Aydın QULİYEV :”Putinin bəyanatlarını Ermənistanın ərazi iddialarına qəti və həlledici zərbə saymaq olar”

Aydın QULİYEV :”Putinin bəyanatlarını Ermənistanın ərazi iddialarına qəti və həlledici zərbə saymaq olar”

Dünən Rusiya Prezidenti Vladimir Putin “Rusiya-24” kanalına müsahibə verib. Hər kəsin diqqət kəsildiyi bu müsahibədə nələrdən bəhs olunub və onun cavablandırmalarında ölkəmiz üçün hər hansı təhdid və təhlükə varmı?

Müstəqil.Az elə bu suallada tanınmış politoloq, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə müraciət edib.
Putinin müsahibəsində mübahisəli qarşılanan və narahatlıq doğuran bəzi məqamlar olsa da, o konkret olaraq beynəlxalq hüquqla Qarabağın Azərbaycan ərazisi olduğunu deməklə 1988-ci ildən indiyədək sovet və Rusiya rəhbərlərindən heç kimin etmədiyi obyektiv və açıq mövqeni göstərdi, deyən politoloq, daha sonra əlavə edib:
“Rusiya prezidenti Ermənistanın Azərbaycandan ərazi iddialarına Rusiyadan gələcəkdə verilə biləcək hər cür rəsmi dəstəyin kökünü baltaladı. Putinin bəyanatından sonra Rusiya hakimiyyətində daha heç kim Ermınistanın Qarabağa və ətraf rayonlara iddiasına dəstək verməz. Eyni zamanda Putin hazırkı razılaşmaya sonadək əməl etməkdən başqa Ermənistanın yolu olmadığını incə və dəqiq şəkildə anlatdı.
Putinin bəyanatlarını Ermənistanın ərazi iddialarına qəti və həlledici zərbə saymaq olar. Bununla belə mübahisəli qarşılanan və narahatlıq doğuran bəzi məqamlar da var ki, bunların dəqiq mahiyyətini gələcəkdə görərik. Azərbaycan prezidenti “heç bir status”dediyi halda Putinin statusdan danışması, “tanınmamış dövlət”ifadəsi işlətməsi, habelə Abxaziya, Osetiya və Krımın Rusiyaya birləşdirilməsindən danışması diqqət çəkən məqamlardır.
Müəyyən narahatlıqlar doğursa da, bunların incə xəbərdarlıq, ya siyasi analoğiya olduğunu yaşayıb görərik. Ancaq bütün hallarda Putinin mübahisəli qarşılanan bəyanatlarından hələlik çox narahat olmağa dəyməz. Əsas odur ki, Putin Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ və ətraf rayonların Azərbaycana məxsusluğunu və Ermənistanın hazırkı razılaşmadan başqa alternativinin olmadığını birmənalı dedi. Putindən bizim gözlədiyimiz əsas bıyanat da elə bunlar idi.”
Tural Balabəyli
Share: