Aysel Səfərli də ilahi sözə “sən gəldin…” deyən söz aşiqidir… – Vaqif Osmanov yazır

Aysel Səfərli də ilahi sözə “sən gəldin…” deyən söz aşiqidir… – Vaqif Osmanov yazır

 

                                   “SƏN  GEDƏLİ”…   “SƏN  GƏLDİN”…

                                                       (lirik  miniatür)

 

Sevgi bir kainatdırsa, onun da iki qütbü var yəqin – kədər və sevinc, yaxud, həsrət və vüsal. “Insanin problemlərini həll edə biləcək ən sədaqətli dostu düşüncələridir” (Uilyam Verner). Aysel Səfərli də həmişə sadiq dostu ilə baş-başadır. Onun poetik dünyası iki ovqatın sintezindən yaranmış lrik duyğulardır – kədərə bürünüb üşüyür və sevinclə kədərin toqquşmağından yaranan atmosfer cəbhəsi kimi yandırıb – yaxır. “Qadın zərif şüşə kimidir, onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər” – deyirdi Migel de Servantes. Aysel xanımın incə qəlbinin möhkəmliyini yoxlamağa hacət yox, çünki həsrət, sənsizlik alovu onu elə bişirib ki, sına bilməz.

 

Sevgi nədir? sualımı bəsit sayıb gülməyin. Bayağı, quru cavablar o qədər çox eşitmişik ki. H.Heyneyə görə, mələklər onu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırır. Aysel xanım da insandır, özü də əziz insan.

 

“O” (şair xanımın “sən” deyə müraciət etdiyi lirik qəhrəmana “O” deyəcəyəm –V.O.) gedəli  “ruhu da vücuduna qayıtmayan, yuxuları minalanmış, havası çatmayan, qürub təsəllilərə ovunmayan mərhəmətli Aysel Səfərlinin ayrılığının, sənsizliyinin bədəli bağışlamaqdır. O, kədərinin, həsrətinin anasıdır, onların şıltaqlıqlarını, nadincliklərini, günahlarını bağışlayır: “boynuna kəndir atıb ümidsiz bir “bəlkənin”, səni bağışlayıram. Incə ruhlu xanım həsrətinin doğmasıdır, həsrəti də onun.

 

Sən gedəli yerdən də küsdü bir dəli ruhum,

Bütün uçuşlar keçir ayağımın altdan indi…

Məndən heç nə qalmayıb, götürmüsən özünlə,

Axı sənə demişdim, nəyim varsa sənindi…

 

Viktor Hüqoya görə, həyat çiçəkdir, sevgi isə onun şirəsi. Həyat çiçək qədər zərif olsa da sınaqlarla üz-üzə qoyub sərt üzünü göstərir ki, qoynuna aldığı şüurlu canlılar möhkəmlənsin. Onda bəşər övladı “unutmağa da güc yıgır içində”, kövrələndə də gözlərini gecənin duyğulu göylərinə dikib vüsala çatır:

 

Mənim pəncərəmdə şimşəklər çaxar,

Sənin pəncərəndə yağar gözlərim

 

düşüncəsi təkcə təsəlli deyil, ilahi qovuşmaqdı. Budur həqiqi sevginin sehri, gücü!

 

Həsrət sevgilisinə can atan vüsalın əllərini buraxmayanda  gücü özünə çatır sevənin:

 

Sən gedəli

neçə yarımçıq şeirin

boynunu vurdum,

Neçə həsrət sətir-sətir yıxıldı gözümdən…

Yatağımda dar ağacı qurdum,

Asdım özümü alın yazımdan…

 

“Sabaha çıxmağa bircə ovuc ömrü qalsa” belə  sevginin qoruyucu mələyi missiyasına sadiq  Aysel xanım, “O” gedəli boğulsa da, “O”nun qollarına gedən yolların döngəsində düyün düşsə” də  “ən gözəl şəklini geyib “O”nun yollarını nigaran baxılarla işıqlandıracaq ki, gəlsin. Gəlib çıxmasa:

 

Mən öləndə çox ağla,

Ağla, üzülmə amma…

Ürəyindən sevgini

Üşüyərsən, soyunma!

 

Sevgi və mərhəmət bir-birindən ayrılmayan əkiz bacılarmış…

“Sən gəldin…”. Bu xəbərin ovqatının ancaq sevincə kökləndiyinə şübhə edənlər çətin tapılar. Mən isə “sən gəldin…” sevincinin gur səsini yox, vüsalla həsrətin bir-biriylə mübhəm pıçıltısını eşidirəm. Onlar hansının Aysel xanıma daha doğma olduğunu sübut etməyə çalışırlar. “Həsrətin araya dağ-dərə atdığı” (Əli Kərim) bir əsrarlı “gecədə uzaqlardakı əllərin tumarı saçlara axanda, son şeiri son nəfəstək yazmamış, söz içində ölməmiş”:

 

Gözlərimdə qayıq oldu həsrətin,

Boğulanda tutub çıxdım naəlac.

Bu dünyanın hər nəyinə tox ruhum,

Təkcə sənin saf eşqinə acdı, ac,

Mən acından öləcəkdim,

sən gəldin…

 

Aysel Səfərlinin özü və “təhhalığı gecələrin sinəsinə qısılıb” rənglərin diliylə həsrət tablosu çəkir:

 

İslat nəm saçlarını fırçanın, sözə batır,

Yarat portretini qucağımda təkliyin…

 

Elə isladıb ki, məni bu həyat,

Ehtiyac qalmayıb daha çətirə.

 

Xəlil Cübran deyirdi ki, poeziya – sadəcə gözəl söylənmiş bir fikir deyil, o, qanayan yaranın  və ya gülümsəyən dodaqların  nəğməsidir. Qanayan yaranı sağaldan, dodaqları təbəssümlə sevindirən, həsrəti ərköyün balası kimi qoynuna alıb dilə tutan da, vüsala qollar açan da sözə könül verənlərdir. Aysel Səfərli də ilahi sözə “sən gəldin…” deyən söz aşiqidir…

 

VAQİF  OSMANOV.

                                                                                                          08.02.2022.

 

Share: