Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
DSX-dən Publika.az-a verilən məlumata görə, bu gün saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunub. Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərəfindən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İslam Respublikasının Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dərhal məlumatlandırılıb, İİR sərhəd mühafizə orqanları tərəfindən həmin istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.
Görülmüş tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanıb və təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulub. Araşdırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rahil Məsim oğlu olması müəyyən olunub.
Həmin ərazinin yoxlanılması nəticəsində 1 ədəd AKM-74 silahı, 1 ədəd patron darağı, 7,62 mm-lik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkar olunaraq götürülüb.
Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.