Atası edam edildi, sui-qəsd nəticəsində öldürüldü, ölümünə görə ölkəsində üç günlük matəm oldu – Müsəlman aləminin ilk qadın baş naziri…

Atası edam edildi, sui-qəsd nəticəsində öldürüldü, ölümünə görə ölkəsində üç günlük matəm oldu – Müsəlman aləminin ilk qadın baş naziri…

Kulis.az Pakistanın keçmiş baş naziri Bənazir Brutto haqqında materialı təqdim edir.

Siyasətə gedən ağır yol…

Bənazir Bhutto 1953-cü il iyunun 23-də Pakistanın Karaçi şəhərində dünyaya gəlib. Onun Atası Pakistanın Baş Naziri olmuş Zülfüqar Əli Bhuttodur. Anası isə İran kürdlərindən Begüm Nusret Buttodur.

Bənazir ilk təhsilini Karaçi şəhərində yerləşən gimnaziyada alır. O, gimnaziyanı tez bir zamanda başa vurur. 1969-cu ilin aprelində Bhutto ABŞ-ın Harvard universitetinə daxil olur. Harvard təhsili zamanı çox gözəl natiqlik qabiliyyətləri qazanır. 1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirir və dövlət idarəçiliyinin bakalavr diplomunu alır. Oksfordda oxuyan zaman əvvəlcə daimi komitənin, daha sonra isə “Oksford Birliyi”nin prezidenti seçilir.

Universiteti bitirdikdən sonra vətənə geri dönən Bhuttonun yaşı parlament seçkilərində iştirak etməyə çatmadığı üçün o, atasının köməkçisi kimi fəaliyyətə başlayır. 1977-ci il iyul ayında Pakistanın baş qərargahının generalı Məhəmməd Ziya-ul-Xak hərbi çevrilişə başçılıq edir və hakimiyyəti ələ keçirir. Həmin ilin sentyabrında devrilmiş baş nazir Bhutto və qızı həbs edilir. Bənazir öz qeydlərində həmin illərin necə sərt keçdiyi haqqında yazıb:

“Yayın istisində günəş elə bil ki qəsdən mənim saxlanıldığım həbs otağına istilik verirdi. Getdikcə saçlarım tökülürdü. Bir tərəfdən də həşəratlarla üz-üzə qalmışdım. Cırcıramalar, ağcaqanadlar, milçəklər, arılar və böcəklər divardakı çatlar vasitəsilə otağa doluşurdu. Onlardan qorunmaq üçün başımı yorğanla örtürdüm, lakin bu dəfə də isti nəfəsimi kəsirdi”.

Atanın edamı və ailədaxili ixtilaflar.

Günlərin birində Bənazirini həyatında ən faciəli məqam baş verir. 1979-cu ildə Bənazirin atasının ölümünə qərar verilir və o, edam olunur.

Atasının ölümündən sonra Bhutto qəbiləsinin daxilində problemlər başlayır. Qardaşları Murtaza və Şah Navaz siyasi mirasda onların da haqqı olduğunu bildirirlər. Zülfiqar Əli Bruttonun edamından sonra partiyasının lideri onun həyat yoldaşı olur. 1980-ci ildə Bruttonun qardaşı Şah Navaz qeyri-müəyyən səbəblərdən Fransada öldürülür. Deyilənlərə görə, Pakistan xüsusi xidmət orqanları onu zəhərləyir. General Məhəmməd Ziya-ul-Xakın avtomobil qəzasında həlak olmasından sonra isə Bənazir Bhutto vətənə qayıda bilir. Onun atasının qatili kimi sadəcə Bənazirin anasından yox, həmçinin qardaşı Murtaza Bhuttodan da şübhələnirdilər.

1987-ci il dekabrın 17-də Bhutto iş adamı Asif Əli Zardariyə ərə gedir. Zardari əyalətin zəngin ailələrindən birində dünyaya gəlmişdi. Bənazir nikahdan sonra atasının soyadını saxlamağı üstün tutur. Bu evlilikdən onların Bilal, Baxtavar və Asif adlı 3 uşağı olur.

İlk müsəlman qadın baş nazir postunda…

1988-ci il noyabrın 16-da Bənazir Brutto ölkənin baş naziri seçilir. Bu, dünya tarixində ilk müsəlman qadın idi ki, baş nazir olurdu. O öz proqramında bəzi dəyişikliklər edir. Məsələn, sosializm sözünü tamamilə ləğv edir.

Ancaq növbəti illərdə ölkədə baş verən bütün korrupsiya qalmaqallarında “Cənab 10%” ləqəbi ilə Bruttonun həyat yoldaşı Asif Əli Zardarinin adı hallanır. Onun ünvanına təkcə Pakistanın hüquq-mühafizə orqanları yox, həm də Böyük Britaniya və İsveçrə də ittihamlar göndərir. Bütün bunları nəzərə alan prezident Qulam İskax Xan Bənazir Bruttonu hakimiyyətdən uzaqlaşdırmağa nail olur.

1993-cü ildə növbəti seçkilər zamanı Brutto korrupsiya və yoxsulluqla mübarizə apararaq seçkilərdə qələbə qazanır. Partiyada koalisiya hökumətini formalaşdırır – Müsəlman liqası. Həmin ilin noyabrında onun qardaşı Murtaza sürgündən qayıdır. Brutto ailəsi daxilində baş verən münaqişələr partiyanın birliyindən də yan keçmir. Murtaza vətənə qayıdandan sonra terrorizmlə ittihama görə həbs edilir.

İkinci dəfə ölkənin Baş naziri olan Bənazir ölkədə bir sıra genişmiqyaslı islahatlar keçirir. O, neft yataqlarını milliləşdirir və sosial proqramların həyata keçirilməsinə maliyyə axınlarını açır. Onun təşəbbüsləri nəticəsində ölkədəki savadsızlıq nəzərəçarpacaq dərəcədə azalır. Kəndlərə elektrik və içməli su xətləri çəkilir. Bundan başqa o, pulsuz səhiyyə və təhsil xidmətləri də təklif edir. 1996-cı ildə o, ilin ən məşhur beynəlxalq siyasətçisi kimi “Ginnesin rekordlar” kitabına düşür və bir çox dəyərli mükafatla təltif olunur.

Bənazirin ikinci nazirlik dövründə uğurlar qazanmasına baxmayaraq, əri haqqında yaranan korrupsiya qalmaqalları səngimir. O yenə də rüşvət almaqda ittiham edilir.

1998-ci ilin əvvəlində Bənazir və ərinə rəsmi ittihamlar təqdim edilir, Britaniya və İsveçrə banklarında olan hesabları dondurulur.

Bruttoya qarşı ittihamların digər səbəbi də siyasi güclərini itirən Pencab mahalındakı zəngin torpaq sahibləri və bu bölgənin seçiciləri idi.

Vətənə dönüş və faciəli qətl…

1999-cu ildə Pərviz Müşərrəfin liderliyi ilə həyata keçirilən hərbi çevriliş nəticəsində Brutto ölkəni tərk etmək məcburiyyətində qalır. O, Pakistanı tərk edərək Dubaya köçür.

2002-ci ildə Pərviz Müşərrəf Bruttonun yenidən nazir seçilməsinin qarşısını almaq üçün qanunda dəyişiklik edir. Belə ki, qanunlara görə Bənazir Brutto növbəti dəfə nazir seçilməkdən məhrum olunur.

Lakin, 2007-ci ildə Pərviz Müşərrəf Bruttonun Pakistana qayıtmasına zəmin hazırlayacaq müzakirələrə başlayır. Beləliklə Bənazir 2008-ci ilin yanvarında keçiriləcək seçkilərdə müxalifət partiya lideri olaraq seçkilərə qatılmaq hüququ qazanır. Bənazir ailəsi haqqında başlanan ittihamlar isə artıq nəticələnməyə başlayır.

Seçkilərə qatılmaq üçün Pakistana geri dönmək qərarı alan Bruttoya qarşı Əl-Kaidənin ölüm təhdidindən xəbər tutan Pərviz Müşərrəf Bruttodan gəlişini bir müddətlik təxirə salmasını istəyir. Lakin, Bənazir bu istəyə məhəl qoymur səkkiz illik sürgündən sonra 18 oktyabr 2007-ci ildə o, Pakistana geri qayıdır. Elə həmin günü tərəfkeşləri tərəfindən qarşılanan Bruttoya qarşı sui-qəsd həyata keçirirlər. Lakin, tale elə gətirir ki, o, bu terrordan xilas olur. Həmin hadisə zamanı isə 138 nəfər həlak olur, 248 nəfər yaralanır.

Ölkədə parlament seçkiləri 2007-ci ilin yanvarına kimi keçirilir. Və Bənazir qələbəyə böyük ümid bağlayır. Qanuna görə, o artıq nazir ola bilməzdi, lakin bir sıra analitiklər hesab edirdi ki, Pərviz Müşərrəf qadağanı ləğv edəcək. Hər kəs Bruttonun namizədliyini dəstəkləyir. Eləcə də ABŞ, rəsmi Vaşinqton.

Brutto gələn kimi siyasi mübahisələrə qoşulur. 2007-ci il noyabrın 3-də Pakistan prezidenti ölkədə fövqəladə vəziyyət elan edir. Brutto əmin idi ki, Pakistanda fövqəladə vəziyyətin tətbiqi ölkədə indiki rejimi bərkitməklə bağlıdır. Noyabrın 9-da hüquq-mühafizə orqanları sabiq baş nazirə İslamabaddakı evini tərk etmək əmri verir.

Birinci sui-qəsddən iki ay sonra dekabrın 27-də Brutto öz tərəfdarları qarşısında çıxış edərkən terror aktının qurbanı olur. Mitinqin sonuna yaxın kamikadze onun boyuna və sinəsinə partlayıcı qurğu atır. Bu terror aktı zamanı 20-dən çox insan həlak olur. Brutto özü isə xəstəxanaya yerləşdirilir və elə əməliyyat masasında həyatını itirir.

Bruttonun ölümündən sonra, baş nazir Pərviz Müşərrəf, ölkədə üç günlük yas elan etdi.

Share: