Azərbaycanlılar pul xərcləməkdə çox əliaçıqdırlar, bunu elə restoran, butik, market və şadlıq evlərinin sayının çoxluğundan da görmək olar. Adi məişət texnikasını belə kreditlə alan istehlakçıların borc yükü ümumi kredit portfelində 44 faizə yaxınlaşıb. Xərclərini planlaşdırmadan “ən yaxşısını, özü də bu gün almalıyam”, deyən orta statistik azərbaycanlının aldığı əmək haqqı ayın sonuna təbii ki çatmır, sərmayə qoyaraq biznes açan sahibkarlar xərclərini düzgün planlamadığından “bankrot” olur. Buna görə də yəhudilərin bir deyimi yerinə düşür: Pulu qazananda deyil, xərcləyəndə qazanırsan!
Qeyri-sistematik xərcləmə dinamikası var
Tədqiqatlar göstərir ki, azərbaycanlıların ümumiyyətlə, yığım səviyyəsi aşağıdır, xərclər gəlirlərə nisbətdə daha çoxdur. Qeyri-sistematik xərcləmə dinamikası var, düzgün seçim etmək bacarığı zəifdir, daha çox irrasional istehlakçı davranışı özünü göstərir. Biznesdə isə məhsulun istehsalından tutmuş qablaşmasınadək bütün məsələrə fikir verən biznesmen hazır olanda malına satış bazarı tapmır, çünki əvvəlcədən bazar araşdırması aparmayıb və tələb, təklifi bilmir. Və yaxud da xərclər smetasını düz qurmadığından yatırdığı vəsaiti belə götürə bilmədən “bankrot” olur. Bunun qarşısını almaq üçün ən kəsərli vasitə insanların maliyyə savadlılığını yüksəltməkdir. ABŞ-ın Federal Ehtiyatlar Bankının sabiq sədri Alan Greenspan deyir ki, maliyyə savadlılığı insanlara ailə büdcəsinin formalaşdırılması, yığım mədəniyyətinin artırılması və vacib investisiya qərarlarının verilməsi üçün zəruri bilikləri aşılaya bilər.
Avropa İttifaqı tərəfindən maliyyələşən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi (ADSMİRRA) rayonlarda yaşayan əhalinin, kəndli sahibkarların büdcə ilə işləmək, xərclərini düzgün idarəetməsinə hədəflənib. Layihə çərçivəsində 412 nəfər təlimlərdə iştirak edib. Maliyyə savadlılığı təlimlərindən uğurla keçən 140 nəfər seçilib və onlar biznes planlarını işləyiblər.
Təlimlər çox maraqlı və düşünməyimiz üçün ciddi nəticələr ortaya qoyub. Belə ki, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) İqtisadi zonalarını əhatə edən bu təlimlərdə yaddaqalan ən populyar mesaj bu olub ki, pulu “qara gün” üçün deyil, daha optimist düşünərək, gələcək planlar üzrə yığmaq lazımdır.
Xərclərlə bağlı ən geniş yayılmış səhvlər
Azərbaycanlıların çoxu aylıq xərc və gəlirlərindən məlumatsızdır, pis vərdişləri izafi xərclərə yol vermək, borclanmaqdır. Əslində, büdcəyə uyğun olaraq mal və xidmətlərdən istifadə etmək lazımdır, gəlirlər xərclərin təyinatına görə bölüşdürülməlidir. İdeal büdcə isə artımlı büdcədir və burada gəlirlər xərcləri üstələyir. Kəsirli büdcədə isə xərclər gəlirlərdən daha çoxdur.
Maliyyə savadlılığı təliminin əsas məqsədi ailə və biznes büdcəsinin düzgün idarə edilməsidir. Layihənin rəhbəri Sevinc Rüstəmovanın sözlərinə görə, son illərin təcrübəsi göstərir ki, artıq borclanma həddən yüksək səviyyədədir və bu da əhalinin əlindəki mövcud resursları, maliyyə alətlərini düzgün idarə edə bilməməsindən qaynaqlanır:
“Düşünülməmiş kreditlərin götürülməsi nəticəsində borclanma ən böyük nöqsanlardan biridir. Layihə çərçivəsində iştirakçılarda qənaət vərdişlərinin yaradılmasına çalışırıq. Harda pulun israfçılığına yol verməmək lazımdır, ailəmizin və biznesimin lazımsız xərcləri hansılardır, bunları aşkar etmək və aradan qaldırmaq əsas hədəflərdir. İkinci hədəf kreditlərlə bağlıdır, bilirsiniz ki, son illər kreditlər götürülür və onların qaytarılmayan hissəsi faiz etibarilə yuxarı olaraq qalır. Kredit borcunun ehtiyacdan və ya istəkdən qaynaqlandığı əsasdır, çünki krediti götürmək nə qədər vacibdir, sualı ortaya çıxır. Gecikmələri araşdırarkən məlum olur ki, bu heç də ehtiyacdan irəli gəlmir”.
Əgər oxucularımız arasında qabyuyan, soyuducunun bahalısını kreditə almaqla “qabağa düşdüyünü” güman edənlər varsa, sizi kədərləndirəcək xəbər olsa da, deməliyik ki, bu belə deyil.
Onsuz da həmin pul sizin gəlirinizdən çıxılır, amma kreditsiz daha ucuz ala bilərsiniz. Sadəcə sistemli şəkildə yığım mümkün olsaydı, izafi xərclərə yol verməzdi.
Hüzr mərasimləri üçün kredit götürürlər
Maliyyə savadlığı təlimlərində əsas mövzulardan biri fövqəladə hadisələrə hazırlıqdır. Xəstəlik, işdən çıxma, nəyinsə sınması, bu zaman əksər hallarda insanlar banklardan borc götürməyə qaçırlar. Yanğın, qəza hadisələri bir yana, hüzr mərasimləri üçün kredit götürürlər. Əslində, reklam çarxlarında göstərilən faizlər “tək deyil”, kreditin nominal faiz, effektiv faiz dərəcəsi mövcuddur və faktiki faiz dərəcəsinin hesablanması zamanı daha yüksək borc yarandığı ortaya çıxır. Banklar öz xidmətlərini təklif edirlər, ancaq onu almaq məcburi deyil. Yalnız tez bir zamanda pul əldə etməyi düşünərək bankların qapısını döyən borcalan isə onun ödənişini, kredit müqaviləsini tam oxumur, şərtlər tam aydın olmadan imza atırlar.
“Razıyam ki, bu gün banklar 5 səhifəlik müqaviləni 2 səhifəyə sığışdırırlar, nəticədə kiçik şriftlə olduğundan şərtləri oxumaq da mümkün deyil. Təlimdə izah edirik ki, tələb etsinlər, müqaviləni iri şriftlə çap etsinlər, şərtləri tam başa salsınlar. Dollar krediti ilə bağlı araşdırmalarda gördük ki, kredit alanlar heç borclarının dollarla rəsmiləşdirildiyini belə bilməyiblər. Bu cür nüansları başa salırıq ki, qərarlarını süzgün versinlər və kredit götürməyə ən son çarə kimi baxsınlar. Halbuki, büdcə düzgün bölüşdürülsə, kreditə heç ehtiyac yaranmaz”, – deyə Sevinc Rüstəmova bildirib.
Biznesdə bir çoxlarının problemi büdcənin düzgün idarəedilməməsidir. Xüsusən də bizneslərdə istənilən maliyyə çatışmazlığını bağlamaq üçün yeganə çarə kimi kredit götürmək dəbdədir.
S.Rüstəmovanın sözlərinə görə, qənaət vərdişləri isə ümumiyyətlə, yoxdur. “Hansı yolla qənaət edə bilirsiniz?” sualına cavab verən yaxşı bir uğur hekayəmiz olmasa da, insanlar nə öyrəndiklərini bizimlə paylaşdılar.(oxu.az)