Avtobus qəzasında ölən 13 yaşlı Yusifin ailəsinin ürək dağlayan sözləri

Anasının, atasının gözünün ağı-qarası, bircə balası idi. Ailə qurduqları zamanın üzərindən 10 il keçmişdi, uşaq həsrətlərinə Yusif son qoydu. İki gün əvvəl 160 nömrəli avtobusda evlərinə, anasının əlindən ən sevdiyi yeməyi yeməyə tələsərkən, valideynlərinin onunla bağlı bütün arzularına, xəyallarına son qoyuldu.

İki gündür hər kəs bu qəzadan danışır. Xəzər rayonu Binə qəsəbəsində 160 saylı marşrut xətti qatarla toqquşub və nəticədə o dəhşətli qəza baş verib. 13 yaşlı Yusif də o qəzanın qurbanlarındandır. Günahkar kimdir? Qatar yoluna çıxan sürücümü, qəza törətdiyinə görə həbs edilmiş və 5 ay əvvəl həbsdən çıxan sürücünü işə qəbul edən daşıyıcımı, yoxsa şlaqbaumu açmayan nəzarətçimi?

Günahkar siyahısı artırmaq olar, amma…

Publika.az-ın reportajı boyunca bu suallara cavab tapmağa çalışacağıq.

Yusifgilin evinə gedən yoldayıq. Dəqiq ünvan bilmirik, Sovxoz Binəyə gedirik. Qəza baş verən yerə az qalmış sürücü xəbərdarlıq edir. “Bax qəza burada baş verib”, -deyir. Şlaqbauma oxşar taxta parçası göydədir, üstəlik, ancaq yolun bir tərəfində. Şlaqbaum göydədir, yəni keçmək olar, eynilə qəza anında olduğu kimi. Amma o taxta parçası açıq olsa idi belə o qədər rəngsizdir ki, uzaqdan görmək mümkün deyil. Taksi sürücüsü həmin yolda heç vaxt işıqforun işləmədiyini deyir. Biz ərazidə olarkən həmin taxta parçası rənglənir, işıqfor təmir edilirdi.

Ətrafdakılarla söhbət edirik. Bütün kəndin 160 nömrəli marşrut xəttindən şikayətçi olduğunu deyirlər:

“Bu avtobusun qapıları hər zaman açıq olur. Heç bir qanun-qaydaları yoxdur. Bu avtobusda hərəkətin hər dəqiqəsi təhlükədir. Hamımızın evində məktəbli uşaqlar var, bundan sonra necə olacaq bilmirik. Sürücüləri də qınamaq olmur, gündə 330 manat plan verirlər. Bu adamlar evlərinə də çörək pulu aparmalıdırlar axı..”

Yol boyu soruşa-soruşa Yusifgilin evinə çatırıq. Həyətdə sakitlikdir. Atası, dayısı, qohumları, qonşuları, eşidən-bilən hər kəs buradadır. Başsağlığı veririk. Bircə xahişləri var, “çəkiliş etməyin”.

“Hər bir kamera ilə gəlir çəkiliş edir. Nə olsun, Yusif geri qayıtmayacaq. Dərdimiz böyükdür. İcazə verin dərdimizi yaşayaq”.

Sözün bitdiyi yerdəyik. Axı nə deyəsən?

Atası danışmaq istəyir, göz yaşları imkan vermir. Ayaqda durmağa heyi qalmayıb, anasının vəziyyəti daha pisdir.

Yusifin valideynlərinin 50-yə yaxın yaşı var. Yusifin istedadına, tərbiyəsinə, savadına hər kəs heyran qalırmış. Valideynləri illərdir çəkdikləri əzabın mükafatı bilib, Yusifi. Atası fəhləlik edib, anası günə 10 manata parnikdə işləyib, Yusifin heç nəyini əksik etməməyə çalışıblar, amma həyat… Aldı övladlarının onlardan… Yusif rus, ingilis dili kurslarına, üzgüçülüyə, güləşə, sintezator kursuna gedirmiş. Dərslərini yaxşı oxumaqla yanaşı bütün əlavə məşğələləri də hamıdan yaxşı olmağa çalışırmış. Belə qiymətləndirirmiş valideynlərinin əziyyətini.

Həmin gün də adi günlərdən biri olub. Son bir aydır musiqi məktəbinə getmirmiş, Yusif. Həmin gün dərsdən sonra anası ilə birlikdə gedib musiqi məktəbinə. Anası dərsi bitənə qədər qalıb gözləmək istəyib. Amma Yusif razı olmayıb “Get xoşladığım yeməyi bişir, iki təndir çörəyi al, mən də gələcəm”, – deyib. Anası qalmaq üçün nə qədər israr etsə də, Yusif razı olmayıb. Anası evə qayıdıb yemək bişirib hazır edəndə, qardaşı zəng edib Yusifi soruşub. Zənglərin arası kəsilməyib, hər kəs Yusifi soruşur. Ana artıq hər şeyi anlayır. Evlərindən dəmir yoluna qədər ayaqyalın qaçır, və…

Yaxınları deyir Yusif heç vaxt musiqi kursundan gələndə 160 nömrəli marşruta minməzmiş. Hər dəfə kənddaxili 190 nömrəli avtobusla gələrmiş. Bu dəfə niyə məhz həmin avtobusa mindiyi bilinmir. Heç zaman bilinməyəcək də…

Dünən axşam saatlarında Yusifin anasının intihar etməsi xəbəri yayıldı. Ailə bu cür yalan xəbərlərin onları çox incitdiyini deyir. Onsuz da yetərincə böyük dərdləri var…

Qapıda Yusifgilin qonşularından biri ilə ayaqüstü danışırıq. Yusifin necə fərqli uşaq olduğundan bəhs edir.

“İnstaqramda şəkil paylaşıblar ki, anası özünü asıb. Mənə də çoxlu zənglər oldu. Hamıya da deyirəm, o ananın heç ayağa durmağa heyi yoxdur. Bir qarğış var, “belin qırılsın”, bu ananın həqiqətən də beli qırılıb. Gözünün ağı-qarası bir balası ölüb. Öz də necə bala. Hamı onun istedadına heyran idi. Yaşı az olsa da, çox ağıllı idi”.

Bu gecə qonşular, qohumlar telefon zənglərindən yatmayıb.

Yusiflə sintezator kursuna birgə gedən Samirin anası göz yaşlarını saxlaya bilmir:

“Yer-göy onunçün yanır. Yusif ailənin işığı idi, indi işığı söndü bu ailənin. Yusif mənim oğlumdan iki kurs aşağı oxuyur. Samir də, Yusif də evin tək uşaqlarıdır. Elə bilirdim öz balamdı. O xəbəri eşidəndən elə bilirəm dünya uçub altında qalmışam. Çox istedadlı uşaq idi, qeyri-adi biri idi. Anası da çox mərd qadındır. O qardaşı uşaqlarını çox istəyir. Anası deyir ki, bundan sonra onlar üçün yaşayacaq”.

Yusifin təhsil aldığı 218 saylı məktəbdəyik. Girişdə onun şəkli vurulub. Məktəbin direktoru Əbülfət Bağırov Yusifi hər zaman yaxşı oxuyan, tərbiyəli şagird kimi xatırlayacaqlarını deyir.

Geri qayıdırıq. Artıq dəmir yolu ətrafında təmir işləri başa çatıb. Kənarda görürük hər iki tərəfdə şlaqbaum var, hər ikisinin də üzəri standarlara uyğun olaraq növbələşən ağ və qırmızı rənglə rənglənib. Gərək Yusifi itirərdik sonra…

Share: