Aynur QAFARLININ poeziya dünyası

Aynur QAFARLININ poeziya dünyası

AYB-nin üzvü, Pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun elmi işçisi Aynur Qafarlının yaradıcılığı ilə tanışlığım feysbuk sosial şəbəkəsindən başlanıb. Təxminən iki il bundan əvvəl təsadüfən onun bir şeiri ilə rastlaşdım. Şeir çox xoşuma gəldi deyə, şairə xanımın ana səhifəsinə ,,yollandım” və ard-arda bir-birindən gözəl şeirləri ilə tanış olduqca, heyrətimi gizlədə bilmirdim. O gündən sonra Aynur xanımın yaratdığı gözəl poeziya dünyasından-ədəbi yaradıcılığının dairəsindən ,,qurtula” bilməyib onun şeirlərinin daimi izləyicisinə çevrildim.

Məlumdur ki, həyatda səmimi olmayan insan səmimi şeirlər də yaza bilməz. Aynur xanımın təmiz sevgi hisslərinin təbliği şeirlərində daha geniş yer tutur. Onun bir neçə şeirinə müraciət etməklə fikrimizin təsdiqini tapmış olarıq. ,,Mən səni başqa cür sevə bilmədim” adlı varsağı tipli şeirin ikinci bəndinə nəzər yetirək və bu səmimiyyətin şahidi olaq;

Tanrıdan doğulan xilaskar əldin,
Batırdım, qəfildən Nuh kimi gəldin.
Sən mənə can kimi, ruh kimi gəldin,
Mən səni başqa cür sevə bilmədim.

Aynur Qafarlı həm heca, həm əruz vəznlərində yazmaqla şeirin sərbəst növündən də istifadə edir. Bu rəngarənglik onun yaradıcılığını zənginləşdirməklə yanaşı, oxucunu da yorğunluqdan xilas edir. Şairənin ,,Mən bir eşq bürcündənəm” adlı sərbəst şeirindən bir misraya diqqət yetirək:

Bir sevdanın ovcunda nartək gilələnmişəm…

Gözəldir, deyilmi? Bu misranı oxuyan tələbkar oxucu müəllifin bu bənzətməsini ürəkdən alqışlamasın, neyləsin!
Şeirlərinin birində Aynur Qafarlı deyir:

Tapşırıb gedibsən sən məni dərdə.

Elə bir şair tapmaq olmaz ki, sevgidən, ayrılıqdan şeir yazmamış olsun. Aynur xanımın deyimləri özünəməxsusdur. Bu kimi misralar onun şeirlərində üstünlük təşkil edir.


Aynur Qafarlının əsərlərinin əksəriyyəti sevgi şeirlərindən ibarətdir. Eyni mövzu ətrafında ,,gəzişmələr” oxucunu yora, bezdirə bilər. Ancaq bunun Aynur xanımın yaradıcılığına qətiyyəən dəxli yoxdur. Onun şeirləri bir-birindən gözəl, cazibəli, maraqçəkəndir. Düşünürəm ki, hər hansı bir oxucu bu xanımın kitabını əlinə alıb oxusa, özünü konditer fabrikində olduğu kimi hiss edəcək. Şeirlərinə şirinlik hopdurmaq Aynur xanıma xas olan ən gözəl keyfiyyətlərdən biridir. Sözümün təsdiqi kimi şairə xanımın ,,Çölüm şumdur, içim dən” üçbəndlik şeirinə bütövlükdə nəzər yetirək:

Ömrü bir bülbül kimi
Dar qəfəsdə keçirdim.
Qəlbimdən neçə dərdi
Qəmli bəstə keçirdim.

Nə qalar bu biçindən?
Çölüm şumdu, içim dən.
Ağrıları içimdən
Dəstə-dəstə keçirdim.

Vurdum, çıxdım cəmini,
Biləmmədim çəmini.
Eşqin sətəlcəmini
Ayaqüstə keçirdim.

Şeirin bütün qayda-qanunlarına əməl etməklə eşqin əzabını da gözəllik kimi oxucusuna çatdıran şairənin bədbin görünə biləcək şeirlərindən də nikbin notlar boylanmaqdadır.
Şairlər özlərini yazır, deyirlər. Hər şeir şairin xatirə muzeyində bir ,,eksponat”dır. Şeir-şair ürəyinin yaşantısının təzahürüdür. Ancaq Aynur xanım bu hissləri çılpaq şəkildə yox, onları incə zövqlə ,,geyindirib-keçindirib” cəmiyyət arasına çıxarır.
Beşbəndlik ,,Ruh adamları” varsağı tipli şeirin ilk bəndinə baxaq:

Sədanız Tanrıdan gələn sədadır,
Gəlin söhbət edək, ruh adamları.
Sizin söhbətiniz ruha qidadır,
Gəlin söhbət edək, ruh adamları.

Şeir elə ilk bənddən oxucunu özünə çəkir. Fikir aydınlığı, sözlərin yerli-yerində işlənməsi və varsağı şeirin tələblərinə riayət olunması, şairə xanımın öz mövqe və istəyini meydana qoyması, əlbəttə ki, xoş hisslər oyadır. Şeirin sonuncu bəndində özü haqqında məlumatı genişləndirməklə məram və məqsədini tam açıqlamış olur.
Bunu da qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də, bu şairənin şeirlərinin şirinliyi oxucunu necə cəlb edirsə, onun davranışı, xoş söz-söhbəti də bir o qədər (bəlkə, bir az da artıq) adamı valeh edir.
Dörd bəndlik ,,Qumardı dünya” adlı şeirinin son bəndində Aynur xanım dünyanın faniliyini necə də gözəl ifadə edə bilmişdir:

Baxma şirin dilə, uyma toyuna,
Sən ağıllı qızsan, qurban boyuna,
Aldanıb yalandan girmə oyuna,
Aynur, bilirsən ki, qumardı dünya.

Aynur Qafarlının şeirlərini oxuyarkən adamı nə isə bir ecaz müşaiyət edir. Şairə xanım çox vaxt şeirlərinə məzə, zarafat qatır və bu amil oxucuya elə xoş təsir bağışlayır ki, onun bütün şeirlərini oxumaq həvəsi yaradır. Yuxarıda misal gətirdiyimiz bir bəndin ,,Sən ağıllı qızsan, qurban boyuna” misrası da bu qəbildəndir.
Şairə xanımın ,,Ey pul” adlı poeziya nümunəsini də sevilən şeirlər sırasına daxil etmək olar:

Balaca görünür səni sevənlər,
Həyatda onlardan irisən, ey pul.

Varlının, kasıbın, yetim-yesirin
Ocağı, qibləsi, pirisən, ey pul.

Bütün canlıları ölən görmüşəm,
Sən elə həmişə dirisən, ey pul.

Nə bir ürəyin var, nə də ki, qanın,
Amma ki, amma ki, sən bu dünyanın
Bəbiri, pələngi, şirisən, ey pul.

Mələksən, hurisən, pərisən, ey pul.

Bu qoşmanın misal gətirdiyimiz elə ilk iki misrasında şairə litota və mübaliğəni qarşılaşdıraraq gözəl bir təzad yarada bilmişdir. Şeirboyu misralarda lakonik deyimlərdən, bədii təsvir vasitələrindən bol-bol istifadə şeirin təsir qüvvəsini xeyli artıra bilmişdir.
Aynur xanımın məzəli şeirlərinin olduğunu qeyd etmişdik. ,,O dəlinin biri sənsən, biri mən” adlı şeirin timsalında bunu daha bariz şəkildə görmək mümkündür:

İki dəli xatırlansa hardasa,
O dəlinin biri sənsən, biri mən.
İki dəli bir-birinə yardısa,
O dəlinin biri sənsən, biri mən.

Bir 1 nəfər və çiçək şəkili ola bilər

Şeir misra-misra, bənd-bənd oxunduqca, dodaqlardan təbəssüm, gülüş əskik olmur. Altı bəndlik şeirin beşinci bəndində müəllif şeirə ciddilik qataraq eşq dəlilərinin adi dəlilər olmadıqlarını bildirir:

İki dəli eşq meyindən dəmdir ki,
İki dəli iki kövrək simdir ki,
Ən ağıllı iki dəli kimdir ki,-
O dəlinin biri sənsən, biri mən.

Şairə xanımın ,,Bu qız səni öldürəcək, biləsən” şeiri də yumordan xali deyil:

Gülüstanın bircə günə solacaq,
Bu qız sənin Əzrailin olacaq,
Bu qız səni öldürəcək, biləsən.

Demirsənmi cavan canım heyifdir,
Bu qız səni öldürəcək, biləsən.

Aynur xanım lirik şairədir. Yaradıcılığının lirikadan kənara çıxdığını görməmişəm. Şeirləri olduqca çoxdur.
,,Mən bir eşq bürcüyəm” kitabı Aynur Qafarlının üçüncü şeirlər kitabıdır. Şairə xanım məhsuldar işləyir. Bunu nəzərə alıb gələcəkdə kitablarının sayının daha çox olacağına inanıram.
Yuxarıda deyildiyi kimi, heca şeirləri ilə yanaşı Aynur Qafarlının sərbəst növdə yazdığı şeirlər də az deyil. Amma onun əruz vəznində tərtəmiz qəzəllər yazdığını biləndə, daha çox təəccüblənmiş oldum. Düzdür, bu kitabına qəzəllərindən salmasa da, Aynur xanımın ,,Dənizdir, Günəşdir, nəğmədir, mənəm” sayca ikinci kitabında həzəc, rəməl, səri, rəcəz bəhrlərinin bir neçə qəlibində (növündə) on bir qəzəlinə rast gəldim.
Aynur Qafarlının üçüncü kitabının da maraqla, həvəslə oxunacağına inanıram və kitabın ilk oxucu kimi buna əminəm.

Əhməd Haqsevər
AYB-nin üzvü.

Share: