İranı sanksiyalardan çıxarmağın yolunu tapan Avropanın planı okeanın o tayında ciddi rezonans doğurub. Çünki ABŞ üçün prioritet özünün enerji resurslarını Avropaya çatdırmaqdır.
Rusiya qazından asılılığı minimuma endirməyi qarşıya məqsəd qoyan Avropa İttifaqı bütün mümkün variantları nəzərdən keçirir. Deyəsən, çıxış yolunu da tapıblar. İttifaq İrana doğru addım atıb. Avropa İttifaqı ilkin olaraq İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək qərarına gəlib. Əgər razılıq əldə olunmasa, o zaman danışıqlar ABŞ-da noyabr ayında keçiriləcək seçkilərədək təxirə salına bilər. Avropa gözləmək fikrində deyil. Qarşıdan soyuq aylar gəlir. Bu səbəbdən də Aİ nəyin bahasına olursa-olsun İran planının reallaşmasına çalışır.
İrana gəldikdə, rəsmi Tehran ABŞ-ın sazişdən imtina etməyəcəyi ilə bağlı zəmanət tələb edir. Rəsmi Tehran hesab edir ki, Avropa İttifaqının nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər. MAQATE-nin fəaliyyəti ilə bağlı siyasi aspektlərdə və sanksiyalarla bağlı Tehrana zəmanətlər verilərsə, İran Aİ-nin təkliflərini qəbul etməyə hazırdır. Hazırda İran bu təklifləri öyrənir. Avropa isə İranın neft potensialını nəzərə alaraq, sazişin mümkün qədər tez əldə olunmasına maraq göstərir.
Beləliklə, qəribə bir durum yaranıb – ABŞ İranın bütün tələbləri yerinə yetirməsini, Avropa isə həmin tələblərin reallaşmasını sonraya saxlamağı təklif edir.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
Aİ-nin təklifi nədən ibarətdir?
Beləliklə, Avropa İttifaqı İranı 2019-cu ildə aşkar edilən və bəyan edilməyən nüvə materialı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) araşdırmalarını başa çatdırmağa dəvət edib. Bunun müqabilində Aİ İranın “nüvə sazişi” və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzərində irəliləməsini istəyir. “Wall Street Journal”a görə bu təklif Avropa tərəfindən “ciddi güzəşt” hesab olunur. İran dəfələrlə Aİ və ABŞ-a təhqiqatı ləğv etmək üçün müraciət edib və bunun “nüvə sazişi” ilə birbaşa əlaqəsi olmadığını əsas gətirib. Eyni zamanda, İsrail hakimiyyəti əmindir ki, MAQATE-nin İranda tapdığı nüvə materialları “İranın atom bombası yaratmaq üçün gizli proqramı olduğunu” birbaşa sübut edir. Məsələnin ciddiliyinə baxmayaraq, JCPOA irəliləyəcəyi təqdirdə Aİ bu məqama göz yummağa hazırdır. Bu, Avropaya niyə lazımdır? Fakt budur ki, Aİ Rusiyaya qarşı neft embarqosu qoyub. Məsələn, Almaniya 2023-cü il yanvarın 1-dən Rusiya neftini ümumiyyətlə almayacaq. Bu baxımdan “Köhnə Dünya”nın alternativə ehtiyacı var. İran da belə bir alternativ ola bilər. Lakin avropalılar nüvə sazişi yenilənməyincə və sanksiyalar aradan qalxmayınca İran yanacağını ala bilməzlər. KİV-in məlumatına görə, Avropadan olan diplomatlar artıq yekun mətni hazırlayıblar. Amma onun təsdiqi digər vasitəçilərin – Rusiya, Çin, ABŞ və İranın özünün razılığını tələb edir. Əsas problemi amerikalıların imzası yaradır. Vaşinqton çox böyük tələblər qoyur. Məsələn, istəyirlər ki, İran ballistik raketlər hazırlamasın və Yaxın Şərqdə öz təsirini yaymasın. Bundan əlavə, ABŞ bu yaxınlarda Tehran Rusiyanı pilotsuz təyyarələrlə təchiz edərsə, İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini bəyan edib. Amerikalılar narahatdırlar ki, sanksiyalar altında İran və Rusiya daha fəal qarşılıqlı fəaliyyətə başlayır. İranlılar Baykonurdan öz peyklərini buraxırlar, İran isə Rusiya neftini üçüncü ölkələrə satır. İqtisadi əlaqələr siyasi əlaqələrlə dəstəklənir. Bu yaxınlarda Tehranda Rusiya prezidentini hərarətlə qarşıladılar və qarşıdan gələn sammitdə İran Şanxay Əməkdaşlıq Təşkilatına daxil olacaq.
Salman Rüşdiyə qarşı qəsd təsadüfdürmü?
İranı sanksiyalardan çıxarmağın yolunu tapan Avropanın planı okeanın o tayında ciddi rezonans doğurub. Çünki ABŞ üçün prioritet özünün enerji resurslarını Avropaya çatdırmaqdır.
Bu fonda İranla bağlı daha bir insident yaşanıb. İranın illər öncə öldürülməsi üçün başına pul mükafatı təyin etdiyi Salman Rüşdi ABŞ-da ağır yaralanıb. Dərhal da bunun arxasında İranın durduğu iddia edilib. İllərdir ABŞ-da heç bir təhlükə ilə üzləşməyən Rüşdi necə oldu ki, İranla Aİ arasında ilkin razılaşma əldə olunduğu bir vaxtda qəsdlə üzləşir? Bu insidenti törədənlərin hədəfi Aİ ilə İran arasındakı anlaşmanın pozulması ola bilər. Elə İran tərəfinin verdiyi açıqlama da bundan xəbər verir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, Salman Rüşdiyə hücumda yalnız özü, eləcə də onu dəstəkləyənlər günahkardır.
Xatırladaq ki, S.Rüşdinin 1989-cu ildə yazdığı “Şeytan ayələri” romanı müsəlmanların kəskin etirazına səbəb olub. İranın o zamankı Ali dini rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsinə fətva verib. 2012-ci ildə İranın dini fondu yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib.
İran Aİ-nin şərtlərini qəbul edərsə…
Tehran Avropanın şərtlərini qəbul edərsə, Çin və Rusiya çətin ki, sazişə mane olsun. Bununla belə, Rusiya ilə NATO arasında Ukraynaya görə, Çin və ABŞ arasında Tayvanla bağlı gərgin münasibətlər təkcə razılaşmaya deyil, sadəcə olaraq eyni masa arxasında danışıqlara maneələr yaradacaq. Çətin ki, İran ABŞ-ın şərtləri ilə razılaşsın və ballistik raketlərdən və Yaxın Şərqdəki təsirindən əl çəksin. Bundan əlavə, xatırlatmaq yerinə düşər ki, son parlament və prezident seçkilərinin nəticələrinə görə, İslam Respublikasının hakimiyyətində mühafizəkarlar üstünlük təşkil edir. İslahatçılardan fərqli olaraq, onlar ABŞ və Qərb diplomatiyasına etibar etmirlər. “Valday” Beynəlxalq Diskussiya Klubunun eksperti, İran üzrə ekspert Fərhad İbrahimov Aİ-nin təkliflərinin güzəşt olduğuna şübhə edir. “MAQATE müfəttişləri nüvə materiallarını aşkar edənə qədər ABŞ artıq nüvə sazişindən çıxmışdı. Bu, 2018-ci ilin mayı idi. O vaxta qədər iranlılar tədricən sazişdən çıxacaqları barədə xəbərdarlıq edirdilər. Avropa İttifaqı, eləcə də amerikalılar ABŞ-ın 2018-ci ilin mayında etdiyi kimi nüvə sazişindən çıxmayacaqlarına dair yazılı təminat verə bilər”, – deyə o, “Vestnik Kavkaza”ya müsahibəsində deyib.
Görünən odur ki, İranla razılaşma neft bazarını qorxudub. İranla bağlı bəyanat dərhal neftin də qiymətinə təsir edib. Nəticədə, neftin qiyməti kəskin ucuzlaşıb.