Atası güllələndi, Nobel mükafatına layiq görülmədi, Bakıda ayaq üstə alqışlandı

Kulis.az Fəxri Uğurlunun Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” povesti haqqında yazdığı “Yaşamaq üçün ölmək” adlı yeni yazısını təqdim edir.

“Ağ gəmi”, ardınca da “Dəniz kənarıyla qaçan Alabaş” povestindən sonra Çingiz Aytmatovun yaradıcılığında böyük dönüş baş verdi. Bundan sonra yazıçı mövzularına da, personajlarına da fəlsəfi don biçdi, onları öz ömürlərinin, mühitlərinin dar kontekstindən çıxarıb, “Gün var əsrə bərabər” romanının qəhrəmanı Boranlı Yedigey kimi, “Qiyamət” (bizdə bu adla çap olunsa da, gerçək adı “Cəllad kötüyü”dür) romanının qəhrəmanı Avdi Kallistratov kimi kainatın ürəyinə yerləşdirdi. Sadə bir dəmiryol fəhləsini qlobal proseslərin mərkəzinə çəkmək indi bəlkə özündən deyən azman bir yazıçıya da qeyri-mümkün görünər, ancaq onda alındı. Onun Şəkər aulundan saldığı cığır Sarı Özək çöllərində dəmiryol xəttinə dönüb planetin az qala bütün ölkələrinə qol uzatdı, çapar göndərdi, onun sayəsində Şəkər aulu yaxın-uzaq diyarları başına topladı, dünyanın üzünü özünə sarı çevirdi.

Sovet Qırğızıstanına rəhbər göndəriləcəyi gözlənən savadlı, perspektivli atası 37-ci il repressiyasının qurbanı olandan sonra hələ bığ yeri tərləməmiş Çingiz ailənin böyüyünə çevrildi. Buna qədər o, atasının məsləhətiylə anası, özündən kiçik qardaşı, ondan da kiçik iki bacısıyla birgə Moskvadan doğma kəndinə qayıtmışdı, dar gündə onlara dayaq duran, himayədarlıq eləyən el-obasına, simsarlarına, əzizlərinə sığınmışdı. Bir vaxt gəldi, Çingiz o kənddə gördüyü qayğının, sevginin əvəzini min qat qaytardı – Şəkər aulu dünyada dillərə düşdü, planetar miqyaslı ədəbi abidəyə, real əfsanəyə çevrildi.

Atası xalq düşməni elan olunsa da, bəxtinin xərclənməmiş ehtiyatını böyük oğluna miras qoyub getmişdi. Atadan qalma bu miras Çingizin dadına çox çatdı, onun ədəbi taleyi görünməmiş dərəcədə uğurlu oldu. 1958-ci ildə yazdığı “Cəmilə” povesti vur-tut bir ildən sonra məşhur fransız yazıçısı Lui Araqonun tərcüməsində, həm də onun ön sözüylə Parisdə dərc olundu. Bunun ardınca əsərin sədası bütün Avropaya, oradan da bütün dünyaya yayıldı, otuz yaşlı Çingiz Aytmatov qısa müddət içində sözün gerçək mənasında dünya şöhrətli yazıçıya çevrildi. “Cəmilə” qarışıq dörd povestin (“Qırmızı yaylıqlı qovağım mənim”, “İlk müəllim”, “Köşək gözü”) yer aldığı kitabına görə 1963-cü ildə Aytmatov “sosialist düşərgəsinin Nobeli” sayılan Lenin mükafatına layiq görüldü. Cəmi otuz beş yaşında! Məlumat üçün deyim ki, sovet dönəmində heç bir Azərbaycan yazıçısı (hətta Lenindən gen-bol yazanlar belə) bu mükafatı ala bilməyib.

***

Əsərin əsasında duran əhvalatı müəllifə özü də Saxalində yaşayan nivx adlı etnik qrupa mənsub yazıçı, publisist Vladimir Sangi danışıb. Aytmatov povestini ona ithaf eləyib.

Sakit okeanın yaxasında məskunlaşmış nivx qəbiləsindən dörd nəfər gövdəsi oyulmuş nəhəng qovaq ağacından qayırılma qayıqla nerpa ovuna çıxır. Bunlardan ən böyüyü çubuğu damağından düşməyən qoca Orqan, ən kiçiyi on bir yaşlı balaca Kiriskdir. Orqan qayığın burnunda yerini rahatlayıb. Kiriskin atası Əmrayinlə əmisi (dəqiq deyəsi olsaq, atasının əmisi oğlu) Mılğun avar çəkirlər. Ovçuların bu səfərə çıxmaqda məqsədi təkcə qənimət əldə eləmək deyil, bu gediş ilk növbədə ritual, mərasim xarakteri daşıyır: əsas məqsəd balaca Kiriskə təlim keçmək, onu qəbilənin başlıca qida mənbəyi olan ovçuluğa alışdırmaq, gələcəyin mahir ovçusu kimi yetişdirməkdir. Fəqət okeanın tutması, hikkəsi uşağın siftəsini korlayır, təlim-məşq mərasimi onlara baha başa gəlir.

Sahildən xeyli aralaşana qədər Alabaş adlı dağ ovçuları müşayiət eləyir, bir doğma kimi qurudan onlara əl yelləyir, yol göstərir, ta qayıq gözdən itənəcən onlardan muğayat olur. Bu dağ nivxlərin bir növ qibləsi, himayədarıdır. Okeandan baxana elə gəlir ki, Alabaş dənizin qırağı boyunca gəşt eləyir, ətəyinə sığınmış insanların keşiyini çəkir.

Ovçular təqribən iki gün ərzində okeanda üç kimsəsiz adaya baş vurmalıdırlar. Həmin adalarda şikar çox olur.

İlk çatdıqları adada bir nerpa ovlayandan sonra onlar ikinci adaya yön tuturlar. Fəqət yolda dəhşətli bir qasırğaya düşürlər, yerlə göyün arasını boz-qara duman alır, külək, tufan qoymur ki, göz gözü görsün. Qayıq batmasın deyə ovladıqları cəmdəyi, çəkidə ağır nə varsa hamısını dənizə atırlar. Əllərində-ovuclarında qalan tək qənimət yola götürdükləri içməli su olur. Ucsuz-bucaqsız su səhrasının ortasında onları yalnız bu bir neçə parç su ölümdən qurtara bilər.

Tufan yatandan sonra da qayıqdakılar hərəkət eləyə bilmirlər, çünki səmti itiriblər. Qatı duman göydə ulduzların, yerdə quşların üstünə sirr pərdəsi çəkib: əgər göyün üzü açılsaydı, qoca Orqan ulduzlara baxıb hankı səmtə üzməli olduqlarını bilərdi; yaxud ən qatı qaranlıqda, sıx dumanda belə uzağı görən qütb bayquşunun – aqukuk quşunun uçuşu görünsəydi, onun qanadlarından sallaşıb bir yana çıxmaq olardı. İndisə ovçular dəryada kar-kor kimi qalıblar. Üstəlik də susuzluq. Bir bayatıda deyildiyi kimi: dəryada bir gül bitib, o da su deyin ağlar…

***

Çılğın, güclü Mılğunun əsəbləri bir yerdə hərəkətsiz dayanmağa tab gətirmir, Əmrayinlə birlikdə yorulub əldən düşənəcən avar çəkib, qayığı bilinməyən istiqamətə sürürlər. Bu da, əlbəttə, onların susuzluğunu daha da şiddətləndirir. Gözünü, ağlını qan örtmüş igid, tədbirli kişilər düşünmək iqtidarında deyillər ki, son damla gücləri bahasına başa gələn bu gedişin onlara nə faydası olacaq.

Qoca Orqan ehtiyatdakı suyu qayıqdakılara zərrə-zərrə paylayır. Özü içmir, öz payını Kiriskə içirir. Əmrayin bunu etirazla qarşılayanda deyir ki, mənim günüm keçib artıq, öz payımı çoxdan içib qurtarmışam. Ancaq zalım susuzluq hökmünü verir, yanğıya dözməyən qoca gənclərin su payına şərik çıxmamaq üçün, görünür, həm də onların əzab içində öldüyünü görməmək üçün özünü dəryaya atır.

Dumansa çəkilmək bilmir, yerlə göyün arasında yerdən-göydən bir nişanə görünmür. İçməli suyun da dibinə bir şey qalmayıb, böyüklər aldıqları bir-iki qurtumu da xəcalətlə boğazdan ötürürlər. Axırda susuzluqdan havalanan Mılğun dözməyib dəniz suyunu ovuclayıb içir. Bu isə belə şəraitdə ölümə bərabərdir. Kiriskin Mılğun əmisi də özünü okeana – nivxlərin mifik əcdadı Balıq Anaya təhvil verir.

Qalır Əmrayinlə oğlu. Ata üçün çıxılmaz vəziyyətdir – nə gedə, nə qala bilir. Getsə, oğlunu amansız okeanın qoynunda tək qoymuş olur, qalsa, balasının dirilik suyuna şərik çıxır. İki yoldan heç biri ondan ötrü məqbul deyil, di gəl, yol bir olmalıdır, iki variantdan biri hökmən seçilməlidir. Əmrayin də sələfləri getdiyi yolu seçir, Kiriski yuxuya verib Balıq Ananın qoynuna atılır.

Bəli, paradoksal görünsə də, belədir: insan canını qurban verir ki, sabaha salamat çıxsın, ölür ki, diri qalsın, özünü toxum kimi yerə əkir ki, toxumu kəsilməsin. Bəlkə də bəşər övladı təhtəlşüurunda bu həyata, yer üzünə bir də gələcəyini bilir deyə gələcək nəsillərin üstündə bunca əsir, ona aydın görünməyən minillik gələcəyinin qayğısına qalır.

***

Yuxudan ayılanda uşağın axıra qalmış bir-iki ovuc suyu içməyə belə heyi çatmır. Sonsuz göyün altında, ucsuz-bucaqsız okeanın qoynunda mübtəla olduğu tənhalıq dərdi, təklik mərəzi canına sirişt olmamış yerlə-göylə, təbiətlə ünsiyyətə girir. Göydəki ulduzlardan birinə atasının adını verir – Əmrayin ulduzu. Həmin ulduz Kiriskə atalıq eləyir, onun yolunu işıqlandırır, ona yurdunu nişan verir. Əsən yelə Orqan babanın adını qoyur; babası kimi müdrik külək ona bələdçilik eləyir, onu düzgün səmtə yönəldir. Qıvrılıb açılan dalğaları Mılğun əmisinin adıyla çağırır, əmisi kimi güclü dalğalar onun qayığını xilas yoluna itələyir.

İnsan ana təbiətə könül açdıqca, onun sirrinə açar tapıb ondan nicat umduqca təbiət də insana mehir salır, bütün gücüylə onun yardımına tələsir, əli-qolu bağlı onun qulluğunda durur. Kirisk iti gözlü aqukuk quşunun başı üstündə qanad çalıb qayığın su üzündə sürüşdüyü səmtə uçduğunu görəndə Orqan babadan eşitdiklərini yada salır: demək, qütb bayquşu ona işarə verir ki, torpaq yaxındadır; demək, külək, dalğalar qayığı doğru yola çəkir; demək, atasının ulduz dilində dediyini oğlu düzgün anlayıb.

Bir azdan nivxlərin qibləsi, ağsaqqalı, himayədarı, yolgöstərəni Alabaş da görünəcək. Körpə balasını uzaqdan salamlayacaq, onu xoş üzlə qarşılayıb bağrına basacaq. Ulduz dənizlə, dəniz yellə, yel dalğayla, dalğa quşla, quş da dağla birləşib, həm öz təbiətinə, həm də ana təbiətə qalib gəlmiş üç igid, comərd kişinin gələcəyini xilas eləyəcək. Heminqueyin dediyi yenilməz insan, bax, belə, bu cür olar. Bəli, qoca Orqan da, qoçaq Mılğun da, enlikürək Əmrayin də həm naqis insan təbiətinə, həm də o naqis insan təbiətini doğub ərsəyə gətirmiş ana təbiətə qalib gəlir. Öz təbiətinə dov gəlmiş insan bütövlükdə təbiəti, yeri-göyü, kainatı yenmiş sayıla bilər.

***

Heminqueyin qocasıyla Aytmatovun qocası arasında çox mühüm prinsipial fərqlər var.

Orada qoca yeniyetmə şagirdini ondan ötrü yetişdirir ki, yeri gələndə onun qolundan tutsun, ona kömək, dayaq olsun. Santyaqo okeanda nəhəng balıqla çarpışanda da oğlanı buna görə arzulayır, düşünür ki, Manolin yanında olsaydı, bunca əziyyət çəkməzdi. Burada isə qoca Orqan Kiriski öz yerinə hazırlayır, ona ömrünü tapşırmağa hazırlaşır; hərçənd təbii fəlakət ucbatından bu müqəddəs akt nəzərdə tutulduğundan xeyli tez, xeyli əvvəl baş verir.

Heminqueyin əsərində uşaq qocaya həyan durur, onun qayğısını çəkir, ona acıyır. Aytmatovun əsərində isə qoca özünü uşağa fəda eləyir, öz ömründən kəsib onun ömrünə calayır, həm də bu işi heç bir qəhrəmanlıq ədası göstərmədən, sakit, təvazökar bir məhəbbətlə, müqəddəs vəzifə borcu kimi minnətsiz-filansız yerinə yetirir.

Heminqueyin qocası mənəvi cəhətdən sonsuzdur, hətta onu çox sevən şagirdi də atasının qadağası üzündən Santyaqoya yoldaşlıq eləyə bilmir. Onların yenidən birgə ova çıxmaq arzuları da xam xəyaldır, özlərinə təskinlikdən başqa bir şey deyil; ikisi də yaxşı bilir ki, daha yolları həmişəlik ayrılıb. Santyaqo bu ağrını içində çəkir, korun-korun yansa da, tüstüsünü çölə buraxmır. Aytmatovun qocası isə heç vaxt sonsuzluq acısı çəkməyəcək, övlad dağı görməyəcək; çünki o, göz qırpmadan, ağlayıb sızlamadan atıb getdiyi qayıqda – özünün balaca dünyasında oğlu yerində iki kişi, nəvəsi yerində bir oğlan uşağı qoyub gedib.

Heminqueyin qocası məğlub, Aytmatovun qocası qalibdir. Okeanla savaşdan sağ çıxan məğlub, özünü okeana qurban verən qalibdir. Sağ qalmaq heç də hər zaman qalibiyyət əlaməti deyil.

Heminqueyin pessimist əsəri mahiyyətcə poeziya, Aytmatovun optimist əsəri mahiyyətcə dindir. Biri poetik təfəkkürün, o biri mistik təfəkkürün məhsuludur.

Bütün bunları nəzərə alanda görürsən ki, Aytmatovun povesti Heminqueyin povestindən bir baş üstündür.

***

Bəs niyə “Qoca və dəniz”in haqlı olaraq layiq görüldüyü Nobel mükafatını “Dəniz kənarıyla qaçan Alabaş”ın müəllifinə qıymadılar? Hələ orasını demirəm ki, Aytmatovun əsəri Nobelin şərtlərinə daha çox uyğundur.

Üstəlik də “Alabaş” onun yaradıcılığının zirvəsi deyildi, bundan sonra “Gün var əsrə bərabər”, “Qiyamət” kimi bütün dünyaya səs salan fəlsəfi romanlar gələcəkdi. Hələ mən onun iyirminci əsrin texnoloji xarabalığında, poeziyanın yol tapa bilmədiyi fabriklərin, zavodların gurultusu altında can verdiyi neçə-neçə mifdən, manqurt əfsanəsi kimi yeni mənəvi istilah, əxlaqi imperativ yaratmış kəşfindən danışmıram. Əsərləri 174 dildə (!) 80 milyon tirajla çap olunmuş bir yazıçının Nobel komitəsi necə oldu böyründən keçdi?

Əgər söhbət üzünə xoş baxılan sovet yazıçısı olmaqda, Lenin mükafatı almaqdadırsa, Stalinin sevimlisi, sovet hökumətinin əziz-xələfi Mixail Şoloxov kommunistlərin icad elədiyi mükafatların hamısını almışdı, bununla belə ondan Nobel mükafatını da əsirgəmədilər. Sosialist düşərgəsindən uzaqlarda da bu mükafatların hər ikisinə layiq görülmüş böyük sənətkarlar vardı – məsələn, Qvatemala yazıçısı Migel Anxel Asturias.

Adını çəkdiyim hər iki yazıçıya Nobel mükafatının verilməsi, şübhəsiz, çox ədalətli qərardır. Bəs o gözəl ədalətdən dünyanın xəritəsində lupayla da görünməyən bir kənddən çıxmış qırğız oğlunun payına niyə bir çimdik düşmədi?

Görünür, bu məsələdə bizim bilmədiyimiz məqamlar var. Ona qalsa, kimsə deyə bilər ki, həmin ədalətdən Prusta, Coysa, Kafkaya, Akutaqavaya, Borxesə, Nabokova… da pay düşməliydi. Deyər, haqlı da olar.

***

Çingiz Aytmatovun türk milli kimliyinin oyanışında da misilsiz xidməti olub. Bu səbəbdən, sonrakı illəri deyə bilmərəm, sovet dövründə onu Azərbaycanda da çox sevir, çox oxuyurdular. “Cəmilə”, “Qırmızı yaylıqlı qovağım mənim”, “İlk müəllim”, “Köşək gözü”, “Ana tarla”, “Əlvida, Gülsarı”, “Ağ gəmi”, “Erkən gələn durnalar” kimi əsərlər mənim uşaq, yeniyetmə çağlarımda ən ucqar kəndlərimizə belə gedib çıxır, əl-əl gəzirdi.

Böyük yazıçının mərhum şairimiz Bəxtiyar Vahabzadənin 1985-ci ildə Akademik Dram Teatrında keçirilmiş 60 illik yubiley tədbirində iştirakını yaxşı xatırlayıram. Çingiz Aytmatov çıxışına qırğızca başladı, bu zaman ağzınacan dolu zalda hamı ayağa qalxıb onu gurultuyla alqışladı. Ta ruscaya keçənə qədər dediyi hər cümlə belə qarşılandı.

Mən Azdramanın böyük tamaşa salonunu iki dəfə elə coşqulu görmüşəm – bir Hüseyn Cavidin “İblis” faciəsinin premyerasının sonunda (bununla bağlı xatirəmi şəhid şairimizə həsr olunmuş yazımda danışmışam), bir də Çingiz Aytmatovun Bəxtiyar müəllimin yubileyindəki təbrik çıxışının əvvəlində. İndi o coşqudan yalnız sönük atəş, közərən yaddaş qalıb.

“Yeni Azərbaycan” qəzeti

Share: