Atasına üsyan edən oğulun məğlubiyyəti – Aygün Aslanlı yazır…

Atasına üsyan edən oğulun məğlubiyyəti – Aygün Aslanlı yazır…

Kulis.az kinoşünas Aygün Aslanlının “Qəbiristanlıqda sərgi” adlı yazısını təqdim edir.

“Babanı öldürmektir mesele, genç adam

İlla topla, tüfekle, bıçakla değil

kafanın içinde diyorum

öldürmezsen çünkü, senin gömleklerini giymeye başlar

senin pantolonunu çeker altına

ayak numaranız aynı olmasa da

senin bastığın toprağa önce o basar

silemezsin ayak izlerini

senden önce keşfettiği tüm coğrafyalarda

geleceğinin bekçiliğini yapar”.

Bu şeiri “Ata” adlı bir türk serialında eşitmişdim (müəllifini tapa bilmədim), Asif Rüstəmovun “Mərmər soyuğu” bədii filminə baxarkən yadıma düşdü. Çünki, bu film də eyni mövzudan bəhs edir – beynimizdəki “atanı” öldürməkdən. Daha doğrusu, film sual verir – beynimizə kök salmış “ata”nı necəsə öldürmək mümkündürmü?

“Mərmər soyuğu”, Asif Rüstəmovun ikinci tammetrajlı bədii filmidir. Dünya premyerası 2022-ci ilin noyabrında Tallində keçirilən “Qara gecələr” festivalında baş tutub və baş rollardan birini ifa edən Qurban İsmayılov “Ən yaxşı aktyor” nominasiyasında qalib olub. Film həmçinin, Qazaxıstanda keçirilən XIII Avrasiya Beynəlxalq Kino Festivalında “Ən yaxşı rejissor” nominasiyının qalibidir, Fransanın Vesoul şəhərində keçirilən XXIX Asiya Filmləri Beynəlxalq Kinofestivalında beynəlxalq münsiflər heyətinin Qran-Prisini, NETPAC və Mark Haaz jürilərinin mükafatlarını qazanıb.

Rejissor bundan əvvəlki “Axınla aşağı” bədii filmində olduğu kimi “Mərmər soyuğu”nda da ata-oğul münasibətlərini araşdırır. Amma deyəsən, bu dəfə daha eyni mövzuya qayıtmamaq istəyilə. Hərçənd bilmək olmaz; beynimizdəki “ata” öz xoşuyla bizi buraxmaz.

Film, klassik narrativdə çəkilib, vizual həlli də buna uyğun seçilib (quruluşçu operatorlar: Oktay Namazov və Adil Abbas). Obyektiv kamera, aramla personajları müşahidə edir, diqqətini çəkən detallara fokuslanır (oğulun evində qapılardan birinin boş kilid yeri, atanın qayıdışını xəbər verən ling kimi), qəhrəmanlara həddi aşmayacaq qədər (iri planda) qəhrəmanlara yaxınlaşaraq mimikalarından nə düşündüklərini, nə hiss etdiklərini öyrənməyə çalışır. Nə tələsmir, nə də ləngimir; sanki vacib bir qərar öncəsi hər şeyi soyuq başla – mərmər kimi soyuq başla ölçüb-biçmək, anlamaq üçün.

Süjet üç qəhrəmanın qarşılıqlı münasibətləri əsasında qurulub – Ata (Qurban İsmayılov), Oğul (Elşən Əsgərov) və Qadın (Natəvan Abbaslı). Ata, oğul və müqəddəs ruh üçlüyünü xatırlatmırmı? Niyə də yox? Zatən, müəllif də Qadını digər qəhrəmanlar kimi konkretləşdirməyib, ana, bacı, sevgili yox, ümumi olaraq Qadın adlandırıb. Üstəlik, filmdə bir yox, iki əsas qadın obrazı var: Oğulun sevgilisi – adətən, onun olduğu yerdə, ya da üstündə mütləq qırmızı rəngli bir detal var: qırmızı pərdələr, qırmızı çanta, qırmızı boyunbağı, maşında qırmızı dikdaban nişanı və s. Bir sözlə, şəhvət, iblisanəlik əlaməti. Bir də Ata tərəfindən qətlə yetirilmiş, öldürülməsinin səbəbi sona qədər açıqlanmayan, sadəcə eyhamlar vasitəsilə təxmin edə bildiyimiz ana – adı Mələk olan ana; o, həm də adı olan yeganə personajdır, üstəlik bu ad “Mələk! Mə-lək!” deyə bir neçə dəfə vurğulanır. Onun haqqında adından başqa konkret heç nə öyrənməyəcəyik, amma üstüörtülü, təzadlı fikirlər sayəsində şeytanın da mələk olduğunu xatırladan bir obraz canlanacaq gözümüzdə.

Ümumiyyətlə, rejissor elə ilk kadrlardan tamaşaçı ilə şərt kəsir: geyimindən ziyalıya bənzəyən bığıburma kişinin fotosunu “süzərək” Oğulun iri planına keçidlə başlayan film, tamaşaçıya, “Diqqət! Siz kişilərin hökm etdiyi dünyaya daxil olursunuz!” deyir. Şərtini kəsəndən sonra da bizi, Oğulun işi (başdaşı ustası işləyən uğursuz rəssam), evi, yaşam tərzi ilə tanış edir, eyni zamanda onun (özünün) daxili konfliktini də vizuallaşdırır. Konseptual sənət sərgisi epizodunda mizanlar elə qurulub ki, Oğulla eyni kadrda görünən instalyasiyalardakı “Bəlkə o, həqiqət axtarışındadır?”, “Bəlkə o, günahsızdır?”, “Bəlkə o özünü tapıb?”, “Bəlkə o, qışqıra bilmir?” sualları qəhrəmanın zehnindən çıxmış təsiri bağışlayır. Bu cəhətdən, elə sərginin adı da simvolikdir və filmin ideya-bədii məqsədinə işarə edir – “özün özündən soruş”; cavabları, səbəbləri başqa yerdə axtarma, öz içinə bax.

Ata, filmin dünyasına qapını qıraraq zorakı şəkildə daxil olur. Amma bir dəqiqə! Bura onsuz da onun dünyasıdır, o, elə öz dünyasına qayıdıb. Ata özü də “bura mənim evimdir, yoxsa yadından çıxıb?” deməklə bunu həm oğluna, həm də biz tamaşaçılara bir daha xatırladır. Filmboyu eyni məzmunlu xatırlatmaları bir neçə dəfə eşidirik: Qadın Oğula “psixoloji analiz” verəndə “atan kimi oğul böyütməkdən qorxursan” deyir; planını reallaşdırmaq üçün Oğulu “təsəvvür elə, məşhur rəssam, həyat yoldaşı və oğlu” xəyalı ilə şirnikləndirir. Övlad, ya da uşaq demir, məhz oğul, gələcək ata.

Filmin diqqət çəkən məqamlarından biri də məkan həllindəki muzey konseptidir: əhvalatın başladığı ev muzeyi; qəbiristanlıq – başdaşılar, ölülər muzeyi və ananın öldürüldüyü otaq – o da Oğula məxsus kiçik bir ev muzeyidir. Muzey müəyyən predmetlərin dəyərli, toxunulmaz elan edilərək qorunduğu yerdir. “Mərmər soyuğu” filminin ideya-problematikası kontekstində isə atalar dünyasının, patriarxal cəmiyyətə xas dəyərlərin simvoluna çevrilib. Qadın bu dəyərlərin toxunulmazlığını pozur, ya da pozmağa çalışır və öz əməlinə Oğulu da ortaq edir. İşlədiyi muzeydən seks yuvası kimi istifadə edir. Evdəki otağa da ilk dəfə Qadın daxil olur, orda sevişmək istəyir. Ataların dünyasında qadın, atayla oğul arasındakı bağı qırmağa çalışan, yəni dəyərlərin davamlılığına təhlükə yaradandır. Hətta bu dəyərlər artıq tərs-məzhəb istifadə olunsa belə, göstəriş alətinə çevrilsə belə (qəbiristanlıq səhnələri), “torpağı münbitdir”, dirilərə də pay düşər.

Filmdə Ata xarakteri nə qədər ziddiyətli, çoxlaylıdırsa (bu ziddiyyət həm verbal yolla, Ata və Oğulun dialoqlarında, həm də vizual şəkildə, Atanın gah ağ, gah qara geyinməsiylə çatdırılır), Oğul xarakteri bir o qədər birqatlıdır. Müəllif ikinciyə, demək olar ki, seçim şansı vermir. Oğul yalnız bir dəfə üsyan edir, atasının üstünə cumur və dərhal da məğlub olur, sonrakı müqavimət cəhdləri də atanın üstünlüyü ilə bitir; Atanın həyat dərslərini rahat qəbul edir (Qadının məsləhəti ilə); Ata ilə eyniləşmə ağrısız baş verir, Qadının təklif etdiyi planla tərəddüdsüz razılaşır. Oğulun öz sənətinə münasibətində də eyni məğlubiyyət var və bu cür – əvvəldən məğlub mövqe filmin konfliktini zəiflədir. Belə olanda Atanı bağışlamaq, onunla və özü ilə barışaraq həyata davam etmək aktı da (o, Atanın əkdiyi pomidorları yeyir, onun kimi mollalığa başlayır) daha çox təslimlik təsiri bağışlayır. Oğul, beynindəki Atadan qurtulmur, ona təslim olur, Ata dünyasının qaydalarını qəbul edir. Final səhnəsi isə Oğulun təslim olmasına bəraət qazandırır.

“Axınla aşağı”da olduğu kimi, “Mərmər soyuğu”nda da Asif Rüstəmov, tamaşaçının duyğularına təsir etməkdən (təbii ki, bu da var) daha çox düşünməsi üçün meydan açır. Bir növ, simvollardan, biri digərini şübhə altında qoyan eyhamlardan qurulmuş rebus təklif edir. Onu necə çözəcəyimiz bizdən, bizim “hansı perspektivdən baxdığımızdan” (Atanın sözüdür) asılıdır. Bu, rejissorun ustalığıdır, əlbəttə. Amma digər tərəfdən bizimki kimi əhalisinin yarıdan çoxu qadını ölümə layiq bilən, qadın qətlləri barədə xəbərləri oxuyanda ağlına gələn ilk fikir “yəqin, bir günahı olub ki, öldürüblər” olan cəmiyyətdə tamaşaçı ilə belə oyun oynamaq təhlükəlidir. Çünki müəllifin filmə baxan hər tamaşaçıya ayrı-ayrı “mən qadın qətllərinə bəraət qazandırmıram, əksinə, heç kimin öldürmək haqqı olmadığını söyləyirəm” deyə nəsə izah etmək imkanı yoxdur. Belə şərtlərdə sənətçi üzərinə çox ağır bir məsuliyyət götürdüyünü nəzərə almalıdır, yoxsa hər şeyə rəğmən özünüifadə haqqından istifadə edib tamaşaçının zəkasına güvənməlidir? Çətin dilemmadır.

kinoyazar.az

Share: