Qan Turalı yazır…
Uzun illər əvvəl Nazim Hikmət “Əllərinizə və yalana dair” adlı şeirində belə yazırdı:
İnsanlar, ah, mənim insanlarım,
Antenalar yalan danışırsa,
Yalan danışırsa rotasiya maşınları,
Kitablar yalan danışırsa,
Divarlardakı afişalar, sütunlardakı elanlar yalan danışırsa,
Ağ pərdədə çılpaq baldırları yalan danışırsa qızların
Dua yalan danışırsa,
Layla yalan danışırsa,
Röya yalan danışırsa,
Meyxanada skripka çalan yalan danışırsa,
Duvardakı afişa, sütunda ilan yalan söylüyorsa,
Ümidsiz günlərin gecələrində ay işığı yalan danışırsa,
Səs yalan danışırsa,
Söz yalan danışırsa,
Əllərinizdə başqa hər şey,
Hər kəs yalan danışırsa…
Görkəmli rus dissidenti Aleksandr Soljenitsin məşhur essesini “Yalansız yaşamaq” adlandırmışdı. Nazim Hikmət ölkəsindən azadlıq arzusuyla qaçıb Soljenitsinin vətəninə gəlmişdi. Soljenitsin isə ömrünün böyük bir hissəsini ABŞ-də keçirməli olmuşdu. O da eynən Nazim Hikmət kimi azad və yaxud öz sözləri ilə desək “yalansız yaşamaq” istəyirdi.
Yalansız bir yer mümkündürmü? Bu, çətin bir sualdır, əslində cavabsız, ya da ritorik bir sualdır. Modern dünyada yalan artıq həqiqətin yerini almayıb, həqiqət özü yalana çevrilib.
Qədim bir məsəlimiz “Yalan ayaq tutar, ancaq yeriməz” deyir. Müasir dünyada bu yalana yox həqiqətə aid bir diaqnoz kimi görünür. Həqiqətə baxan, ona fikir verən yoxdur. Həqiqət ayaq tutur, ancaq yerimir.
Hər gün biz öz həyatımızda həqiqətin ayaq tutub yerimədiyinə dəfələrlə şahidlik edirik. Çünki sosial media nəhəng bir yalan maşını ilə üstümüzə hücum edir. Bir neçə gün bundan öncə Roma papasının ağ idman gödəkcəsi ilə rəsmi yayıldı. Hər kəs onu paylaşmağa başladı. Bu arada kimsə girib bu şəklin saxta olduğunu yazsaydı ona kim fikir verəcəkdi ki? Halbuki şəkil saxta idi. Həqiqətin ayaq tutması, ancaq yeriməməsi elə burdan da məlum olur.
Hamımızın bildiyi kimi, Tramp keçən həftə həbs ediləcəyi ilə bağlı bir anons verdi. Anons səhv çıxdı, bu öz yerində. Ancaq süni intellekt proqramı ilə onun həbs görüntüləri hər kəs tərəfindən paylaşılmağa başlanılmışdı. Görüntüləri hazırlayıb sosial şəbəkədə paylaşan istifadəçi isə bunun zarafat olduğunu qeyd etsə də bu çox adamın vecinə olmadı. Onun mesajını çoxları ümumiyyətlə görməmişdi. Bir sözlə, həqiqət ayaq tutmuş ancaq yeriməmişdi.
Roma papasının ağ idman gödəkcəsində olan şəkli mahiyyət etibarı ilə zərərsiz görünə bilər. Faktiki olaraq, papanın əyninə nə geyinməsinin qatı katoliklərdən başqa kimin üçün əhəmiyyət daşıyar ki?! Ancaq bu sadəcə bir nümunədir. Elə ABŞ-də Trampın seçildiyi seçkidə Roma papasının guya Trampı dəstəklədiyi barədə xəbər ildırım sürəti ilə yayılmış, bu xəbər 20 milyon adam tərəfindən oxunmuşdu. Bu isə o qədər də zərərsiz deyildi, çünki dindar insanların seçiminə bu saxta xəbər təsir edə bilərdi. Elədi də…
Soljenitsinin eləcə də Nazim Hikmətin zamanında həqiqət və yalanın yerləri aydın idi. Məsəldə deyildiyi kimi, yalan ayaq tutur ancaq yerimirdi. Müasir dövrdə isə həqiqət və yalanın yeri o qədər dəyişib ki… Söhbət təkcə nəyin yalan, nəyin həqiqət olmasından da getmir. Söhbət ondan gedir ki, həqiqət daha heç kimə lazım deyil.
Bəşər övladı yüz min illərdir həqiqət arxasınca qaçıb. Onu dərk etməyə, onu anlamağa, ona yetməyə çalışıb. Qurbanlar verib, fədakarlıqlar göstərib, min bir əziyyətlər çəkib, cəfalar görüb, bəlalara tuş gəlib. Ancaq indi… İnsanların belə bir axtarışı yoxdur.
Burada əhəmiyyətli məqam da budur, insanlar əvvəl həqiqəti axtarırdılar, indi isə axtarmırlar. Nitsşenin dühası bu situasiyada da üzə çıxır: “Həqiqətin düşməni kimi inanclar daha təhlükəlidir, nəinki yalanlar”.
Məsələ də bundan ibarətdir, insanları inancları, maraqları, mənafeləri idarə edir. Ona görə də nəyin həqiqət, nəyin yalan olması ikinci bəlkə də üçüncüdərəcəli məsələdir. Mənfəətə uyğun gəlirsə yalan həqiqət ola bilər. Bir çox hallarda isə bu belədir.
Nazim Hikmət yalan danışanların böyük bir siyahısını təqdim edir. Bəs yalana inananlar? Ona sarılanlar? Axı yalana inanan olmasa o elə yalan kimi qalacaq. İnsanların inanmadığı bir yalan həqiqətin taxtında oturmayacaq.
Naməlum müəllifin dediyi kimi… “Bundan da çətin dövrlər olub, ancaq bundan əclaf dövrlər olmayıb”.