Quba, Qusar, Xaçmaz, Şabran rayolarında qanunsuz ovla bağlı reydlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Müstəqil.Az-a verilən məlumata görə, Quba rayonunda keçirilən reyd zamanı şöbənin əməkdaşları meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət etdiyini görərək onlarla danışmaq istəyiblər, lakin həmin şəxslər xurcunları və kisələri ataraq ərazidən uzaqlaşıblar.
baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və bir qədər aralıda ov tulası aşkar edilib. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub.
Qanun pozucularının Quba rayonu Qonaqkənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Cimi kənd sakini Pirməhəmməd Nemətov olduğu müəyyən edilib. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Müstəqil.Az