Bu mənim 5-ci paralimpiadam idi. Buradan da əliboş qayıtmıram. Bürünc medalla vətənə dönürəm. Rəqiblərim çox çətin idi.
Müstəqil.Az xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşdə Britaniya təmsilçisni məğlub etdiyini xatırladıb:
“Onunla daha əvvəl 4 dəfə qarşılaşmışdı. Hamısında da qalib gəlmişdim. İkinci görüşüm isə ikiqat paralimpiya çempionu təcrübəli koreya idmançısına qarşı oldu. Onunla güləş zamanı ayağımın iki barmağı sındı. Bunu isə biruzə vermədim. Bu səbəbdən güləşmək alınmadı və məğlub oldum. Həkim məndən soruşdu ki, yenə güləşəcəksən? Dedim ki, ayağımı bağla güləşəcəyəm. Çünki biz qalib ölkənin əsgərləyirik. Bizim Ordumuzun əsgərləri yaralandıqları vəziyyətdə belə döyüşürdü. Azərbaycan əsgəri heç vaxt təslim olmur. Mən növbəti rəqibimə bildirmədim ki, haramsa ağrıyır. Güləşdim və vətənə bürünc medalla dönürəm”.
Zəkiyevin sözlərinə görə cüdo komandası Tokiodakı yarışda çox yaxşı çıxış edib: “6 qızıl 2 bürünc medalla vətənə dönürük. Biz sübut etdik ki, Azərbaycanda cüdo var. Bu ölkənin cüdoçuları dünya şöhrətlidir”.
Müstəqil.Az