“Qurumun Azərbaycanla bağlı çıxardığı qərəzli qətnamə ikili standartın təzahürüdür”
“Avropa Parlamentinin 10 mart tarixində Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ikili standartın nəticəsidir. Bunu “Olaylar”a deyən Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bildirib ki, Avropa Parlamenti öz ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı qərəzli qətnamə qəbul edib: “Avropa Parlamentinin qəbul etdiyi qətnamə birmənalı şəkildə ikili standartın təzahürüdür. Ona görə, bu məsələyə iki istiqamətdən yanaşılmalıdır. Birincisi, hazırda Avropada eyni hadisələr öz başlarına gəlir. Artıq Fransada kosikalılar ayağa qalxıb. Bu halda belə bir qətnamənin qəbul edilməsi o deməkdir ki, Avropa Parlamenti separatizmə dəstək verir. Bəs bu dəstək nədən qaynaqlanır? Məlum olduğu kimi biz 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdəki tarixi, mədəni, dini irsimizə sahib çıxırıq.
O da məlumdur ki, YUNESKO elçilərini Azərbaycan və Ermənistana göndərməli idi. Hələ bu elçilər regiona gəlməmiş, ortada faktaraşdırıcı missiyanın sənədi olmadan belə bir qətnamənin qəbulu şübhəsiz ki, erməni diasporasının təsirinin nəticəsidir. Udinlər həmişə deyirlər ki, Alban kilsəsi bizimdir. Avropa da bundan təşvişə düşüb. Ona görə də tarixi araşdırmadan siyasi qərar verirlər. 9-11-ci əsrdə həmin ərazidə erməni yaşamadığı halda Alban kilsəsi mövcud idi. Təəssüf ki, ermənilər bu tarixi də saxtalaşdırmaqla məşğuldur. Necə ki, Kəlbəcərdə qəbir daşlarını çıxararaq erməniləşdirmişdilər.
İkinci yanaşma ondan ibarətdir ki, bu 30 illik işğal dövründə Azərbaycanın yüzlərlə məktəbinin, səhiyyə ocağının, məscidlərinin dağıdılması, muzeylərin, Şuşadakı xalça fabrikinin talan olunmasına bir münasibət bildirilmir. Ermənilərin qaldırdıqları həqiqətə uyğun olmayan məsələ ilə bağlı 635 səslə qətnamə qəbul edilir, Azərbaycanın mövqeyi isə nəzərə alınmır. Bu onu göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra öz tarixi, dini, mədəni irsinə sahib çıxmaq istəyir, ölkəmizə qarşı qərəzli qüvvələr isə bunu qəbul etmək istəmirlər. Odur ki, öz ağalarının diktəsi ilə qərəzli qətnamə qəbul edirlər. Qərar qəbul edilib ki, YUNESKO-nun elçiləri bölgəyə gəlmədən heç bir abidəyə əl vurulmasın. Elə isə əvvəl YUNESKO-nun komissiyası göndərilsin, araşdırmanın nəticəsinə uyğun olaraq qərar çıxarılsın. Odur ki, düşünürəm bu ikili standart nə vaxtsa onların öz başlarında çatlayacaq”.