Atlant  qadınlar… – Elçin Hüseynbəyli yazır

(“Paralel dünyalar” silsiləsindən)

…Ora düşəndə hava tutqun idi. Mənzərə də cansıxıcıydı. Qapıda məni mələklər qarşıladı. Amma gözlədiyim kimi sadəlövh və mehriban deyildilər. Sir-sifətlərindən zəhrimar yağırdı. Biri o birisinin qulağına nəsə pıçıldadı. Deyəsən, mənim tapşırıldığımı və nəzarətdə olduğumu dedi…

Əvvəlcə mən soyundurdular və  hamının geydiyi ağ paltarı geyindirdilər. Cibimdə nə vardısa alıb kənara tulladılar. Bircə şəkilləri almadılar. Dedilər ki, şəkil müqəddəsdir. Heç bir qorxusu yoxdur. Burda şəkillərə xüsusi hörmət var. Çünki zamanaın yadigarlarıdır və Onun (dərgahdakının) gözünün əmanətidir.

Şəkillər atamın, anamın və babamla nənəmin idi. Qoca vaxtlarında çəkilmişdi. Sənət şəkilləriydi. Ikisi isə tamam fərqliydi, nə zamansa kəndə gəlmiş səyyar fotoqrafın idi. Anamla atam, babamla nənəm qoşa oturub çəkdirmişdilər. Eyni ağacın altında. Tut ağacının. Həmin ağacın altında babamın əmim oğlanları ilə şəkil də çəkilmişdi. Babam ağ çalma başında, əlində armudu stəkan çay içirdi. Nimdaş geyimli əmim oğlanları isə nəyəsə baxıb gülürdülər, mırıq dişləri görünürdü, yaxalarından isə əsgər nişanları asılmışdı. Bu, əsgərlikdən yenicə qayıtmış xırda əmimin  nişanları idi.

Şəkilləri evdən çıxmazdan əvvəl köhnə servantdan götürmüşüdm.

Mələklərə əvvəlcə atamla anamım şəklini göstərdim. Dedilər ki, onlar hələ qayıtmayıb.

-Onları görmək üçün üç nəsil gözləməlisən. Üç nəsli də üst-üstə toplayanda yüz il edir. Babanla nənəni görə bilərsən. Amma onlar səni tanımayacaqlar. Ona görə də heç bir əlaqə yarada bilməyəcəksən.

Səbəbini soruşdum. Dedilər ki, sənin ruhun hələ gəlməyib. Ruhsuz heç kimi tanımazlar.

-Bəs mənim ruhum hardadır?

-Orda, -deyə göy üzünü göstərdilər. – O da hələ gəlməyib,  amma cismin burdadı. Sən sadəcə gəzərgi bir kölgəsən…

Baş nəzarətçi isə bunları dedi:

-Hər adamın ruhunu bura buraxmırlar. Babanı da buraxmayıblar. Çünki o dünyada çox qələtlər qarışdırıb. Cavan bir oğlanı qətlə yetirib, arvadına sahib olub.  O, qaranlıq dünyadadır. Amma ana babanı görə bilərsən. O zərrəcikdir. Səni tanısa, ya da sən onu tanısan öz qiyafəsinə düşəcək.

-Bəs mən necə? Mən də zərrəciyəm.

-Yox, sən bura müvəqqəti gəlmisən. Hamı da bura niyə gəldiyini bilir. Bizdə xüsusi tapşırıqla gələni tanıyırlar. Onlar deyib.

“Onlar” deyəndə nəyi nəzərdə tutduğunu təxmin elədim, amma özümü o yerə qoymadım.

Nəzarətçi də məni azdırmaq üçün yuxarıya işarə elədi. Guya,  burdan da yuxarı göy üzü var, ya da Onu nəzərdə tutur. Başımı qaldırıb baxdım, göy üzü yoxuydu. Nəsə bir boşluq vardı…

Nəzarətçi mələk məsləhət gördü ki, işlər qaydasına düşənə kimi, yəni mənim dosyemi yoxlayana kimi ətrafı gəzib-dolaşım…

…Tozlu-torpaqlı cığırla təpəliyə qalxdım. Uzaqda dumana bürünmüş (sanki bulud parçasıydı)  malikanə gördüm. İstər-istəməz ona tərəf getdim. Yaxınlaşanda fikir verdim ki, bu, bulud yox, böyük bir saraydır, daha doğrusu, sarayın giriş qapısıdır və qapılar o qədər böyükdür ki, yerlə göyə qədər uzanırlar. Qapının üç tayı vardı və hər qapının ortasında böyük atlantlar dayanmışdı, amma həmin atlantlar kişi yox, qadın idilər. Bəlkə bu, bəşəriyyətin qadınlardan törəndiyinə işarəydi. Amma həmin vaxt mən bu barədə geniş düşünə bilməzdim.

Mən bu mənzərəni hardasa görmüşdüm. Bəlkə də yuxuda, anlaya bilmədim. Birdən babamla nənəmin şəklini xatırladım. Onu qoynumdan çıxarıb baxdım. Lap uzaq fonda həmin qapılar görünürdü. Bir zamanlar mən onu fotoqrafın fantaziyası saymışdım…

Ətrafda bir qrup adam gəzişirdi. Sanki için-için ağlaşırdılar. Qoca mələk mənə bu barıdı danışmışdı. Demişdi ki, onladı görsəm də yaxınlaşmayım. Çünki əbədiyyətə qədər, yəni sonsuzluğa kimi orda qalacaqlar. Günahları çox olduğuna görə rahatlıq tapmayacaqlar. Ora İstintaq Tədridxanası kimi bir şeydi. Heç zaman kalona getməyəcəklər…Yəqin babam da onların içindəydi…

Qorxdum. Canımdan üşütmə keçdi…

Aprel-iyul, 2019

 

Share: