AYİB Azərbaycanda ilk dəfə manatla kredit verdi

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda plastik borular, fitinqlər, konteynerlər və qəliblərin aparıcı istehsalçısı, habelə polad boru, boru kəmər elementləri və metal prokatı üzrə aparıcı treyderi olan METAK şirkətinə yerli valyutada ilk korporativ krediti ayırıb.

Bu barədə Trend-ə AYİB-dən məlumat verilib.

8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə maliyyələşmə şirkətin fəaliyyətinin genişləndirilməsi planlarının həyata keçirilməsində mühüm rol oynayacaq.

Bu, Azərbaycanda 2017-ci ilin oktyabr ayında AYİB və Azərbaycan Milli Bank arasında AYİB-in yeni imkanları fonunda yerli kiçik və orta sahibkarlığa (KOS) milli valyuta ilə kredit verilməsi ilə bağlı imzalanmış Anlaşma Memorandumundan bəri ilk sövdələşmədir.

AYİB-in Azərbaycandakı rəhbəri İvana Fernandes Duarte deyib: “Biz Azərbaycanda istehsal və xidmət sektorunun inkişafına dəstək verməyimizdən çox məmnunuq. AYİB özünün uzun müddətli yerli valyuta ilə maliyyələşdirmə və güclü iş təcrübəsinə əsaslanaraq şirkətə gələcəkdə rəqabət qabiliyyətini daha da gücləndirməyə və yerli iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməkdə kömək edəcək”.

AYİB Azərbaycanda aparıcı institusional investordur. Ölkədə fəaliyyətə başlamasından bu günə qədər Bank maliyyə, korporativ, infrastruktur və enerji sektoruna 163 layihə üzrə 2,8 milyard ABŞ dolları məbləğində sərmayə yatırıb ki, bu da özəl sektora qoyulan investisiyanın 58 faizini təşkil edir.

Müstəqil.Az

Share: