Axundov onu sui-qəsddən xilas etmişdi… – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi… – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Azərbaycanda Milli Mətbuat Günün bayram əhval-ruhiyəsindəyik. Müstəqil.Kulis.az bu münasibətlə milli mətbuatımızın banisi sayılan, “Əkinçi” qəzetinin yaradıcısı Həsən Bəy Zərdabi haqqında maraqlı faktları təqdim edir.

Həsən bəy 7-8 yaşlarından bir müddət mədrəsədə oxusa da, ilahiyyata o qədər də maraq göstərmirdi. Atası balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur, öz bilik bacarığı ilə hamının diqqətini cəlb edir. Həmin məktəbin buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil İdarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirir və Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Tezliklə təlimdəki uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir.

Image result for Həsənbəy zərdabi

Tələbəlik illərində o, şərq-islam tarixi üzrə dərin biliyi ilə tarixçi rektor Sergey Mixayloviç Solovyovun diqqətini cəlb edir, bu sahə üzrə onun məsləhətçisinə, dostuna çevrilir. Nəticədə ailə ilə daha da yaxınlaşan Həsən bəy rektorun qızına vurulur. Onunla evlənmək qərarına gəlir. Moskvada qalıb işləmək təklifi alır. Lakin Həsən bəydəki Vətən sevgisi şəxsi məhəbbətinə üstün gəlir. Xalqı qarşısında xristian qızına evləndiyinə görə müsəlman mühafizəkarlarının tənələrindən qorunmaq üçün ilk məhəbbətindən imtina edir.

Böyük arzularla vətənə qayıdan Həsən bəy bir müddət Tiflisdə torpaq palatası, Bakıda quberniya idarəsi və Qubada məhkəmədə çalışsa da, ciddi çətinliklərlə, hətta həyatına sui-qəsdlə üzləşir, yenidən Bakıya dönür.

Image result for Zerdabi və Axundov

Həsən bəy Borçalıda torpaqların islahat prosesində kəndlilərə kömək edir. Lakin çar hökumətinin yaratmış olduğu müvafiq idarənin rəhbərliyi bəylərin, mülkədarların müdafiəçisi kimi çıxış edir, burada yerli bəylər tərəfindən Həsən bəyə qarşı sui-qəsd təşkil olunur. O zaman Tiflisdə dövlət qulluğunda olan M.F.Axundovun müdaxiləsi nəticəsində bu sui-qəsd cəhdi baş tutmur.

Həsən bəyin ömür-gün yoldaşı Hənifə Məlikova da tanınmış ictimai xadim idi. O, Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. 1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə “Bakı xanımlarının ilk təşkilatı” yaradılıb. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib.

Image result for Zerdabi və Axundov

Bir gün Qubadan Seyidov soyadlı bir oğlan “Kaspi” redaksiyasına Həsən bəyin yanına gələrək oxumaqda ona yardımçı olmasını xahiş edir. Uşaqla söhbət edən Həsən bəy zarafatla onu “Azərbaycanın Lomonosovu” adlandırır və evinə gətirir. 10 ildən artıq Həsən bəyin evində yaşayan və məktəbdə təhsil alan həmin uşaq sonralar ali təhsilli tanınmış hüquqşünas kimi yetişir…

Həsən bəyi yoxsul və kimsəsiz uşaqların təhsilə cəlb olunması, onların təhsilinə yardım göstərilməsi məsələsi hər zaman narahat edirdi. O, bu məqsədlə müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyət-xeyriyyə” də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə “Cəmiyyət-xeyriyyə”yə üzv yazdırmaqla məşğul olmuşdu. Səfər zamanı toplanan 1600 manat banka yatırılır və onun gəliri ilə 2 yoxsul və kimsəsiz şagirdin təhsil haqqının ödənilməsi təmin edilmişdi. Həmin dövrdə subay olan Həsən bəy evində cəmiyyətin pansionunu təşkil edir. Lakin yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllim tapmaq zərurəti yaranır…

1875-ci il iyulun 22-də Bakıda ana dilində ilk Azərbaycan qəzeti “Əkinçi”nin birinci nömrəsi Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə çapdan çıxır. Bununla da Həsən bəy növbəti “ilk”lərdən birinə – milli mətbuatın təməlinin qoyulması şərəfinə nail olur. Deməliyik ki, qəzetə “Əkinçi” adı təsadüfi verilməmişdi. Bu adda qəzetin kənd təsərrüfatı təmayüllü olmasını düşünmək yanlışlıq, sadəlövhlük olardı. Həmin ad altında dərin və böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı nəzərdə tutulmuşdu. Qəzeti nəşr etməkdə əsas məqsəd, başlıca qayə həmvətənlərinin qəlbinə, şüuruna maarif, elm, mədəniyyət toxumu səpməkdən ibarət idi.

Image result for əkinçi qəzeti

Həsən bəy Zərdabi Azərbaycanda ilk qadın təhsilinin carçılarından biri, “Müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı” kimi epitetlərlə təqdir edilmişdir.

Image result for Həsənbəy zərdabi

Bir müddət işsiz qalan Həsən bəy 1880-ci ildə doğulduğu Zərdab kəndində 16 illik sürgün həyatı yaşamalı olur. Böyük ömrün bu illəri də doğma xalqa xidmətdə keçir. Mühafizəkarların fitnə-fəsadlarına, acı tənələrinə mərdliklə dözən Həsən bəy burada da maarifçilik əməllərini davam etdirir, müxtəlif qəzetlərə məqalələr yazıb göndərir.

Related image

Ölüm ayağında Həsən bəyin sоn sözü bu оlmuşdu: “Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar) arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı.”

Share: