“Axdıqca islanar göz yaşlarımdan, Mənim ürəyimin çətiri yoxdu…”- Kəmaləddin Qədim…

Müstəqil.Az bu gün doğum gününü qeyd edən şair Kəmaləddin Qədimi təbrik edir,yeni şeirlərini təqdim edir:

MƏNİM ÜRƏYİMİN ÇƏTİRİ YOXDU

Hələ özün yazır, özün oxuyur,
Hələ özü boyda qədiri yoxdu.
Ayrılıq qoxuyur, həsrət qoxuyur,
Bir özgə qoxusu, ətiri yoxdu.

Elə biri vardı…biri var yenə,
Birinin dərdi var, səri var yenə.
Dəyib, toxunası yeri var yenə,
Dəyib, toxunası xətiri yoxdu…

Yapsa da özünə hasar özünü,
Bir coşqun sel olsa basar özünü.
Hər gün dara çəkər, asar özünü,
Baxmayın kəndiri, kətili yoxdu…

Canı canımdandı, qanı qanımdan,
Baxılsa görünər baxışlarımdan…
Axdıqca islanar göz yaşlarımdan,
Mənim ürəyimin çətiri yoxdu…

 

QAPIM DÖYÜLÜR…

Nə həmin o bənövşə,
Nə o süsən deyilsən.
Mən həmin odam elə,
Amma, su sən deyilsən…

Haqdım, haq da yox artıq,
Getdim, vaxt da yox artıq.
Barışmaq da yox artıq,
Artıq küsən deyilsən…

Baxma ay gözüqaram,
Səndən özgəyə koram…
Sanacam qəlbdə yaram,
Saçımda dən deyilsən…

Nə tükənib, bitəcəm,
Daha cəm olacam, cəm.
Bir də üzülməyəcəm,
Bir də üzən deyilsən…

Gör də artıq, gör, gülüm,
Hürrəm, necə hürr, gülüm…
…qapım döyülür…gülüm,
görəsən sən deyilsən?..

GÖZLƏRİM DƏ SU SƏPİRDİ DALINCA…

Getdin, nədən əyləmədim yolundan,
Ayaq altdan qaçdı yer də dalınca…
Nədən tutub saxlamadım qolundan,
Yüyürmədim bu nə sirdi dalınca?..

Demək hər şey buracanmış, buracan,
Ha tikəsən, ha yapasan, qurasan…
Dilim niyə yalvarmadı durasan,
Baxa-baxa susa bildi dalınca?..

Hava bom-boz, çiskin yağış, yer də nəm,
Yanaqlarım görməyəcək bir də nəm;
Söz vermişdim, ağlamırdım, birdənəm,
Gözlərim də su səpirdi dalınca…

DÜŞÜRSƏN, BİR AZ ASTA DÜŞ…

Dünya gidi, ömür fani,
vaxt qısa, yol uzun, gözəl.
Cavablaya bilmədik heç
Tək bircə sorusun, gözəl.

Üstəydin, gözüm üstdə, düş,
Qalım beləcə yasda, düş.
Düşürsən, bir az asta düş,
Düş, Allah qorusun, gözəl…

Son verirəm, son, ağıma,
Dözəcəm sinə dağıma.
Göz yaşımı yanağıma
Sərirəm, qurusun, gözəl…

Müstəqil.Az
Share: