Bu günkü hədəfim tanınmış şairə Şəfəq Sahibli yaradıcılığına tuşlanır. Onun yaradıcılıq sujetinə dair şeir nümunələrinə müraciət edirəm. Müasir dövrümüzdə yaşayıb, yaradan qələm dostlarımızdan olan Ş. Sahibli yaradıcılığına xüsusi diqqətimi yönəldərək, “Düşmən əlimi sıxır, dost ürəyimi” adlı şeirlər toplumuna nəzər salıram. Kitabı yarpaq- yarpaq vərəqləyirəm, diqqətimi çəkən şeir nümunlərini nişanlayıram. Və onu da qeyd etmək istəyirəm ki, sözü gedən kitabın ön sözünü qəlbimizdə yaşayan, sevimli şairimiz Musa Yaqub yazmışdır.
“Sevgi yaşantıları” başlığı altındakı ön sözdə Azərbaycan Respubliksının Xalq şairi Musa Yaqub belə söyləmişdi: - “Ən yaxşı cəhət odur ki, şairə könlünün susuz səhrasında çiçək bitirə bilir. Şəfəqin şeirlərində lirik göynəltilər, gileylər, iztirablar, etiraflar poetik məna tapa bilir”
Bəli, məhz bu fikirdən başlamaq istəyirəm, onun şeirlərində duyğularının boyuna biçilən həsrət, ürəyini sıxan kədər, yaşantısını sıxıntıya salan iztirablar yer alır. Bəli, bu doğrudan da belədir. Mənə elə gəlir ki, şair məhz ağrıdan, əzabdan doğulur. İztirab və kədərlər şairin qəlbini çuğlamasa şeir doğulmur. Doğulsa da, sevilmir. Düzdür, sevincdən yaranan və yazılan şeirlər də silsilə şəklində boy alır. Lakin Şəfəq Sahiblinin “Düşmən əlimi sıxır, dost ürəyimi” adlı kitabı nədənsə qəmli notlara köklənib. Müəllif hadisələrin qaranlıqda cərəyan etdiyini qeyd etsə də, düşüncələrinin isti havasına həvəs göstərməyib. Şairə yazır;
Boyun əymə,
bu qaranlıq aləmdə.
İtib batar istəklər
sorulmayan hesabın zamanında.
Şairənin müəllif mövqeyində mənəvi hisslərin üsyanı baş qaldırır. Həyatında əlamətdar rol oynayan bədii fəlsəfi baxışları şairənin həyat yolunu müəyyənləşdirir. Şairənin digər ədəbi mövzularında da kəskin münasibətlər özünü büruzə verir.
Şeirlərində Allaha yaxın olmaq, Tanrısı ilə həm söhbət olmaq onun şair təxəyyülünün məhsuludur. Onun Allaha inamında bir sevgi bütövləşir və yazır; “Kimi özündən, kimi sözündən asıb özünü, gedir üzü Tanrıya doğru”. Şeirləri isə bir-biri ilə təzadlıq yaratmır. Onun “Tanrım” şeirində ;
Mənə səbr ver Allahım,
bu eşq
məni yaşatmayacaq.
…Sənə yetmək üçün ağlayır həsrətim də
- deyən şairə duyğularının selində çırpınır. Bitkin ruhun çərçivəsində şeirlərinin sujet xəttini müəyyənləşdirməyi bacarır. Onun bu üstün keyfiyyəti sayəsində yaran ədəbi-bədii nümunələr ədəbiyyatımızın dəyərli nümunələri sırasında yer tuta bilər. Şairənin etiraf xarakterli yazı nümunələri onun avtobioqrafik ədəbi üslubudur. Kitabda yer alan qısa, yığcam, lakonik ifadələr mənaca tutumludur. Qısa fikirlərin məzmununda fikiri ifadələnmişdir. “Səndən sonra” şeir nümunəsi buna subut olaraq;
Qəmli-qəmli qağayılar sahillərdə uçuşar.
Bir qız xəyalı ilə liman boyu dolaşar.
Ulduzlar gözlərindən yuxularını dərər,
səssiz-səmirsiz
Könül canda inləyər - söyləyən Ş. Sahibli fikrini qısa həcmində tamamlayib. Onun etiraf şeirləri də məhz bu silsilədəndir. Dövrün çətin ədəbi mühitində oxucu zövqünü oxşamağı bacaran şairəni yadda qalan şairə kimi səciyyələndirmək lazımdır.
İstənilən fikri bizə ədəbi məzmunda təqdim etmək üçün şairə heca və sərbəst şeir növlərindən istifadə edir. O, yaradıcılığında ikili yer tutmur, mənəvi saflıq və səmimiliklə fikirlərini oxucuya çatdırır. Belə ki,”Kiçilmə, qadın” şeirində iradəsini toplayıb və qadın varlığını ucaltmaq, qadın ağlını dəyərləndirmək niyyətindədir. Adı şəkilən şeiri yüksək ədəbi keyfiyyətdə təqdim etmək üçün qələminə müraciət edərək;
…Aç ürəyinin pərdəsini
görünsün o üzü.
yandırsın görəni
Ürəyinin közü.
kiçilmə Qadın
kiçilmə ana…
-söyləyən şairə səmimi duyğularını ədəbi düşüncələrə hopdurub. Onun səmimiyəti və duyğuları paraleləşir. Və bəzən də sükutun içərisində haqqını arayır; -“ Dərdim bir-ikimi, daladı yedi içimi, Kimi kimin haqqını. mən də yedim içimi” – deyən Şəfəq xanım nəhayətində düşüncələrinin selini vəhdətləşdirir. Onun müasirləri arasında fərqləndirən cəhətlərdən biri də qarşısındakı uçrumu uzaqdan görməsidir. Bu anlamda yazır;
“Həyat oyunlarına,
könül qurbanlarına
sevgi ünvünlarına
uçaraq gedənləri
hər an ağlar gördüm.” və yaxud;
Duyğularını yüksək ədəbi formada ifadə edə bilmək istedadı şairə Şəfəq Sahiblini ədəbiyyatımızın orta məxrəcində saxlamaq iqtidarındadır. Necə deyərlər, arzusu saf, niyyətli xoş. Özünün yazdığı kimi;
Günlərim arzum kimi,
Çəkisiz. boyasız!
Qələmə aldı: Mətanət Ulu Şirvanlı.