xatırlamaq olmur və ya çox adlar yazmalı olardıq, amma bunlar təbii ki, dostların hamısı deyil. Mən atamın öz yerliləri olan ziyalılardan və yazarlardan gileyli olduğunu da xatırlamıram, Allah qalanlara cansağlığı, dünyasını dəyişənlərə rəhmət eləsin.
– Araz bəy, siz atanızın nüfuzundan sui-istifadə edirdizmi? Sinif yoldaşları, dost-tanış, tay-tuş arasında qürrələnmək və sair baxımdan. Olubmu ki, atanızın adına söykənib şıltaqlıq edəsiz?
– Açığı, uşaqlıqdan tanınmış adamın oğlu olmasından bir az utanırdım, çəkinirdim, məktəbdə belə bəzən sinif uşaqlarımızın təzə müəllimlərə o, şair İsa İsmayılzadənin oğludur” demələri və hər kəsin atamı yaxşı tanıması məni müəyyən qədər sıxırdı.
O, belə şeylərə pis baxırdı və əslində mənim belə bir şeyə heç ehtiyacım da yox idi. Orta məktəb illərindən dərslərimi yaxşı oxuyan olmuşam və sonda da orta məktəbi gümüş medalla bitirmişdim.
Amma deməliyəm ki, onun adından istifadə etdiyim məqamlarda olub. Bu əsasən DYP-nin əməkdaşları ilə baş verirdi. İlk dəfə tələbə olarkən yol polisləri məni saxladı və o zaman maşını idarə etmək üçün etibarnaməm olmadığından maşını cərimə meydançasına apardılar. Orda sənədləri doldurarkən atamın adını görüb məndən soruşdular ki, sən o İsa müəllimin oğlusan?”. Mən də sevincək dedim ki, hə. Zabit dedi ki, o zaman səni buraxıram, amma dediyinin təsdiqi olaraq atandan avtoqrafla onun kitabını alıb gətirərsən mənə, o zaman cəriməni yüngül edib, sürücülük vəsiqəni qaytaracam, sənin bəxtin gətirib ki, mən İsa müəllimin poeziyasının vurğunuyam.
Mən də gəldim atama danışdım hər şeyi, o da “Seçilmiş əsərləri”nə avtoqraf yazıb kitabı mənə verdi ki, aparım. Kitabı verdikdə həmin polis zabiti çox sevindi, sürücülük vəsiqəmi qaytardı, heç cərimənin rüsumunu da istəmədi.
– Ailə başçısı olaraq necə idi? Sizə, ailəyə vaxt ayıra bilirdimi?
– Atam ailə başçısı kimi də özünü nümunəvi biri kimi göstərmişdi. Onun bir bənzətməsi vardı; deyirdi ki, ailə elə bil kiçik bir dövlətdir, ata onun prezidenti, ana baş naziridir, uşaqlarda hər biri bir nazirliyi təmsil edir, yaxşı oxuduğu dərslərdən aslı olaraq. Biz uşaqlar da öz aramızda mübahisə edərdik ki, kim hara layiqdir. Beləliklə atam ailədə münasibətlərin hansı tərzdə qurulmasına işarə edirdi və biz uşaqlara xüsusi olaraq çox diqqətcil idi, çox mülayim və eyni dərəcədə çox sərt ola bilirdi.
– Deyin, bəs İsa müəllimi qonşu olaraq necə yada salırlar?
– Qonşularımız atamı çox yaxşı qonşu kimi xatırlayırlar. Binamız Yazıçıar İttifaqının binası olduğundan qonşularımız da elə yazı-pozu adamları idi, doğma insanlar idilər. Mən ondan narazı olan kimsəni görmədim. Qarabağ savaşı zamanı Ağdamdan qaçqın bir ailə bizim mərtəbəyə qonşu gəldi. Əvvəlcə yaşlı bir nənəni gətirib yerləşdirdilər, 4 aydan sonra ailənin digər üzvləri də gəldi. Nənəni belə görcək, atam anama tapşırdı ki, o arvadı bir dəqiqə də diqqətsiz qoyma, yeməyindən tutmuş, digər təlabatlarına qədər. Özü də hər səhər işə getməmiş ona baş çəkərdi.
– Bəs dostlarla münasibətdə sizin illərin o tayında qalan müşahidələriniz bizə nəyi deyə bilər? O dostlar bu gün görünürmü?
– Təəssüf, dostlarının çoxu rəhmətə gedib. Allah ömür versin, həyatda olan dostları isə görəndə məni çox isti münasibətlərlə qarşılayır, görüşürlər. Açığı, biz o dostlardan heç nə ummamışıq, sadəcə, hər birimiz atamızın vaxtsız itkisinin acısını yaşamışıq.
– Məsul vəzifələrdə çalışıb, “Azərbaycan” jurnalının redaktoru olub, bu dövr idi ki, senzura, təqib, təhdid, ehtiyatlı olmaq instinkti və sair. Heç təzyiqlərə məruz qalmışdımı?
– Senzura dövründəki işini həmişə bir mübarizə dövrü kimi xatırlamışam. Hansısa bir sətiraltı mənanın senzuranın gözündən yayınmağının, hansısa sərt yazının çapa getməsinin sevincinin necə yaşanmasını görmüşəm, bu elə bil, bir yarış idi, sözü keçirtmək yarışı.
– Gənc yazarlara münasibətdə necə idi? Əlindən tutduqları xətrini əziz tuturmu?
– Gənc yazarlara münasibəti çox yaxşı olub, həmişə aralarında istedad axtarıb, kimliyindən asılı olmayaraq, elələrini tapanda özü onların qarşısına düşürdü, yol göstərirdi, çap edirdi, yeni yazılara həvəsləndirirdi və onların uğurlarına sevinirdi. Mən, onun vaxtı ilə etdiyi yaxşılıqlarla indiyədək vaxtaşırı rastlaşıram, o insanlar onu çox xoş xatırlayır, hətta gözləmədiyim anda mənə yardımçı da olublar.
– Övlad həm də varisdir. Necə düşünürsüz, siz və ailənin digər varisləri atanızın ümidini doğrulda bildinizmi?
– Atam məni, qardaşımı, bacımı birinci növbədə yaxşı insan, cəmiyyətə layiqli şəxs, öz peşəsinin peşəkarı, yaxşı ailə başçısı görmək istəyirdi, düşünürəm ki, əgər o yaşasaydı, bunları görmüş olacaqdı. Hər üç balasının onun ümidini doğrultduğunu deyəcəkdi.
– Hər halda gərgin həyat tərzi, yaradıcılıq yolu bəzən onda nəyəsə vaxt ayıra bilməməsinə gətirib çıxarardı.
– Elədir, onun iş qrafikinin gərginliyi, yaradıcılıq, həyat problemləri, bunlar hamısı var idi, yorğunluq da olurdu təbii. Ancaq heç bir zaman onun həyatdan bezdiyini görmədim, əksinə, həmişə vaxtın çatışmamazlığından, zamanın güllə kimi uçmağımdan gileylənərdi.
Təəssüflənməyim isə ondan bir ata kimi doymadığım, yaşa dolduğum dövrlərdə onunla ünsiyyət aclığını çəkirəm, onunla doyunca söhbət edə bilmədim…
Söhbətləşdi: Faiq Balabəyli