Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli sərəncamına əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının və Cəmiyyətin İdarə heyətinin üzvləri iştirak ediblər.
İlk olaraq Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
S.Şərifov vurğulayıb ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclasının ölkə başçısının bu günlərdə açılışını etdiyi səhmdar cəmiyyətin yeni binasında baş tutması əlamətdar hadisədir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ölkəmizin ən qocaman şirkətlərindən biri kimi zəngin və şərəfli bir yol keçib. 160 ildən artıq zəngin təcrübəyə malik şirkət öz parlaq tarixi boyunca hər bir mərhələdə milli iqtisadiyyatımızın inkişafına əhəmiyyətli töhfələr verib. Cəmiyyətin fəaliyyət coğrafiyası təkcə Xəzər hövzəsi ilə məhdudlaşmır, dünyanın bir çox tanınmış ərazilərini, yükdaşıma bazarlarını əhatə edir.
Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları hazırda Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının tranzit yükdaşımalarının həyata keçirilməsində xüsusi əhəmiyyətini daha da artırır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin və beynəlxalq yük daşınmalarının müvəffəqiyyətlə həyata keçirilməsində, ölkəmizin rəqabət qabiliyyəti və tranzit potensialının gücləndirilməsində mühüm rola malikdir və Cəmiyyətin Xəzərdə özünün aparıcı mövqeyini qoruması üçün bundan sonra daha böyük əzmlə çalışılmalıdır.
Müşahidə Şurasının sədri xatırladıb ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni islahatlar mərhələsinə qədəm qoyub. Bu yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas çağırışlardandır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafına yönəldilmiş addımların atılması Müşahidə Şurasının əsas vəzifəsidir. S.Şərifov əminliyini bildirib ki, Müşahidə Şurası QSC-nın idarə heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcəkdir.
İclasda Cəmiyyətin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun, Cəmiyyətin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rauf Vəliyevin təqdimatları dinlənilib, Azərbaycan Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.
Müstəqil.Az