“Avropa stadionlarından sossika iyi gəlir” — Qurban Qurbanov

“Avropa stadionlarından sossika iyi gəlir” — Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci  turunda “Səbail”i 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir: 

– Futbolçularımı təbrik edirəm. Həm sizin, həm bizim işimiz daha çox olacaq. Oyuna gəldikdə, çox vacib üç xalı qazandıq. Baxmayaraq ki, bir az narazılıq var idi. Rəqibi tam yaxından tanımırdıq, onların potensialını tam bilmirdik. Hər bir halda futbolçularım sona kimi çox əziyyət çəkdilər. İlk oyundan göründü ki, çempionat heç də asan olmayacaq. Bugünkü oyun göstərdi ki, bu çempionat ola bilər, keçən ilkindən daha maraqlı alınsın, çətin olsun. Futbolçularım hiss etdilər ki, hər oyuna ciddi yanaşmaq lazımdır. Mahmud Qurbanova, “Səbail”ə uğurlar arzulayıram. Daha məzmunlu oyun göstərəcəyik.

– Ötən ilki “Səbail”lə indiki “Səbail” arasında dəyişikliklər hiss olundu?

 – Birinci oyundan fikir bildirmək çətin olar. Mahmud Qurbanov ola bilər düşüncələrini komandaya tam çatdıra bilməyib. Ötən mövsüm “Səbail”ə uduzmuşduq. Aftandil Hacıyev fərqli futbol oynadırdı. Bu il hiss olunur ki, daha iddialıdılar, transferləri daha çoxdur. Ola bilər ki, bu il iddialı olsunlar. Hansısa ümumi fikir bildirmək asan deyil.

– Futbolçularınızın zədələnəcəyindən sanki ehtiyarlanırdınız…

– Ola bilər ki, ehtiyatlanırdım. Qoruyub-saxlamaq istəsəm, də alınmaz. Çünki futbolçu adi bir epizodda zədələnə bilər. Futbolçuların güclərini də bölüşdürdüm. Ona görə bəzi rotasiyalar etdik. Kimisə qoruyacağımdan narahat deyildim.

– “Ferentsvaroş”un futbolçusu Ender Botka Macarıstan mətbuatına açıqlamasında Tofiq Bəhramov adına Respublika Stadionundakı kabab tüstüsündən şikayətlənmişdi… 

– Hava hamımız üçün eynidi. Əgər fikirləşirlərsə ki, isti havada biz yaxşı oynayırıq, onlar zəif oynayır, belə düşüncə yoxdu. İsti hava bizə daha çox təsir edir, nəinki kənardan gələnlərə. Kabab tüstüsünə gəldikdə, hamımız azərbaycanlıyıq, hər bir millətin, xalqın öz adət-ənənəsi var. Kababımız məşhurdu, milli yeməyimizdi, bütün avropalılar gələndə kababın dadını görürlər, ondan arzu edirlər. Etirazım filan yoxdu. Belə oyunlarda bizdə kabab iyi gəlirsə, Avropada sosiska iyi gəlir. Hər ölkənin öz adət-ənənəsi var. Əksinə belə şeylərə sevinirəm. Bizim kababımız haqda danışırlar. Kim o kababın dadına baxırsa, arzu edirsə, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqda məlumatlanacaqlar ki, dad, ləzzət haradan gəlir?

– “Ferentasvaroş”un çempionat oyunu təxirə düşdü, “Qarabağ” isə oynadı. Bu haqda fikriniz necədir? 

– Fərqli yanaşmaq olar. Bundan əvvəlki turda rəqib də oynamışdı. Onlar da 1-2 oyunçularını rotasiya etmişdilər. Bəzi futbolçularım var idi ki, çox az oynayırdılar. İdman formaları yaxşı olmalıdır. Futbolçularıma güvəndim ki, 5-6 gün bəs edər. Futbolçularımın formadan uzaq düşməməsi haqda düşündüm. Məşqdə 20 eyni səviyyədə futbolçu olanda keyfiyyət daha çox olur. Qarşıda hansısa vacib oyunlardan sonra bəlkə biz də müraciət edə bilərik. Amma hazırda belə planımız yoxdur. İnanıram ki, 3-4 günü düzgün götür-qoy edib, futbolçuları daha yaxşı hazırlayacağıq.

 – Yeni transferlər gözlənilir?

– Ehtimal var. Dayanmamışıq, baxırıq, danışıqlar gedir. 

– Azarkeşlərin komandaya inamı daha da artıb, uğurun davamını istəyirlər. Siz nə düşünürsünüz?

– Bu fikirlər məni sevindirir. Həmişə futbolu azarkeşlər üçün oynamışıq. İstəyirik ki, azarkeşlər stadiondan məyus getməsinlər. Yaxşı oyun görüb, yaxşı nəticəyə sevinirlər. İnanıb güvənirlərsə, mütləq çalışmalıyıq ki, daha yaxşı olaq, daha böyük işlər üçün çalışmalıyıq. Bizim də inamımız var, onları sevindirmək istəyirik. Çalışacağıq ki, səfərdə azarkeşlərin güvənini itirməyək. Yaxşı nəticə üçün sona kimi oynaycağıq.

– Sosial şəbəkələrdə biletin qiymətilə bağlı etirazlar var. Bununla bağlı fikriniz var? 

– Bu, mənə aid olmayan məsələdir. Əlbəttə, bütün insanların yaşayış tərzi eyni deyil. Ancaq inanmıram ki, çempionat oyunlarına bilet satışının olması azarkeş sayına təsir etsin. Klubda bu işlə məşğul olan ayrıca şəxslər var. Daim istərdim ki, azarkeşlər stadionu doldursunlar.

– Avrokuboklarda “Qarabağ” stadionu doldurur, amma yerli çempionatda az tutumu olan stsdion dolmur. Sizcə, problem nədədir? 

– Futbol elə oyundur ki, gərək sevdirməyi bacarasan. Avropa oyunlarında minimum nəticələrə görə futbolu sevdirə bilmişik. Amma ölkə çempionatına sanki inam azdır. Ona görə maraq az olur. Hansısa yolla ölkə çempionatını sevdirmək lazımdır. Çox vacibdir. Bilmirəm hansı formada etmək lazımdır. İstərdik ki, stadion dolu olsun. Amma əfsuslar olsun ki, vəziyyət belədir, heç nə edə bilmərik. Amma “Qarabağ” olaraq arxamızda çox böyük azarkeş kütləsi hiss edirik. Bəlkə də gələcəkdə  azarkeşlər üçün maraqlı nəsə edərlər ki, onlar da gəlsinlər. Buna ümidliyik.

– Julio Romao haqda fikriniz necədir? “Ferentsvaroş”la oyunda onu əsas heyətdə görə biləcəyik? 

– Qarşıda bir neçə oyunumuz var. O, öz formasında deyil. Amma bu gün çox xoş təsir bağışladı, oyunundan razı qaldım. Baxmayaraq ki, neçə aylardır ilk dəfə 60-65 dəqiqə oynadı. Oyun intizamından çox xoşum gəldi. Ümumi futbol anlayışı məni qane etdi. Qarşıda bir neçə oyundan sonra daha yaxşı Romao görəcəyik. Ancaq tam əminliklə deyə bilməyəcəyəm ki, o, “Ferentsvaroş”la oyunda start heyətdə yer alacaq, ya yox


Share: