Atıcılıq idmanı üzrə dünyada son 5 ilin ən böyük oyunu Bakıda davam edir.
“Qafqazinfo” xəbər verir ki, dünya çempionatının bugünkü final yarışları 25 metr məsafəyə tapançadan atəş üzrə qadınların mübarizəsi ilə başlayıb.
Yarışın qızıl medalına 40 xalla Almaniya təmsilçisi Doren Vennekamp sahiblənib. Ukrayna isə yığması dünya çempionatında ilk medalını əldə edib.
Belə ki, ukraynalı Olena Kosteviç 31 xalla öz komandasına gümüş medal qazandırıb. 25 xalla bürünc medala yiyələnən Latviya atleti Aqate Rasmane komandasının bu dünya çempionatında ilk uğuruna səbəb olub.
Bu yarışda finala düşmüş Latviya, Tailand, Cənubi Koreya və Tayvan komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiadasında iştiraka lisenziya qazandırıblar.
***
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafədə pnevmatik tüfəngdən atəş açma yarışlarında qızıl medal qazanan Doreen Vennekamp bu növdə 2023-cü il üzrə ən yüksək reytinqə malik olan atletdir.
Dünya rekordçusu olan idmançı yarış haqda təəssüratlarını bölüşüb:
“Finala kimi hər şey mənim üçün yaxşı oldu. Həlledici yarışda isə istəyimə çata bildim. Gördüyünüz kimi, medal boynumdadır. Ukrayna təmsilçisi Olena Kosteviçlə aramızda çox yaxşı rəqabət oldu. O, finalın gedişində önə keçə bildi. Bu, təsadüf deyildi. Olena olimpiya medalları qazanan çox güclü idmançıdır. Diqqətimi toplayıb sona yaxın bir neçə sərrast atışla onu keçə bildim”.
28 yaşlı atıcı iddialı danışaraq birinci pilləyə layiq olduğunu bildirib:
“Qızıl medal mənim üçün sürpriz olmadı. Çünki, reytinqdə birinci sıradayam. Yarışdan qabaq Olena mənə yaxınlaşıb dedi ki, məğlub edilməzsən, bunu göstər. Final göstərdi ki, mən həqiqətən birinci yerə layiqəm”.
***
Pnevmatik tüfəngdən 50 m məsafəyə 3 mövqedən atəş üzrə kişilər arasında yarışda Avstriya təmsilçisi Aleksander Şmirl qızıl medal qazanaraq atıcılıq üzrə dünya çempionu tituluna yiyələnib.
Çexiyalı Pyotr Nimburski 459.2 xalla gümüş medal sahibi olub. Yarışın bürünc medalı 450 xal toplayan hindistanlı Akhil Şeorana çatıb. Hindistanlı oyunçunun öz ölkəsinə olimpiya lisenziyası qazanmasını Beynəlxalq Olimpiya Komitəsi də xəbər edib. “Paris-2024”-ə digər lisenziyaları öz ölkələrinə Avstriya, İsveçrə və Finlandiya atletləri qazandırıblar.
***
Dünya çempionatının rəsmisi: “Azərbaycan hər zaman möhtəşəm evsahibliyi ilə diqqət çəkib”.
İSSF-in stend atıcılığı üzrə texniki nümayəndəsi Abdullah Əli Əl Motava Əl-Hammadi yarışla bağlı təəssüratlarını bölüşüb.
Qurumun Qətərdən olan rəsmisi təşkilatçılıqla bağlı yüksək fikirlər səsləndirib:
“Bura mənim üçün çox doğmadır. Azərbaycana İslam Həmrəyliyi Oyunlarında, həmçinin, ötən il dünya kubokunda gəlmişdim. Azərbaycan hər zaman möhtəşəm evsahibliyi ilə diqqət çəkib. Bu dəfə də həmçinin. Açılış mərasimindəki gözəlliyi hər kəs gördü. Atıcıların rahat hazırlaşması və atəş açması üçün hər cür şərait yaradılıb. Mükafatlandırma mərasimi də qonaqların ürəyincə təşkil olunur. 100-dən çox ölkədən 1200-dən çox atıcı cəlb olunub ki, bu da dünya çempionatının möhtəşəmliyindən xəbər verir.
Əl-Hammadi dünya çempionatındakı uğurlu çıxışla “Paris-2024” Olimpiya Yay Oyunlarına lisenziya qazanmaq istəyən azərbaycanlı atletlərlə bağlı bunları deyib:
“Azərbaycanlı kişi və qadım atıcıların yüksək səviyyədə olduğunu və yüksələn xətt üzrə inkişaf etdiklərini bilirəm. Hazırda dünya çempionatında elit idmançılar çıxış edir. Adından da göründüyü kimi, dünyanın ən güclü atletləri burada cəmlənib. Dünya çempionatı yerli atıcılar üçün yaxşı təcrübədir. Ümid edirəm ki, növbəti yarışlarda medal sıralamalarında Azərbaycandan olan atıcıların da adlarını görəcəyik”.
***
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. Bu gün kişilər 50 metr məsafəyə 3 mövqedən atəş açma yarışı keçirilib. Sözügedən kateqoriyada Avstriya təmsilçisi Aleksandr Şmirl qalib olub.
O, mükafatlandırma mərasimindən sonra müsahibə verib. 33 yaşlı atlet əvvəlcə təəssüratlarını bölüşüb:
“Bu gün mənim çox gözəl gündür. Təsnifat mərhələsində istəyimə nail olub, finala vəsiqə qazandım. Medallar uğrunda mübarizə aparan səkkiz idmançının hər biri çox güclü və peşəkar idi. Bütün diqqətimi yarışa və öz çıxışıma yönəldə bildim. Nəticədə istəyimə nail olaraq qızıl medal qazandım.
– Bu, Azərbaycana neçənci səfərinizdir və təəssüratlarınız necədir?
– Bura 8-ci gəlişimdir. Azərbaycanda ilk dəfə 10 il bundan əvvəl olmuşam. Hər gəlişimdə paytaxtınızda dəyişiklikləri görürəm. Bakı zaman keçdikcə daha da gözəlləşir. Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub. Bakı Atıcılıq Mərkəzi çox mükəmməldir. Burada yarışmaq xoşuma gəlir.
– Qızıl medalı kimə həsr edirsiniz?
– Bu medalı məni dəstəkləyən, yanımda olan və ən çətin anımda qələbəyə təhrik edən hər kəsə həsr edirəm.
– Təsnifat mərhələsində dəqiq atışlarla yadda qaldınız. Finalda da eyni formada çıxış etdiniz. Bu, çox nadir hallarda olur. Adətən fərqli nəticələr qeydə alınır. Buna necə nail oldunuz?
– Haqlısınız, mən təsnifatda yaxşı çıxış etdim. Bundan sonra final üçün diqqətimi toparlamağa çalışdım. Əsas mərhələ çox da çətin olmadı. Çünki startdan yaxşı xal topladım və sona qədər bu cür davam etdim.
– “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandınız. Bu barədə nə düşünürsünüz?
– Əvvəlki illərdə olimpiadalara qatılmaq yönündə şanssızlıq yaşamışdım. Buna görə lisenziya qazanmamışdım. Çox şadam ki, Paris-2024-də iştirak edə biləcəyəm. Amma mənə görə ən böyük nailiyyət dünya çempionu olmaqdır.