Müstəqil.Az “Seanews.az”-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Gəmiqayırma Zavodu” MMC arasında dənizdə neft-qaz hasilatına xidmət edəcək yeni gəmilərin tikintisinə dair müqavilə imzalanıb
Bu istiqamətdə SOCAR-ın dəstəyi ilə ötən dövrdə mühüm addımlar atılıb, dənizdə neft-qaz hasilatında işləmək üçün nəzərdə tutulan müxtəlif tipli gəmilər alınaraq müvəffəqiyyətlə istismara verilib. SOCAR ilə uğurlu əməkdaşlığın davamı olaraq yaxın illərdə 3-ü sərnişin, 4-ü dalğıc gəmisi olmaqla, ümumilikdə 7 yeni gəminin tikintisi barədə qərar verilib. Razılığa əsasən, bu gəmilərin inşası Bakı Gəmiqayırma Zavodunda (BGZ) həyata keçiriləcək.
Bu gün həmin gəmilərdən 4-nün tikintisinə dair ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilənin imzalanması mərasimi keçirilib.
Müqaviləyə əsasən, BGZ 18-24 ay ərzində ASCO-nun sifarişinə uyğun olaraq hər biri 50 nəfər tutuma malik 3 ədəd sərnişin və 1 ədəd dənizin 60 metr dərinliyində işləmək üçün nəzərdə tutulan hibrid mühərrikli dalğıc gəmisini inşa edərək təhvil verəcək.
İmzalanma mərasimində bildirilib ki, beynəlxalq standartların tələblərinə uyğun tikiləcək gəmilər geniş texniki imkanlara malik olacaq və ölkəmizin neft-qaz hasilatı istiqamətində görülən işlərdə dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaqlar.
Tədbirdə o da vurğulanıb ki, tikiləcək sərnişin gəmiləri aparıcı dizayn şirkəti tərəfindən layihələndirilib. Dalğıc gəmisinin inşası isə “ASCO Mühəndislik” MMC-nin təqdim etdiyi layihə əsasında həyata keçiriləcək və bu gəmi Xəzər dənizində üzən ilk hibrid mühərrikli dalğıc gəmisi olacaq. ASCO-nun ekoloji siyasətinə, eləcə də Beynəlxalq Dənizçilik Təşkilatının və bir sıra digər təsnifat cəmiyyətlərinin emissiyaların azaldılması ilə bağlı tələblərinə uyğun inşa ediləcək bu gəmi həm də Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə verəcək.
Onu da əlavə edək ki, müqavilənin imzalanması mərasimində ASCO, BGZ, SOCAR nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasında təhsil alan iki nəfər əlaçı IV kurs tələbəsi də iştirak edib. Tədbirdən əvvəl ASCO sədri Rauf Vəliyev tələbələri qəbul edərək, onlarla gəmiçilik sahəsində ölkəmizdə həyata keçirilən layihələrdən və qarşıda duran hədəflərdən danışıb. Sədr görüşdə gələcəyin mütəxəssislərinə ixtisaslarını yaxşı mənimsəmələri barədə tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Müstəqil.Az