Avropanı cəlbedici edən nədir?

Nərmin Kamal

Özünü mənim yerimə qoy. Dilimizin, əslində bütün dillərin ən gözəl ifadələrindən biridir bu.

İnsan özünü xəyalən çətin vəziyyətdə olan adamın yerinə qoyaraq onu anlamağa çalışır. Bunu vərdişə çevirəndə lap gözəl olur.

Onda özünü tez-tez cürbəcür adamların yerinə qoyursan. Evindəki adamların, küçədəki adamların, xəbərlər verilişində gözünə dəyən uzaq-uzaq ölkələrdə yaşayan adamların. Onda hər şeyi daha yaxşı anlayırsan, daha yaxından hiss edirsən.

Dünən Liviyadan qaçan bir qrup adam sınıq-salxaq qayıqda uzun müddət üzəndən sonra uzaqda torpaq görüb. Elə biliblər İtaliyadır.

Özlərini min bir əziyyətlə ora yetiriblər, nə qədər adam sahilə çıxa bilməyib, dənizdə batıb. Çatanda başa düşüblər ki, hələ Liviyadadırlar. Sahildə yan-yana oturublar, başlayıblar ağlamağa.

Xəritədə baxanda İtaliya və Liviya arasındakı mavi sular lap az görünür, amma reallıqda o qədər az deyilmiş məsafə, o qədər kiçik deyilmiş Aralıq dənizi. İtaliya uzaq yaşıl ada olaraq qalıb.

Liviya uzun müddət İtaliyanın müstəmləkəsi olub, vaxt olub İtaliya ilə qanlı müharibə də aparıb, amma nə müstəmləkə dövründə, nə ondan əvvəlki yüzillərdə, nə də ondan sonra qonşusu İtaliya kimi bir ölkə qura bilməyib, özlərini italyanların yerinə qoya bilməyiblər.

Avropaya çatmaq arzusu az qala bəşəri bir arzuya çevrilməkdədirFotonun müəllifiARIS MESSINIS/GETTY
Image caption“Avropaya çatmaq arzusu az qala bəşəri bir arzuya çevrilməkdədir”

İndi dünyanın milyonlarla sakini xəbərlərdə onların İtaliya sandıqları sahilin Liviya olduğunu görərək oturub ağlamasını görəndə onları başa düşür, özlərini onların yerinə qoya bilirlər. Çünki İtaliyaya, ümumiyyətlə, Avropaya çatmaq arzusu az qala bəşəri bir arzuya çevrilməkdədir.

İstər liberal, istər solçu, istər mühafizəkar olsun, avropalının mədəni mirasında üç mənbə var.

Avropada demokratiyanın, fəlsəfənin, azad düşüncənin, estetikanın qəlbi olan Qədim Yunan zəka dissiplini, Avropaya dövləti, hüququ, imperial düşüncə tərzini aşılayan Romanın cəmiyyət dissiplini və avropalıları Tanrıya inanıb inanmamasından asılı olmayaraq, sevgilə eyni ilahi kültür motivində birləşdirən xristianlığın əxlaq dissiplini.

İtaliya bu üç mirası yaşadan əsas Avropa ölkələrindən biridir. Hətta Sovet dövləti kimi antiburjua əhval-ruhiyyəli bir quruluşun vətəndaşlarında da güclü italofiliya vardı, yəni italyan mədəniyyətinə məhəbbət.

İtalyan dilini öyrənməyə sovet adamlarında qəribə bir həvəs vardı. Nə qədər adamın ilk üç-beş səhifəsinə italyan sözləri yazılmış, sonra məsələ çətinləşəndə, dilin daşına-qayasına rast gələndə yarımçıq saxlanmış bloknotunu görmüşəm.

“Terror” kimi soyuq və sərt sözə “terroore” deyən dil deyilmi italyan dili?!

Musiqi məktəbində otuz-qırx termin əzbərlətmişdilər bizə. Piano, forte, moderato, allegro, stakkato, andante, fermato, repriza…

Öz dilimizdən çox fərqlənən bu nəcib musiqi dilini bilməyi, onları çaldığımız musiqiyə tətbiq etməyi məharətə yiyələnmək yolunda ilk hünərimiz sayardıq.

İtaliyada orta yaşlı bir ana maşın yolunda qaçmaq istəyən balaca qızına “Piano, piano”(“yavaş, yavaş”) qışqıranda duruxduğum yadıma gəlir.

Heç də pianoçu olmayan adi italyanların gündəlik məişət dilində bir zaman musiqi termini kimi əzbərlədiyim o sözləri qulağım hər çaldıqca sadəlövhlüklə heyrətlənirdim.

İtaliya və italyanlara “xüsusi məhəbbət”

Bir rus yazıçısı var, Mariya Şteynman, yalnız öz şəxsi həyatından yazır, müxtəlif millətlərdən olan kişilərlə yaşadığı sevgi macəralarından yazdığı bir kitab var, “Arambol Qoa”, – orada keçmiş italyan əri Klaudio haqda deyir: “Bu italyandan ayrıldıqdan sonra öz-özümə sual verdim: rus Genanın (ilk əri) əkiz tayı olan bu italyana məni nə bağlamışdı belə, görəsən?

Cavab öz-özünə gəldi. Şarm. Fransızlar demişkən, onda “beaucoup des charmes” vardı. Rus kişilər bunu anlamazlar.

Məsələn, onun vanna otağında üzə və bədənə qulluq üçün o qədər vasitələr vardı ki – heç bir rəfiqəmdə hətta bunun üçdə birisi yox idi. Təkcə kipriklər üçün kremi yeddi markada idi.

O, çoxlu kosmetika firmalarının bayerləri ilə dostluq edirdi və onlar fəslin yeniliklərini Klaudioya havayı hədiyyə edirdilər. Səhərlər üzünə şəffaf maska-plenka çəkirdi – bu, səhər liftinqi idi. Saçlarına sitrus aromatları çəkirdi.

Zərif, qüsursuz, uzun barmaqlarının oynaqlarını kremlə massaj edirdi. Belə baxımlı, belə ərköyün, ətir saçan adam və bütün bunlar 42 yaşında.

Hər gün mənə gül hədiyyə verirdi, onları yaxınlıqdakı bağçadan dərib gətirirdi. Hər səhər mənə Dalidanın “Paroles, paroles” mahnısını oxuyurdu.

Onun üçün dəli-divanə idim. İlk vaxtlar. Sonra onun əzəmətini Həyat öz yerinə qoydu.”

Dünyada italyanlara və İtaliyaya belə bir xüsusi məhəbbət var.

"Vatikana girməzdən əvvəl adamda elə təsəvvür yaranır ki, çox ciddi, orta əsrlər kilsələrinin ruhunu yaşadan ağır bir yerə girəcəksən"Fotonun müəllifiDAN KİTWOOD/GETTY
Image caption“Vatikana girməzdən əvvəl adamda elə təsəvvür yaranır ki, çox ciddi, orta əsrlər kilsələrinin ruhunu yaşadan ağır bir yerə girəcəksən”

İndi bir məsələ var. Dəhşətli dərəcədə amansız və mühafizəkar din tarixi olan, katolik kilsəsinin mərkəzi olan bu ölkənin paytaxtında Vatikana girməzdən əvvəl adamda elə təsəvvür yaranır ki, çox ciddi, orta əsrlər kilsələrinin ruhunu yaşadan ağır bir yerə girəcəksən.

Özünü yığışdırırsan, köynəyini şalvarının içinə salırsan. Lakin Vatikan suvenir dükanlarıyla başlayır, bu dükanlarda ilk baxışdan əhəmiyyətsiz bəzək əşyaları satılır ki, əslində onlar Vatikan haqda stereotipləri dağıtmaq üçün nəzərdə tutulub.

Məsələn, qızlar üçün indiki Papa da daxil olmaqla, müxtəlif papaların surətləri həkk edilmiş qolbaqlar, hər barmağın ucunda bir papanın şəkli olan gülməli əlcəklər. Turistlər üçün ortasında Davidin cinsiyyət orqanı şəkli olan İtaliya bayrağı maqniti.

Bir dostum deyir ki, Finlandiyanın ən möhtəşəm bayramı 1 maydır, həmin gün bəzi gənc qızlar burunlarına plastik bir kişi cinsiyyət aləti keçirib sərbəstcə dolaşırlar dəstə-dəstə, mahnı oxuyurlar.

Onların bu hərəkətinə ikrahla baxan yoxdur. Yalnız İslam dünyasından gəlmiş saqqallı kişilər “Mehdi”nin gəlməsinə az qaldı demək – deyə pıçıldaşırlar.

Çünki Mehdi inancına görə, bir gün dünya çılpaqlığa alışacaq və o zaman Mehdi gələcək, bu çılpaqların hamısını qılıncdan keçirəcək.

Soyuq sularda minlərlə afrikalı, asiyalı Avropaya ona görə can atır ki, orada azadlıq var. Ona görə Avropanın cazibəsi bitmir ki, insan azad yaşamaq istəyir.

Azadlıq tələb edir ki, nə mən başqasının seçdiyi həyata qarışım, nə də başqası mənim. Və həmişə, hər yerdə özümü xəyalən başqasının yerinə qoymağı bacarım.

Share: