Gilə Əliqızı
(Şeirlər)
Mənim on yeddi yaşımı
Bir baharsız qış elədin.
Özün gedib göy üzünə
Məni də bir daş elədin.
Həsrət qoydun məni sənə,
Sevdirdin saçımı dənə.
Necə qıydın zalım, mənə
Dərdə-qəmə tuş elədin.
Ürəyimə dağ qoymusan,
Barı yanmış bağ qoymusan.
Gözümü ağlar qoymusan,
Ömrümü qan- yaş elədin.
***
Qara bəxtinə ağlayır,
Taleyim, Qarabağ kimi.
Fələk bol kisədən verib
Dərdi sinəmə dağ kimi.
Yanmışam, qalıbdır külüm,
Yaşamaq olubdur zülüm.
Mənim viranə, boş könlüm
Qalıb bağbansız bağ kimi.
Ömrüm solmuş yarpaq olub,
Bağım tikan, pıtpaq olub.
Canım coxdan torpaq olub
Gəzirəm hələ sağ kimi.
***
Bu gecə topladım xatirələri,
Bir kibrit çöpüylə kül eləmisən.
Atıb gözlərimdən axan sulara
Leysana döndərib, sel eləmisən.
Unutdum səninlə olub,keçəni,
Sildim,gözlərimdən dumanı, çəni.
Atıb ürəyindən bir küncə, məni,
Uzaq məkanlara yol eləmisən.
Bir vaxt mənim üçün min güman idin,
Ən dəyərli varlıq, and, aman idin.
Mənimçün inləyən bir kaman idin ,
İndi dərdi-qəmi bol eləmisən..
***
Üz-gözümdən həsrət yağır,
Mən ayrılığa batmışam.
Heç, özüm bildim, bilmədim
Sevincin daşın atmışam.
Həsrətə sarıldı qolum,
Kədər oldu sağım-solum
Bitib artıq, ömür yolum
Mənzil başına çatmışam.
Payız qapıya dayanıb,
Bağrım ağrıyla boylanıb.
Hər gün bir dərdə oyanıb
Hər gün bir od oyatmışam.
Dərd əyilməz dəmir olub,
Odum yanıb, kömür olub.
Axıb gedən ömür olub
Başımı nəylə qatmışam.