Avropanın taleyi Cənubi Qafqazda həll edilməkdədir

Avropanın taleyi  Cənubi Qafqazda həll edilməkdədir

Bəziləri Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin üç Cənubi Qafqaz ölkəsinə ardıcıl səfərini Aİ-nin Şərq istiqamətində birdən-birə fəallaşmasının təzahürü kimi qiymətləndirməyə çalışır.

Digərləri isə hətta bir qədər də irəli gedərək Aİ-nin qarşıdakı 5 illik dönəm üçün Ermənistana 2,6 milyard avro vəsait ayıracağını Ermənistanın satın alınması, Rusiyadan qoparılması cəhdi kimi və ya hətta yeni “Marşal planı” kimi də qiymətləndirir. Ancaq məsələ burasındadır ki, Aİ təkcə Ermənistana deyil, Azərbaycana və Gürcüstana qarşı da kifayət qədər böyük diqqət göstərir. Bunu Ş.Mişelin Azərbaycana və Gürcüstana səfərinin nəticələrindən də görmək mümkündür.
Bəli, əgər belə demək mümkünsə, hazırda Cənubi Qafqaz uğrunda sözün əsl mənasında böyük bir geosiyasi çəkişmə, mübarizə, yarış müşahidə edilməkdədir. Avropa İttifaqının da belə bir yarışdan, rəqabətdən kənarda qalmaq istəməməsini normal qəbul etmək olar. Həm də ona görə ki, hazırda Avropanın taleyi təkcə Ukraynada deyil, eyni zamanda da Cənubi Qafqazda həll edilməkdədir. Odur ki, Aİ-nin Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi prosesləri kənardan seyrçi kimi izləmək istəməməsi tamamilə təbiidir. Birdəki, onsuz da Aİ-ni seyrçi hesab etmək mümkün deyil. Çünki Avropa İttifaqı lap çoxdan Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda xarici ticarətimizin demək olar ki, 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəmiz 9,5 milyard ABŞ dolları idi. Aİ-na üzv olan dövlətlərin 1700-dən çox şirkəti bu gün ölkəmizdə uğurla fəaliyyət göstərir. Eləcə də, Avropa İttifaqının əsas potensial üzvləri ilə – yəni ki, 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də həlledici rol oynayır. Bütün bu kimi önəmli məqamları Prezident İlham Əliyev də Şarl Mişel ilə birgə mətbuat konfransındakı çıxışnda detallı şəkildə qeyd etdi. Cənab Prezident Azərbaycan- Avropa İttifaqı münasibətlərini belə xarakterizə etdi: “Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Mən, həmçinin əlavə etmək istərdim ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub”. Göründüyü kimi Avropa İttifaqı Azərbaycanın ən yaxın ticarət-iqtisadi tərəfdaşlarından biridir və siyasi təmasların arzuolunan məcrada inkişaf etməsi, eyni zamanda iqtisadi əməkdaşlığımızın şaxələndirilməsi üçün də olduqca əlverişli zəmin yaradır.
Əlbəttə, Azərbaycan bundan sonra Avropa İttifaqı ilə münasibətləri daha da dərinləşdirmək niyyətindədir və bu baxımdan, birlikdə yeni layihələrə rəhbərlik etməyə hazırdır. Tərəflər arasında əməkdaşlığı dərinləşdirmək üçün geniş iqtisadi imkanlar mövcuddur. Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağ münaqişəsinin həlli isə bu imkanları daha da artırır. Azad edilmiş ərazilərin xarici investorlar (o cümlədən Avropa şirkətləri) üçün bir çox sahələr üzrə cəlbediciliyi gündən-günə artmaqdadır. Bir sözlə, əməkdaşlığımızın dərinləşdirilməsi üçün bütün imkanlar var. Bu baxımdan, Aİ-nin əməkdaşlığımızın dərinləşdirilməsindən Ermənistana görə vaz keçəcəyi ümumiyyətlə, mümkün deyil. Bunu yalnız fantaziyaları sərhədsiz olanlar bu cür zənn edə bilərlər. Çünki Aİ-nin geosiyasi və geoiqtisadi prioritetlərini müəyyənləşdirən böyük güclər çox yaxşı başa düşürlər ki, Cənubu Qafqazda sülhün də, iqtisadi tərəqqinin də əsas təminatçısı Ermənistan və Gürcüstan yox, ilk növbədə məhz Azərbaycandır.
Ermənistandan fərqli olaraq Azərbaycanın həm müstəqil və sabit siyasət yürütməsi, həm də bütün sahələrdə etibarlı tərəfdaş olması bizim ölkəmizi Aİ üçün daha cəlbedici edir. Digər yandan, 44 günlük Vətən müharubəsi nəticəsində bölgədə tamamilə yeni geosiyasi reallıqlar yaratmağımız da Azərbaycanın tərəfdaş kimi rolunu və önəmini daha da artırıb. Artıq Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış bu yeni reallığı mübahisəolunmaz fakt kimi qəbul edir və Cənubi Qafqazla bağlı perspektiv siyasətində bu yeni reallığın doğurduğu imkanları nəzərə alır. Bu mənada, bütün müşahidələr onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf perspektivini düzgün qiymətləndirir. Şarl Mişelin Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar təsdiqlədi ki, İttifaqla ölkəmiz arasında əlaqələrin inkişafında yeni səhifə açılmaqdadır. Aİ Prezidentinin ölkəmizlə İttifaq arasında münasibətlərin strateji tərəfdaşılıq səviyyəsinə yüksəldilməsi barədə danışması da bunu bir daha təsdiqləyir.
Əlbəttə, Avropa İttifaqı regionda möhkəmlənmək strategiyasını, xəttini ilk növbədə ilk növbədə məhz öz maraqları prizmasından yürüdür. Lakin bu eyni zamanda bölgə ölkələri üçün də olduqca faydalıdır. Xüsusən də hər zaman destruktiv mövqeyi ilə fərqlənən Ermənistan Aİ-nin Cənubi Qafqazda yeni əməkdaşlıq strategiyasını düzgün dəyərləndirə bilsə, bundan ən çox udan da ilk növbədə Ermənistanın özü olacaq. Belə ki, regionda bütün kommunikasiyaların paralel olaraq açılması, eləcə də Zəngəzur dəhlizinin potensialı Ermənistanın özünə də həddindən artıq sərfəlidir. Azərbaycan bunun üçün Ermənistana əməkdaşlıq əlini uzadır. Görünən budur ki, Avropa İttifaqı da bölgədə dayanıqlı sülhü və regional əməkdaşlığı möhkəmləndirmək üçün Azərbaycanın bütün sülhsevər səylərini dəstəkləyir. Ermənistan da 10 noyabr razılaşmasında əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılmasına konstruktiv yanaşmalıdır.
Lakin Ermənistanın “status” davası etməsi və tez-tez atəşkəsi pozması isə bu ölkənin dayanıqlı sülhə hələ hazır olmadığını göstərir. Bakıda aparılan danışıqlardan sonra Şarl Mişel də bu həqiqəti başa düşdü və ona görə də paytaxtımızda keçirdiyi görüşlərdə “Dağlıq Qarabağ”, “status”, “hərbi əsirlər” kimi əsassız ifadələr işlətməkdən imtina etdi. Bu da Avropa İttifaqı rəsmisinin Bakıya səfərinin gedişində ən çox diqqət çəkən məqamlardan biri oldu. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı Azərbaycan Prezidentinin bəyan etdiyi “artıq sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Azərbaycan buna hazırdır”,- mövqeyini qeydsiz-şərtsiz qəbul edir və Ermənistanın şıltaqlığı ilə, destruktiv mövqeyi ilə razılaşmaq fikrində deyil. Bunun özü də kifayət qədər müsbət gəlişmədir. Bu həm də rəsmi Bakının diplomatik müstəvidə uğurudur.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: