Axrıncı bilet (hEKAYƏ)

Axrıncı bilet (hEKAYƏ)

İlham Əhmədov

Kassanın pəncərəsi asta-asta döyüldü. Biletsatan oğlan qızı buraxıb hirslə pəncərəni açdı.
– Salam.
Biletsatan oğlan salamı almadan hirsli-hirsli qarşısındakı qocanı başdan-ayağa süzdü. Kişinin gündən yanıb qaralmış sifəti, qabarlı əlləri, yaxası orden-medallarla dolu ütüsüz pencəyi oğlana qəribə göründü. Elə bil yad planetdən gəlmişdi. Bir istədi, dişinin dibindən çıxanı desin kişiyə. Sonra nə isə fikirləşib özünü saxladı.
Hirslə soruşdu:
-Nə istəyirsən, nə lazımdı sənə? Görmürsən yazılıb: – Kassa işləmir! Bilet yoxdur!
Bəhmən kişi bir az tutuldu. O, Bakıya gələndə elə bilirdi ki, hamı onu tanıyır, haqqında danışır. İndi biletsatan oğlanın belə davranışı Bəhmən kişinin şəstinə toxundu. Sonra fikirləşdi ki, yəqin bu cavan oğlan nə qəzet oxuyur, nə radioya qulaq asır. Bir də ki balaca nəvəsi Azər gəlib durdu gözlərinin qabağında. Yalvarmaqdan başqa əlacı yox idi:
-Boyuna qurban , ay oğul, daha keçib, dayıya bir bilet təşkil elə. Nəvəm ağır xəstədir. Səhər operasiya olunacaq. Bu gün mütləq uçmalıyam.
-Səhər uçarsan. İndi bilet yoxdur, – biletsatan sərtləşdi.
Oğlan pəncərəni örtmək istədi.
-Ay oğul, mən Sosialist Əməyi Qəhrəmanı Bəhmən kişiyəm. Bir oğlum Qarabağ savaşında şəhid olub. Haqqımızda elə dünən televizorda veriliş verdilər. Tanımırsan məni? – sınayıcı bir nəzərlə oğlana baxdı:
-İki-üç gün qabaq şəklimi qəzetə də vurmuşdular.
– Ay ağsaqqal, dedim ki, bilet yoxdur. Növbəti uçuş üç gündən sonra olacaq.
Bu dəfə oğlan cavab gözləmədən pəncərəni örtüb pərdəni çəkdi.
-Pah atonnan , başa düşmürlər ki, düşmürlər, – öz-özünə donquldandı.
-Aslan, gərək axırıncı biletlərdən birini verəydin qocaya,-qız dedi. -Yəqin ki, nəvəsi ağır xəstədir. Yazığım gəldi kişiyə. Geroydu , şəhid atasıdı, elə bilir, hamı tanıyır onu.
-Nə danışırsan, Gülər, deputat Ziya Əhmədovun oğludur, sanatoriyaya gedir. Şəhərdə reketlik edir. Nə dövlətdən qorxur, nə də qanundan. Vermərəm, dərimə saman təpər. “Gənclik” parkının yanındakı göydələni də o tikir. Mənə də ev verəcək.
-Axı siyirmədə iki bilet var, – qız dedi.
– Mənə iki bilet deyiblər. Yəqin iki nəfərdirlər, -oğlan söhbəti dəyişmək istədi.
Yaxınlaşıb qızın üzünə tökülmüş tellərini yana sığalladı. Bizim də indi dost-tanış qazanan vaxtımızdır. İşləyib, geroy olub. Vuruşub, dövlət tərəfindən qiymətini alıb. Bəs mən nə etmişəm- sınayıcı nəzərlə Gülərə baxdı.
Gülər bir istədi deyə ki, sən də müharibədə qaçıb gizlənibsən, qohum-əqraban yer, mülk qalmayıb zəbt ediblər. Pul-para qalmayıb dövlətdən oğurlamısınız. Fikirləşdi ki, gələcək nişanlısının xətrinə dəyər.
Bəhmən kişi çamadanını götürüb əlacsız-əlacsız meydanın ortasına gəldi. Təyyarəyə minməyə hazırlaşan sərnişinlərə həsrətlə baxdı. Gecə qalmağa yeri də yox idi.
Kassanın arxa qapısı yenidən döyüldü. Biletsatan oğlan qapını ehtiyatla açdı. Qarşısında zəngin geyimli, saqqallı, üz-gözündən sərxoşluq tökülən yöndəmsiz bir cavan dayanmışdı. Yanında yaraşıqlı, ənlikli-kirşanlı bir xanım da var idi.
-Sizə zəng eləməyiblər?-dedi.
-Deputat Ziya Əhmədovun oğlu sizsiniz – suala sualla cavab verdi.
-Bəli.
-Axırıncı biletlərdi, güclə saxlamışam sizünçün,- deyə o, seyfdən biletləri götürüb oğlana uzatdı.
-Kassanın qabağında adam çoxdur. Heç kimə göstərməyin, bir az tələsin, bir azdan təyyarə uçacaq.
Oğlan on dənə yüzlük dollar çıxarıb saymazyana stolun üstünə tulladı, sağollaşmadan otaqdan çıxdı.
Diktorun məlahətli səsi eşidildi.
-Diqqət, diqqət Bakıdan Moskvaya uçan təyyarə 152-ci platformadan yola düşür.
Bir azdan təyyarə səmaya qalxdı. Bəhmən kişi kədərlə təyarənin arxasınca baxdı.

 

Share: