Atlantida adasını indi harada axtarmırlar: Atlantik okeanında, Cənubi Amerikada, Kiçik Asiyada, Şimal dənizində, hətta Antarktida da. Lakin harada ki, onu “tapırlar”, məlum olur ki, həmin tapıntı Əflatunun təsvirlərinə uyğun gəlmir.
Bəli, böyük filosofun göstərdiyi koordinatların köməyi ilə bu sirli torpağın yerini hələ ki, aşkar etmək müyəssər olmur. Əflatun xoşbəxt Atlantidanın başında çatlayan dəhşətli fəlakətin 9 min əvvəl baş verdiyini (bizim eradan əvvəl X minilliyin ortalarında) göstərib. O, elə beləcə də yazıb: “Atlantida suyun altına bir dəhşətli gün və bir dəhşətli gecə ərzində çökdü”.
Antik yunan filosofu Atlantidanı elə məharətlə təsvir edib ki, sanki adanın zəngin şəhərlərini, mərmər saraylarını, möhtəşəm məbədlərini, şəhəri dövrəyə alan kanalları, sayı-hesabı olmayan çoxgöyərtəli gəmiləri öz gözləri ilə görüb. O yazır ki, “güclü və müdrik atlantlar dəniz allahı Poseydonun nəslindəndir. Atlantidakı “Dənizlər allahı”nın məbədi qızıl və gümüşdən, eləcə də sinklə misin qarışığı olan orixalkdan idi. Poseydon və onun gözəl arvadı Kleytonun şərəfinə ucaldılmış digər bir məbədin də divarları qızıldan idi”.
Əflatunun sözlərinə görə, atlantidalı kişilərin silahları, bir qayda olaraq, gümüşdən olurdu, şəhərdə minlərlə döyüş arabaları vardı. Atlantiyalılar mis və gümüş hasil və emal etməyi yaxşı bacarırdılar. Sakinlər at sürmək yarışlarında əylənməyi çox xoşlayırdılar. Adada çoxlu qaynar və soyuq su mənbələri vardı. Atlantida inkişaf etmiş ticarət mərkəzi idi, tacirlər incə keramik qablar, çeşidli ədviyyat daşıyan gəmilərlə daim zəngin Atlantidanın limanlarına tələsirdilər. Adada sakinləri içməli su ilə təchiz etmək üçün çayların məcraları süni olaraq dəyişdirilmişdi.
Böyük Atlantida sivilizasiyasının nailiyyətləri arasında elə şeylər var ki, bugünkü oxucu üçün sadəcə fantastik təsir bağışlayır. Məsələn, atlantidalılar guya telepat idilər, güclü magiya və ovsunçuluq bacarığına malik idilər, “üçüncü göz vasitəsi ilə” iri, hətta nəhəng əşyaları hərəkətə gətirib yerlərini dəyişdirə bilirdilər. “Üçüncü göz” deyiləndə nə başa düşülür, hələlik sirr olaraq qalır.
Məşhur tədqiqatçı Yelena Blavatskaya şübhə etmir ki, Misirdəki məşhur Heops ehramları məhz atlantların dərin bilikləri sayəsində ərsəyə gəlib. Bütün bu yazılanlara baxmayaraq, bir çox alimlər bu əfsanəvi adanın mövcud olmasına şübhə ilə yanaşırlar. Axı, Əflatunun Atlantida barədə qeydlərindən başqa qədim mənbələrdə bu barədə məlumatlara rast gəlinmir.
Əflatunun özü də Atlantida haqqında hekayətini Qədim Yunanıstanın “Yeddi müdrik”indən biri sayılan Solona istinadən yazıb. Solon isə, öz növbəsində bu hekayəti Misirdə Günəş ana və kəhkəşan ilahəsi sayılan Neyt məbədində xidmət edən bir kahinin dilindən eşitdiyini qeyd edib. Kahin hekayətin dürüstlüyünə əmin etmək üçün məbədin divarındakı sirli mozaikanı göstərib.
Bütün bunlar Atlantida adasının mövcud olduğunu sübut etmək üçün kifayət edirmi? Birmənalı cavab vermək çətindir. Hər halda bütün şübhələrə rəğmən, Atlantidanın mövcud olmasına olan inam hələ də yaşayır. Bu mövzuda 5 minə qədər elmi və bədii mənbənin olması da Atlantidaya marağın azalmadığına dəlalət edir.
Atlantidanın mövcud olduğu yerlər barədə hipotezlərin sayı-hesabı yoxdur. Əflatunun movcudluğuna tamamilə əmin olduğu Atlantidanı dünyanın hər yerində, hətta Sibir və Braziliya kimi ekzotik ərazilərdə də axtarırlar. Yeri gəlmişkən, dahi filosofun hekayətinə az-çox dərəcədə uyğun gələn başqa versiyalar da var.
Bir çox tədqiqatçılar bu qənaətdədirlər ki, Əflatun Atlantida adı altında Malta adasını təsvir edib. Qeyb olmuş adanı Balear və Kanar adaları rayonunda da axtaranlar olub. Belə bir fikir də var ki, Atlantida Böyük Britaniyada və İrlandiya ərazisində yerləşib, buzlaqların əriməsi nəticəsində suların altında qalıb. Bu, hazırda ən geniş yayılan versiyalardan biridir.
Əflatun böyük ehtimalla, Atlantida deyərkən daha çox Krit adasını nəzərdə tutub. Bu versiyanın qızğın tərəfdarları arasında görkəmli fransalı tədqiqatçı Jak İv Kusto da var. Bəlli olduğu kimi, bizim eradan 2600-1450 il əvvəl Kritdə və ətraf adalarda Minoy sivilizasiyası mövcud olub.
Minoylular bacarıqlı inşaatçılar və mahir dənizçilər olublar. Onların arasından bir çox görkəmli rəssam və heykəltaraşlar çıxıb. Minoylular ən müxtəlif sahələrdə geniş biliklərə sahib idilər. Təsəvvür edin ki, Minoy sakinləri hələ o dövrdə küçələrdə su boruları çəkərək içməli su təchizatı sistemi qura bilmişdilər.
Təəssüf ki, Minoy vulkan püskürməsinin qurbanı olub. Vulkan Santorini adasının dağılmasına səbəb olub. Nəticədə, dənizdə yaranan güclü sunami Kritdə və ətraf adalarda həyatı məhv edib.
Lakin Krit versiyası ilə də hamı razı deyil. Onların fikrincə, Krit fəlakəti zaman etibarı ilə uyğun gəlmir. Bir sözlə, bir böyük Allah bilir ki, kim haqlıdır. Fakt budur ki, atlantların qeyb olmuş sivilizasiyası entuziastları hələ də cəlb edir. Bu istiqamətdə təhqiqatlar, yəqin ki, Atlantida adasının tapılmasına qədər davam edəcək.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”