Atasının tək oğlu olan əsgər itkin düşüb, axtarılır

Atasının tək oğlu olan əsgər itkin düşüb, axtarılır

Döyüş yolu Murovdan başlayan əsgər Hüseynli Əkbər Azər oğlu haqqında yaralanandığı deyiləndən sonra heç bir məlumat yoxdur…

Bu yazını yazmaq mənim üçün çox çətin olsa da, Əkbərdən bir xəbər çıxmadığı üçün özümü toparlayaraq, yazası oldum. Əkbər əmim nəvəsidir. Oğlum Aminin sinif yoldaşı, yaxın dostudur. Qohum-qonşu hər gün Əkbərdən xoş xəbər eşitmək ümidi ilə üzümə baxır. Bir aydan çoxdur ki, Əkbəri axtarırıq. Mən bu axtarışı özümə bir əmi borcu bildiyim üçün, oğlum Amindən də utanıram. Mənə hər zəng gələndə hamı üzümə baxaraq susur.
Hüseynli Əkbər Azər oğlu Cəlilabad rayonunun Alar kəndində anadan olub. Atasının tək oğludur. Bakı şəhərində orta ixtisas təhsili alırdı, təhsilini yarımçıq qoyub, könüllü olaraq 2019-cu il oktyabrın 15-də hərbi xidmətə yola düşüb. Murovun ətəyindəki hərbi hissələrdən birində xidmət edirdi. Artıq xidmətinin bir ili başa çatıb. Bu il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə elə həmin gün qoşulub. Murov yüksəkliklərinin azad olunmasında iştirak edib.
2020-ci il oktyabrın əvvəlində yaralanması xəbəri gəlib, lakin hansı qospitalda müalicə aldığı bilinmir.
Araşdırmalardan sonra məlum oldu ki, Əkbər Hüseynli sağalıb və təzədən ön cəbhəyə yola düşüb. Goranboy və Tərtər istiqamətində düşmənlə qızğın döyüşlərə girdiyi məlumdur. Hətta təkrar yaralanmış və bir müddət Çaylıda müalicə almışdır. Bundan sonrakı fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Əkbər Hüseynli 27 sentyabrda Qarabağda döyüşlər başlayanı ailəsi ilə telefon əlaqəsi də saxlamayıb.
Yaşadığımız bu qarışıq zamanda Əkbər kimi tərbiyəli və dürüst bir gəncdən xəbər çıxmaması, mən başda olmaqla, bütün kəndimizi incidir. Vətən müharibəsi başlayan gündən Əkbərin ön cəbhədə olduğu xəbəri gəlmişdir. Bir aydan çoxdur ki,- “yaralıdır” – deyə xəbər alırıq. Və təəssüf ki, hələ də, tapa bilməmişik. Ümidvaram ki, bu yazımı Əkbəri tanıyan biri, mütləq oxuyacaq. Mən üzümü Ali baş komandanımıza və ordu rəhbərliyimizə tuturam. Bu axtarışda bizə kömək etməkdə Cəlilabad rayonunun Alar kənd əhalisini , xüsusilə Əkbərin valideynlərini sevindirsinlər.
Bu şəkildəki Hüseynli Əkbər Azər oğludur…
İlkin MEHDİ
Share: